Ötən gündən etibarən ermənilər arasında Araik Arutyunyanı “devirmək” çağırışları səsləndirilir. Bu barədə sosial şəbəkənin erməni seqmentində müraciətlər yayılıb:
“Qarabağda olan kişilərə sual var: nəyə görə blokadaya düşmənizə səbəb olan Araik və onun bütün xuntasını aradan qaldırmırsınız? Aylardır heç nədə günahı yoxmuş kimi gəzir. Ermənistandan heç kim gəlib sizin əvəzinizə Araiki devirməyəcək. Bunu istəsələr də, edə bilməzlər. Ancaq bacarsalar, Paşinyanı aradan götürərdilər. Əslində, Araiki xüsusi əməliyyatla aradan götürmək asandır. Bəs nəyi gözləyirsiniz?”
Bunlar ermənilərin real tələbidir, yoxsa növbəti oyunun tərkib hissəsi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağda separatçı liderlər - Ruben Vardanyan və Arayik Arutunyanın devrilməsinin zəruriliyi kimi mesajlar verilir: “Əvvəl bu yöndə çağırışlar Ermənistanın daxilindəki ziyalılar tərəfindən səslənirdisə, hazırda bu çağırışlar daha çox elə Qarabağın öz daxilindən edilir. Separatçılar bu yöndə çağırışları edənlərə qarşı təzyiqi gücləndirirlər ki, güya onlar erməni maraqlarını satır. Bu təbliğatı həm Qarabağda, həm də Ermənistanın öz daxilində aparırlar. Əslində, onlar sonlarının heç də yaxşı olmayacağının fərqinə varırlar. Sadəcə, öz bizneslərinin və var-dövlətlərinin qorunmasına lazımi zəmanət almadıqları üçün vəzifədən belə möhkəm yapışırlar. Faktiki olaraq, Arayik Arutunyan öz ailəsini Qarabağdan Ermənistana çıxarıb. Hazırda həm Vardanyan, həm də Arayik Arutunyan Qarabağdan qaçmaq üçün şanslar axtarır. Ancaq bunu etmək də onlar üçün asan deyil. Çünki hər ikisi barəsində Azərbaycanda cinayət işi var və onlar beynəlxalq axtarışa verilib. Elə ilk fürsətdəcə Azərbaycan hüquq-mühafizə orqanları onları yaxalayıb məsuliyyətə cəlb edəcək. İş burasındadır ki, rəsmi Bakı bu şəxsləri ermənilərin reinteqrasiyası prosesində də görmək istəmir. Çünki hər ikisi ölkəmizə qarşı ağlr cinayətlər törədib. Qeyd edim ki, bu iki şəxs həm də bir-birinə ciddi rəqibdir. Vardanyan Rusiyadan ciddi dəstək alır. Arayikin fiziki məhvi olarsa, bunu ilk növbədə Vardanyan həyata keçirə bilər. Bununla da, həm Qarabağdakı mövqelərini gücləndirirlər, həm də Ermənistan hakimiyyətinə gedən yolunu aça bilər. Belə bir ssenarı baş tutarsa, erməni lobbisi yeni şouya başlayıb, Azərbaycanı ittiham etməyə çalışacaq. İstənilən halda, proseslər Azərbaycanın nəzarətindədir. Payızda reinteqrasiya prosesi daha da güclənəcək. Azərbaycan bu adamların hər birinin məsuliyyətə cəlb edilməsinə çalışacaq. Hansısa üsulla canlarını qurtarmaq istəsələr, yeganə çıxış yolları Qarabağı tərk etmək ola bilər”.
Məhəmmədəli QƏRİBLİ