Kilikiya evinin (Livan, Suriya və Kiprin yunan hissəsindəki ermənilər) baş keşişi I Aram yenə də öz rolundadır. Antisülh təbliğatı ilə məşğul olan I Aram qondarma "Laçın dəhlizi" "probleminin həlli" üçün "çalışır". Bu dəfə də yanına İranı qoşub.
İranın Livandakı səfiri ilə görüşdə I Aram "Gözlənilir ki, İran Laçın dəhlizinin açılması üçün əlindən gələni etməyə davam edəcək. İran bizim üçün dost ölkədir..."-deyib.
I Aramın sözlərinə görə, bu səbəbdən də İranın "Laçın dəhlizinin" tezliklə "açılması" məsələsində bundan sonra da mümkün olan hər şeyi edəcəyi gözlənilir.
Erməni katolikosun artıq İranı da bu yalan, saxta kampaniyaya qoşduğu aydındır.
"Ermənilər göstərmək istəyirlər ki, Tehran rejimi separatizmi dəstəkləyir və separatçılığı müdafiə etmək üçün istənilən addımı atacaq"
Məsələyə şərh verən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent, BAO sədrinin müavini Faiq Ələkbərli "Bakı-Xəbər"ə bildirdi ki, İranla ermənilərin çox yaxın əlaqədə olduğu məlumdur və onlar hər zaman bir-birini dəstəkləyib. "Ermənilərlə farsların bu cür həmrəylik nümayiş etdirməsi birinci dəfə deyil. Harada türk varsa onlar orada belə həmrəylik göstərməyə davam edəcəklər. İran adlanan ölkənin "Laçın dəhlizi" məsələsində maraqlı olması təsadüfi deyil, çünki o özünün gələcəyini düşünür. İrandakı molla hökumətinin varlığı müəyyən mənada Ermənistanın taleyi, eyni zamanda separatçıların hələ də varlığını sürdürməsi ilə bağlıdır. Çünki onlar hesab edirlər ki, Azərbaycan Qarabağda erməni separatzminin kökünü birdəfəlik kəsərsə, Ermənistanın da Azərbaycan və Türkiyə ilə münasibətləri düzələrsə, o zaman İran üçün ciddi təhdidlər başlayacaq. Fars rejimi üçün Qarabağda erməni separatzminin qalması və Ermənistanın güclənməsi daha sərfəlidir, nəinki Azərbaycanın güclənməsi. Azərbaycan dünyəvi ölkə olmaqla yanaşı, müəyyən mənada bir islam ölkəsidir. Güney Azərbaycandakı soydaşlarımız Azərbaycan Respublikası ilə eyni mədəniyyəti, eyni ruhu, eyni qanı daşıyırlar. Ancaq fars molla höküməti üçün əsas önəmli olan nə islam dini, nə də Güney Azərbaycan türklərinin Azərbaycan Respublikası ilə soy, mədəniyyət, dil birliyi deyil. Onlar güney Azərbaycanın varlığını özləri üçün təhdid hesab edirlər.
Bu gün Zəngəzur dəhlizinin açılmaması üçün var gücü ilə çalışan molla rejimi "Laçın yolu"nun" açılması" məsələsində çox maraqlıdır, ermənilərlə həmrəydir. Ermənilər göstərmək istəyirlər ki, Tehran rejimi separatizmi dəstəkləyir və separatçılığı müdafiə etmək üçün istənilən addımı atacaq.
Bütün bunlar onu göstərir ki, molla rejimi üçün erməni separatçılarına qapı açılması daha önəmlidir, nəinki türk qapısının açılması. Ancaq fars-erməni birliyi, onların birgə təxribatı heç nəyi dəyişə bilməyəcək. Çünki Azərbaycan Zəngəzur dəhlizini də açacaq, Qarabağdakı separatçıları da zərərsizləşdirəcək və orada öz suverenliyini bərpa edəcək.
Bu baxımdan, I Aramla İranın Livandakı səfirinin Laçın yolu ilə bağlı sövdələşməsi nəticəsiz qalacaq. Laçın yolunun açılması üçün molla rejiminin apardığı qarayaxma kampaniyası iflasa uğrayacaq. "-deyə F. Ələkbərli vurğuladı.
Leyla QARAXANLI