Separatçıların sözdə “lider”i Araik Arutyunyan “Cinayət, Cinayət-Prosessual və Mülki məcəllələrə” əlavələr və dəyişikliklər haqqında “qanun” “imzalayıb”. Bu “əlavə və dəyişikliklərə” əsasən, böhtan və təhqir cinayət məsuliyyətinə səbəb hal olacaq və zərərçəkmiş şəxsin şikayəti əsasında cinayət işi başlayacaq. Böhtan, başqa şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən qəsdən yalan məlumatların yayılması kimi məsələlər də cinayət əməli sayılacaq.
Separatçılar bu "qanunları" niyə qəbul ediblər? Niyə "qanun”a “əlavə və dəyişikliklər" edilib?
Araikin sözügedən “qanunu” “imzalaması” qətiyyən təsadüfi deyil. Bunu yaradan konkret səbəblər var. İlk növbədə Xankəndidəki ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaq üçün bu “addımı” atıblar. Şər və böhtanı cinayət məsuliyyəti yaradan hal hesab etməklə insanların əl-ayağını bağlayırlar. Bu, əhalinin arasında parçalanmanın, müxalif fikrin yaranmasının və s. halların qarşısının alınmasına yönəlmiş "tədbirdir". Separatçılar görürlər ki, yavaş-yavaş Qarabağda əhalinin fikri dəyişir, ermənilər başqa cür düşünməyə başlayır, ziddiyyətlər yaranır, artıq sepatçı liderlər də fərqli siyasət aparmağa başlayırlar, fikirlər yürüdürlər, belə işlərə əl atırlar.
“Araik bu “qanunu” “imzalamaq”la Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərə təzyiq göstərmək, onları “qanunla” cəzalandırmaq, “Vətən xain”i, “satqın” elan etmək niyyəti güdür”
İSBAM sədri Samir Adıgözəlli baki-xeber.com-a şərhində bildirdi ki, Araikin bu hərəkəti kənardan çox gülməli görünür. Separatçıların Qarabağda qalması qanunsuz olduğu kimi, onların “qəbul etdiyi” bütün “qanunlar” da qanunsuzdur. “Onlar orada özlərindən bir qondarma “parlament” “icad ediblər” və orada ağıllarına gələni edirlər. Sözdə “qanunda” “dəyişikliklər” etməklə əhali arasında özlərini “dövlət” kimi qələmə vermək istəyirlər. Ancaq son proseslər göstərir ki, sepratçı tör-töküntüsünün heç bir addımı özünü doğrultmur. Azərbaycan Prezidentinin son çağırışından sonra Qarabağdakı ermənilər arasında ciddi canlanma yaranıb və rəsmi Bakının mesajları onları separatçılardan qoparır. Bu gün Azərbaycan vətəndaşı olmaq üçün müraciətlər edənlər var. Araik də ermənilərin reinteqrasiyasının qarşısını almaq və onların Azərbaycan vətəndaşlığını qəbul etməsinə mane olmaq üçün bu cür qondarma “sənədlər”, “imzalayır”. Araikin “imzaladı”ğı adi bir kağız parçasıdır, heç bir hüquqi sənəd deyil. Araik bu “qanunu” “imzalamaq”la Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərə təzyiq göstərmək, onları “qanunla” cəzalandırmaq, “Vətən xain”i, “satqın” elan etmək niyyəti güdür”.
S.Adıgözəllinin sözlərinə görə, bu gün Xankəndidə aşkar şəkildə separatizmə qarşı çıxan, Araiki və onun özü kimi quldur dəstəsini qəbul etməyənlər var, buna görə də, “şər və böhtan” rıçaqındam istifadə edib onlara qarşı çıxanların əl – qolunu bağlamaq niyyəti güdürlər. “Araik ona qarşı çıxanları, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməniləri “şər-böhtan” “maddəsi” ilə zirzəmiyə saldıracaq, onlara ağır işgəncə verdirəcək. Separatçıbaşının məqsədi əhalinin gözünü qorxutmaqdır. Bu da onların sondan əvvəlki metodlarıdır. Bu metodlarla Bakıya üz tutan ermənilərin qarşısını kəsmək istəyir. Orada 25-30 min nəfər ola-olmaya, onların da hamısını tutandan sonra meydanda özü və qondarma “parlament”in daşnak “sədri”, quldur dəstəsi qalacaq. Araik bilir ki, getməklərinə az qalıb, odur ki, son çırpıntılarıdır. Məqsədləri zaman qazanmaq və separatçı qurumlarının varlığını qorumaq, öz niyyətlərini davam etdirməkdir. Amma bu uzun sürməyəcək və Azərbaycan dövləti onlara imkan verməyəcək. Artıq separatçılara yol görünüb”-deyə S.Adıgözəlli qeyd etdi.
İradə SARIYEVA