Ermənistanın Ətraf Mühit Nazirliyi Arazdəyəndə (Yerasx) polad zavodunun tikintisi ilə bağlı Azərbaycan tərəfinin onlara ünvanladığı məktuba cavab verib. Azərbaycanın müraciəti Arazdəyən qəsəbəsində ermənilərin ekologiya üçün öldürücü təhlükə mənbəyi olacaq metallurgiya zavodunun tikintisinin dayandlrılması tələbi ilə bağlıdır və Azərbaycan haqlı olaraq bildirib ki, belə zavodun tikintisi beynəlxalq ekoloji təhlükəsizlik konvensiyalarına ziddir.
Cavabda erməni tərəfi iddia edir ki, guya zavod ekoloji normalara cavab verir və Azərbaycan tərəfinin bununla bağlı etirazları əsaslı deyil. O cümlədən, açıq deyirlər ki, zavodun tikintisini dayandırmaq fikrində deyillər: “Biz ittihama cavab verdik və zavodun hansı standartlarla işləyəcəyini bildirdik. Zavod qanun pozuntusu olmadan tikilir. Ermənistan Azərbaycandan Ermənistanın suveren ərazisində qeyri-qanuni güc tətbiqinə, tikinti sahəsini hədəfə alan atışmalara son qoymasını tələb edir, çünki bu, işçilərin xəsarət alması və maddi itkilərlə nəticələnib. Bu davranış onların özlərinin istinad etdikləri Konvensiyanın müddəalarının kobud şəkildə pozulmasıdır, Ermənistan isə bütün beynəlxalq öhdəliklərinə sadiq qalır”.
Göründüyü kimi, Ermənistan həm ekoloji baxımdan zərərli zavodun Arazdəyəndə tikilməsində qərarlıdır, həm də həyasızcasına Azərbaycanı ittiham edirlər, hədə-qorxu gəlirlər.
“Ekoloji qurumlarda zavodun yaradacağı fəsadları gündəmə gətirməliyik”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orocov hesab edir ki, Ermənistanın Arazdəyəndəki zavodla bağlı belə provokativ mövqedən çıxış etməsi həyasızlığın son həddidir: “Bunda bir sıra məqsədlər güdürlər. Məqsədlərdən biri beynəlxalq ictimai rəyi buna yönəldib Azərbaycan barəsində mənfi fikir formalaşdırmaqdır. Guya Azərbaycan Ermənistanda dinc məqsədli işlərin görülməsinə imkan vermir və bununla hayları iqtisadi baxımdan boğur. İkincisi, Ermənistan çalışır ki, bu yalanları ilə Azərbaycanla ABŞ-ı qarşı-qarşıya qoysun. Nəzərə almaq lazımdır ki, həmin zavod ABŞ kapitalı ilə tikilir. İlk dövrlərdə ermənilər həmin ərazilərdə ABŞ bayrağını qaldırdılar. İndi də özlərinə xas olan fitnəkarlıqla dünyaya car çəkirlər ki, Azərbaycan ABŞ kapitalını “atəşə tutur”. Ermənistanın üçüncü məqsədi zavodu tikməklə Araz çayını çirkləndirməkdir. Onsuz da illərdir Ermənistan transsərhəd çaylarını çirkləndirməklə Azərbaycan ekologiyasına zərər vurur. Bunun bariz nümunəsi Qacaranda yerləşən mis-molibden zavodundakı tullantıların Oxçuçaya axıdılmasıdır. Həmin çay ciddi şəkildə çirkləndirilir. Ermənistanın zavod məsələsində dördüncü məqsədi Azərbaycanı provokasiyaya çəkməkdir. Yəni Azərbaycan hərbi gücə əl atsın, onlar da dünyada bunu bizə qarşı istifadə etsinlər. Ona görə də biz səylərimizi bu yöndə artırmalıyıq. Xüsusən də beynəlxalq müstəvidə Arazdəyəndəki zavodun tikintisinin önlənməsi ilə bağlı müvafiq instansiyalara sistemli olaraq müraciət etməliyik. Ekoloji qurumlarda zavodun yaradacağı fəsadları gündəmə gətirməliyik”.
Vidadi ORDAHALLI