Müasir dünya ordularının ən böyük problemlərindən biri intihar epidemiyasının geniş yayılmasıdır. Bu problem dünyanın ən güclü ordularından da yan keçməyən qlobal tendensiyadır. Psixoloji stress, depressiya, hərbi qulluqçuşar arasında nizamnamədən kənar münasibətlər (dedovşina), şəxsi həyatda problemlər, maliyyə problemləri və s. bu intiharların əsas səbəbləri olaraq göstərilir. Bu günlərdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Rusiya ordusu barədə açıqlama verib. Onun sözlərinə görə, müharibə başlayandan bəri rus zabitləri arasında intiharların sayı xeyli artıb. Bunun əsas səbəbi isə qorxudur.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Maraqlıdır, müharibə başlayandan bəri rus hərbçiləri niyə intihar edir?
"Ukrayna müharibəsi ilə bağlı gələcəyin naguman olması, prosesin nə zaman bitəcəyi ilə bağlı təsəvvürlərin olmaması Rusiya hərbçiləri arasında psixoloji durumun pozulmasına səbəb olur"
Siyasi şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, rus ordusunun döyüş potensialı mövcud deyil. Rusiya əsgəri nə uğrunda döyüşdüyünü bilmir: "Məlumdur ki, Ukrayna ordusu öz vətənini qoruyur. Ancaq Rusiya ordusu komandanlıq tərəfindən verilmiş tapşırıqları məcburi şəkildə icra edir. Bu səbəbdən də Rusiya ordusu arasında hərc-mərclik, komandanlıq arasında dedi-qodunun olması, həmçinin vahid komandanlıq sisteminin işlək olmaması problemin görünən tərəfləridir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar Rusiya zabitləri arasında koordinasiyanın zəifləməsi hiss edilir. Ordudakı vəziyyətin uyğunsuz olması Rusiya hərbçilərini intihara sürükləyir. Həmçinin, Ukrayna müharibəsi ilə bağlı gələcəyin naguman olması, prosesin nə zaman bitəcəyi ilə bağlı təsəvvürlərin olmaması Rusiya hərbçiləri arasında psixoloji durumun pozulmasına səbəb olur. Təbii ki, bu kimi amillər Rusiya ordusunda intiharın artmasına səbəb olur.
Günel CƏLİLOVA