Ermənistan silahlı qüvvələrinin bölmələri yenə Azərbaycanın Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır. Bunu əks etdirən görüntülər “Caliber”də paylaşılıb.
Videoda dörd "KamAZ” markalı hərbi maşın, həmçinin, döyüş sursatları daşıyan iki "KamAZ” markalı avtomobilin hərəkəti aydın görünür.
Ermənilərin bu fəallaşmasını necə dəyərləndirmək olar?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın son addımları, xüsüsilə də öz ərazisindəki hərbi texnikanı Laçın istiqamətində cəmləməsi həmin ölkənin Qarabağdakı separatçı rejimə açıq dəstəyi kimi dəyərləndirilə bilər: “Son vaxtlar Ermənistan bir neçə istiqamətdə fəallaşıb. Biri informasiya cəbhəsidir ki, orada saxta “blokada” şousu yaradırlar. Güya ermənilərin Qarabağda aclıqla üz-üzə qaldıqlarına dair rəy formalaşdırmağa cəhd edirlər. Digər tərəfdən isə artilleriya qüvvələrini və birinci eşelon qoşunlarını şərti sərhədə toplayır. Ermənistanın bu addımı həm də ehtiyatdan, bizdən çəkinməkdən irəli gəlir. Onlar hesab edirlər ki, hər an Azərbaycan sərt addımlar ata bilər. Buna görə də, özlərini belə görüntüləri yaratmaqla sığortalamağa çalışırlar. Çünki indiki güc nisbətinə görə Ermənistan ordusu Azərbaycana yönəlik hər hansı əməliyyatı həyata keçirmək iqtidarında deyil. Ermənistanın siyasi rəhbərliyi bunu hamıdan yaxşı bilir. Belə sürətli silahlanmaya davam etsələr, ən yaxşı halda 3-5 ilə özlərini 44 günlük müharibəyə qədərki vəziyyətə gətirə bilərlər. Təbiidir ki, Azərbaycan ordusu da yerində saymır. Biz də ordunun daha da gücləndirilməsi istiqamətində bütün lazımi addımları atırıq. Birmənalı şəkildə deyə bilərəm ki, Ermənistan tərəfinin bizə qarşı hər hansı hərbi əməliyyatı həyata keçirmək kimi çəsarəti yoxdur. Buna baxmayaraq, onlar sülh sazişindən yayınmaq üçün atəşkəsi pozurlar. Belə gərginliyi yaradırlar ki, öz tərəfdarlarına Ermənistanın sülhə hazır olmadığına dair görüntü yaratsınlar. Bizim üçün narahatlıq doğuran məsələ Qarabağda olan terrorçu tör-töküntüləridir. Bu istiqamətdə biz mesajlarmızı vermişik. Əgər silahı yerə qoymasalar, sərt addımlar atmalı olacağıq. Yəni ermənilərin bu fəallaşmasını sırf müharibəyə hazırlıq kimi dəyərləndirə bilmərik. Onlar bu yolla həm də Qarabağda bizim aparacağımız antiterror əməliyyatını neytrallaşdərmağa çalışırlar. Amma bilməlidirlər ki, Azərbaycan üçün “qırmızı xətt” sayılan bu cür məsələlərdə qəti güzəşt ola bilməz”.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bu məqamlar öz əksini tapıb: “Son həftələrdə beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib".
Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.
Məhəmmədəli QƏRİBLİ