Ermənistanın ətraf mühit nazirliyinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 iyul tarixli müraciətinə cavab verdiyi barədə erməni mediasında xəbər yayılıb. Məlumat nazirliyin sözçüsü Anna Akopyanın (bu Paşinyanın həyat yoldaşı olmaya...) adından yayılıb.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Politoloq bildirir ki, Azərbaycanın müraciəti Naxçıvandan Arazdəyən qəsəbəsində ermənilərin ekologiya üçün öldürücü təhlükə mənbəyi olacaq metallurgiya zavodunun tikintisinin dayandırılması tələbi ilə bağlıdır və Azərbaycan haqlı olaraq bildirib ki, belə zavodun tikintisi beynəlxalq ekoloji təhlükəsizlik konvensiyalarına ziddir.
"Ermənistan hakimiyyətinin cavabı təbii ki, özünü dupduru suya çəkmək cəhdidir, sübut etməyə çalışırlar ki, məlum Espo konvensiyasına görə, guya Ermənistan zavod tikintisi ilə bağlı Azərbaycana heç bir izah və ya xəbərdarlıq etməli deyil, çünki zavodun guya transsərhəd ərazi üçün heç bir qorxusu yoxmuş, guya burada yalnız qara metalın elektrik sobalarında emal ediləcəyi səbəbindən ətrafa ziyanlı tullantılar atılmayacaq... Təbii ki, bunlar nağılllardır və hazırlanmaqda olan cinayəti müdafiə etmək cəhdindən başqa şey deyil...
Bunlar öz yerində və yəqin ki, Azərbaycan hökuməti beynəlxalq hüquq çərçivəsində Ermənistanın ekoloji cinayət hazırlıqlarına gərəkən qanuni qiymətin verilməsi cəhdlərini davam etdirəcək.
Bununla belə, Ermənistanın Azərbaycana rəsmi cavabında hədə-qorxu tonundan deyilmiş bir fikir diqqətimi çəkdi. Ermənilər, əksinə Azərbaycanı günahkar çıxarmağa çalışaraq bizim guya zavod tikintisi ilə məşğul olan işçilərə atəş açmağı dayandırmağımızı tələb edir, əks halda bütün bunlara bölgədə "Amerika kapitalına Azərbaycanın hücumu" kimi hüquqi-siyasi qiymət veriləcəyini bəyan edirlər. Məlumdur ki, Naxçıvanın düz "qulağının dibində" bu ziyanlı tikintini aparan iki ABŞ şirkətidir.
"Amerika kapitalına hücum" bir termin olaraq diqqətimi çəkdi. Hələlik bunun hüquqi, ya siyasi termin olduğunu kənara qoyaq. Ancaq bütün hallarda Rusiya XİN-in iki ölkə arasında müqaviləni hələ mümkünsüz hesab etdiyi bu günlərdə Amerikanın açıq mətnlə "Sülh mümkündür" cavabı çox ümidverici görsənir və bu, yalnız o halda əməli nəticə verə bilər ki, Amerika bölgə xalqları arasında öz etimadını zədələyən hərəkətlərdən geri çəkilsin. O cümlədən, Amerika şirkətlərinin Naxçıvanın bir addımlığında ekotəhlükəli zavod tikintisindən imtinası da buraya daxildir..." - A.Quliyev yazır.
Tahir TAĞIYEV