ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq müşaviri Brüs Feyn qondarma “erməni soyqırımı” ilə bağlı açıqlama verib.
Fein bildirib ki, erməni iddialarının yalan olmasını sübut edən faktlardan biri Birinci Dünya Müharibəsinin bütün aktyorları arasında arxivini açmaqdan imtina edən yeganə ölkənin Ermənistan olmasıdır.
"Türkiyə açdı, Fransa, Almaniya, Rusiya, İngiltərə, ABŞ açdı... Arxivlərini yalnız Ermənistan gizli saxlayır. Bu vəziyyətdə təbii olaraq ortaya belə bir sual çıxır: Nə gizlədirsən, Ermənistan?" - Fein deyib.
Ermənistanın qurban olduğunu sübut etmək üçün hətta sənədlərini hamı ilə paylaşmalı olduğunu bildirən Fein, "Qurban olduğuna bu qədər inanırsansa, əlindəki sənədləri hamı ilə paylaşmağa ehtiyac yoxdurmu? Türkiyə əleyhinə dəlil tapmaq üçün belə bunu etməlisən... Amma yox, dəlil tapmırlar”.
Fein Osmanlı İmperiyasındakı bütün etnik və dini azlıqların türklərlə bərabər hüquqlara malik olduğunu deyib: "Yunanlar, kürdlər, çərkəzlər, ərəblər, ermənilər Osmanlı İmperiyasında yüksək səviyyədə xidmət edirdilər. Birinci Dünya Müharibəsində ermənilər vətənlərinə xəyanət edərək Osmanlının düşmənlərinə qoşuldular. Ermənilər Qafqaz cəbhəsində ruslarla birlikdə Osmanlıya qarşı vuruşdular. Onlar türk və gürcü kəndlərini talayıb, sakinlərini qətlə yetiriblər.
Bizim araşdırmalarımız zamanı türklər öz arxivlərini açdılar, erməni tərəfi arxivlərini göstərməkdən imtina etdi. Məncə, bu arxivlər açılsa, bütün həqiqətlər üzə çıxacaq. Sonra ermənilər bütün dünyadan, xüsusən də türklərdən üzr istəməli olacaqlar”.
Tahir TAĞIYEV