"Yandex Go" və ya Rusiya xaricində "Yango" kimi tanınan "Yandex" taksi xidmətinin xarici istifadəçilərin məlumatlarını Rusiyanın Federal Təhlükəsizlik Bürosuna (FTB) ötürməsi ilə bağlı sentyabrın 1-də qanun qüvvəyə minəcək.
Yeni qanuna əsasən, FTB sentyabrın 1-dən günün istənilən saatında Azərbaycan, İsrail, Qazaxıstan, BƏƏ, Əlcəzair, Pakistan, Norveç, Finlandiya, Ermənistan və Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərən "Yango" taksi xidmətinin müştərilərinin məlumatlarını əldə etmək imkanına malik olacaq.
Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustin artıq bununla bağlı qərarı imzalayıb. Artıq bir sıra ölkələr "Yango" taksi xidmətinə müştərilərinin məlumatlarını Rusiyaya ötürməyi qadağan edib. Finlandiya şirkətin ölkədəki bütün hesablarını dondurub.
Onu da bildirək ki, Azərbaycanda vətəndaşların şəxsi məlumatlarının xarici ölkə kəşfiyyatına ötürülməsi qanunsuzdur. Bu, bütün hüquq normalarına və Azərbaycan Konstitusiyasına ziddir.
"Tək bizim ölkədə deyil, bir çox ölkələrdə bu problemin həlli istiqamətində müəyyən addımlar atılır"
Mövzu ilə bağlı fikir bildirən nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu rəsmi şəkildə açıqladı və xəbərdarlıq etdi ki, belə hallara yol verilməsin. Məlumatlar 3-cü tərəfə ötürülməsin. Bunlar qanunlardakı boşluqdur, müasir texnologiyaların yaratdığı bir problemdir: "Tək bizim ölkədə deyil, bir çox ölkələrdə bu problemin həlli istiqamətində müəyyən addımlar atılır. Əsas hədəf ondan ibarətdir ki, bu şirkətlər qarşısında məsələ qoyulandan sonra onların fəaliyyətinə nəzarət edilirsə, o zaman artıq məsələ həllini tapır, sadəcə xəbərdarlıqla kifayətlənəcəksə, sözsüz, o şirkətlər özlərini düzəltmir. Şirkətlərin bəzilərinin rəhbərləri arasında erməni iş adamları var və bu hal böyük təhlükədir. Vətəndaşların şəxsi məlumatlarının hər hansı bir xarici taksi şirkəti tərəfindən müəyyən qurumlara ötürülməsinin qarşısını almaq üçün dövlət müəyyən şərtlər qoymalıdır. Bunun qarşısı mütləq xüsusi xidmət orqanları tərəfindən alınmalı və onlara sərt xəbərdarlıq olunmalıdır ki, belə hallara yol verdikdə ölkədə fəaliyyəti dayandırılacaq".
Günel CƏLİLOVA