Son zamanlar Laçın yolunda baş verənlərə görə mütəmadi olaraq Azərbaycana qarşı beynəlxalq təşkilatlar, xüsusən də Qərb təşkilatları tərəfindən ittihamlar səsləndirilir, çağırışlar edilir. Bütün bunlarda xaricdəki erməni disporunun xüsusi rolu var. Erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirmək üçün bütün vasitələrdən istifadə edir.
Bu arada erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff Ağ Evə “Artsaxın” müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. Düzdür, Adam Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatar verir. Ancaq burada diqqəti çəkən məqam odur ki, bu dəfə ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər. Belə ki, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Merfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Bu təxribatın başında da senator Robert Menendes dayanır. Bütün bunlar onu göstərir ki, erməni lobbisinin sifarişinə əsasən bəlli konqresmenlər təxribatların miqyasını genişləndirir.
“Erməni lobbisinin sifarişinə əsasən məlum konqresmenlərin Azərbaycan əleyhinə çağırışları heç bir nəticə verməyəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Tural İsmayılov ermənipərəst konqresmenlərin bu təxribatçı fəaliyyətinə bir neçə aspektdən yanaşdı: “Zaman-zaman ABŞ-da erməni lobbisinin təsiri altında olan dairələrdən Azərbaycan əleyhinə bu tip fikirlər səslənir. Ona görə də belə avantürist, fitnəkar çağırışların səslənməsi bizi əsla təəccübləndirmir. Çünki uzun illər ərzində Birləşmiş Ştatlar erməni saxtakarlığının əsas lobbi qruplarının fəaliyyət göstərdiyi ölkələrdən biri olub. İndi ABŞ-ın dövlət olaraq az qala Azərbaycanla Ermənistan arasında formalaşa biləcək sülh prosesində moderator rolunu həzm edə bilməyən Amerika Erməni Milli Komitəsi və onun təsir dairəsində olan satılmış konqresmenlər cəmiyyəti aldatmaqla məşğuldur. Robert Menendes başda olmaqla, bir çox konqresmenin bu gün Laçın yolu ətrafında Azərbaycan əleyhinə çirkin kompaniya aparması onların erməni lobbisi ilə olan qaranlıq əlaqələrini göstərir. Bununla onlar öz murdar niyyətlərini bir daha ortaya qoymuş oldular. O baxımdan hesab edirəm ki, erməni lobbisinin sifarişinə əsasən məlum konqresmenlərin Azərbaycan əleyhinə çağırışları heç bir nəticə verməyəcək. Fikrimcə, bunların heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, bu cür satılmış konqresmenlərin boğazdan yuxarı açıqlamaları heç vaxt ABŞ Dövlət Departamenti səviyyəsində rəsmi qərarların verilməsinə səbəb olmur. Biz nəzərə almalıyıq ki, məlum konqresmenlərin nə deməsindən asılı olmayaraq, ABŞ dövlət strukturlarının Qarabağla bağlı mövqeyi dəyişməyəcək. Eermənipərəst konqresmenlər Zəngəzura deyil, hara getsələr bu yöndə istəklərini reallaşdıra bilməyəcəklər”.
Vidadi ORDAHALLI