Bildiyimiz kimi, Qərbi Azərbaycan İcması BMT-nin İnsan hüquqları üzrə Ali Komissarına müraciət edib. "Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməli, qayıdış hüququmuz təmin edilməlidir. Qərbi Azərbaycan İcması bu yaxınlarda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə ünvanladığı məktubda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində insan hüquqlarının miqyaslı şəkildə pozulması və Ermənistanın qovulmuş azərbaycanlıların öz evlərinə qanuni şəkildə qayıtmasına mane olması barədə məlumat vermişdir. İcma Ali Komissarı bu insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləmə, zorakılıq, mədəni-tarixi irsin məhv edilməsi və qovulanların təhlükəsiz geri qayıtmasına mane olanların məsuliyyətə cəlb olunması istiqamətində səylər göstərməyə çağırıb. İcma həmçinin beynəlxalq ictimaiyyətin diqqətini sözügedən insan haqları pozuntulara cəlb etmək və məsələnin BMT-nin İnsan Hüquqları Şurasının müzakirəsinə çıxarılması üçün Ali Komissarın dəstəyini xahiş edib”deyə müraciətdə qeyd edilib.
Qeyd olunur ki, azərbaycanlıların Ermənistandan zorla qovulmaları və Ermənistanın onların tarixi vətənlərinə geri qayıtmasına imkan verməməsi, aşağıda göstərildiyi kimi, çoxsaylı fundamental insan hüquqlarının kobud şəkildə pozuntusudur.
Söhbət ayrıseçkiliyə məruz qalmamaq hüququ, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmama hüququ, məcburi şəkildə yoxa çıxmadan müdafiə hüququ, vətəndaşlıq hüququ, effektiv hüquqi müdafiə vasitələri hüququ, ailə həyatına hörmət hüququ, uşağın ən yaxşı mənafeyi prinsipi, təhsil və işləmək hüququ, mülkiyyət hüququ, adekvat mənzillə təmin olunmaq hüququ, mədəni hüquqlar, qayıtmaq hüququndan gedir.
Müraciətdə həmçinin “...Biz, həmçinin, Sizi Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların hüquqlarının pozulması, xüsusilə onların ölkədən qovulması və təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququndan məhrum edilməsi hallarının aradan qaldırılması üçün informasiya mübadiləsi, hesabatların hazırlanması, ictimai vəkillik fəaliyyətinin aparılması və birgə iştirakın təşviq edilməsi ilə müvafiq xüsusi mandat sahiblərini tədbir görməyə təşviq etməyə çağırırıq. Sizin məsələyə müdaxiləniz qovulmuş azərbaycanlıların məruz qaldıqları dərin haqsızlıqların aradan qaldırılmasında, son nəticədə onların əzəli insan hüquqlarının və ləyaqətinin bərpasında mühüm rol oynayacaqdır“-deyə bildirilir.
“Qərbi azərbaycanlıların bütün hüquqlarının, ö cümlədən də qayıtmaq hüququnun bərpa ediləcəyinə ümid edirəm”
Qərbi Azərbaycan İcmasının BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciətin mütləq mənada müsbət nəticələnəcəyini deyən “Müasir İnkişaf” Birliyinin sədri Mübariz Göyüşlü baki-xeber.com-a “Qərbi Azərbaycan İcmasının fəallığını çox müsbət qiymətləndirmək olar. Əvvəlcədən deyim ki, icmanın beynəlxalq platformalarla əməkdaşlıq siyasəti çox yüksək səviyyədə qurulub və icma indiyə qədər saysız müraciətlər edib. İcmanın Qərbi Azərbaycan türklərinin hüquqlarının Ermənistan tərəfindən pozulduğunu beynəlxalq gündəmə daşıması çox böyük əhəmiyyət kəsb edir. İnanıram ki, bu çalışmalar nəticəsində Ermənistan Qərbi azərbaycanlılara qarşı törətdiyi zülmün, deportasiyanın, hərtərəfli hüquq pozuntusunun, aqressiyanın, insan ləyaqətini alçaldan davranışların və bunun kimi bir sıra məsələlərin cavabını verəcək. Qərbi azərbaycanlıların bütün hüquqları Ermənistan tərəfindən pozulub. İcmanın BMT-nin İnsan hüquqları üzrə Ali Komissarına müraciəti nəticəsində Qərbi azərbaycanlıların bütün hüquqlarının, ö cümlədən də qayıtmaq hüququnun bərpa ediləcəyinə ümid edirəm. Azərbaycanlıların hüquqları bərpa edilərsə biz o zaman bu beynəlxalq qurumun ədalətinə inanarıq. İcma faktlarla göstərib ki, ora tarixi Azərbaycan ərazisidir və soydaşlarımızın tarixi vətənidir, bu gün onlar qayıtmalıdırlar”-deyə bildirdi.
M.Göyüşlü vurğuladı ki, biz öz tarixi torpaqlarımıza dinc və ləyaqətli şəkildə qayıdacağıq, öz evimizə, elimizə, bizə məxsus olanlara yenidən sahib olacağıq. Azərbaycan haqlıdır və Ali Komissarlıq bunu qəbul etməlidir deyən M.Göyüşlü qeyd etdi ki, Azərbaycan ordusu güclü və qüdrətlidir, amma Qərbi azərbaycanlılar öz evlərinə dinc yolla qayıdacaqlar. Azərbaycan dövlətinin bütün beynəlxalq prinsiplərə, beynəlxalq hüquqa sadiq olduğunu qeyd edən M.Göyüşlü ümid edir ki, BMT-nin sözügedən təsisatı məktuba layiqli cavab verəcək. “İcmanın müraciətdə vurğuladığı bütün məsələlər gerçəyi ifadə edir və konkert faktlara söykənir, Ali Komissarlıq bu sənəddən çıxış edərək Ermənistana təzyiq göstərə bilər”-deyə M.Göyüşlü əlavə etdi.
İradə SARIYEVA