ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyanın Belarus hərbçilərinə və “Vaqner” xüsusi hərbi təşkilatına təlim keçdiyi barədə məlumat yayıb.
Məlumatda xüsusilə qeyd olunur ki, “Vaqner”in Belarusda olduğunu təsdiqləyən xeyli əyani sübut var: “Buna baxmayaraq, hərbi təşkilatın rəhbərliyi bu məlumatı təkzib edir. Belarusdakı “Vaqner” qüvvələrinin gözlənilmədən Rusiyaya məzuniyyətə getməsi və qrupun bir hissəsinin Afrika ölkələrinə qəfil “işgüzar səfər” etməsinə dair məlumat var”.
Rusiyanın Belarusda “Vaqner” qüvvələrini yerləşdirməsində bir neçə məqsədi ola bilər. Birincisi, Rusiya Belarus hərbçilərinə və “Vaqner” xüsusi hərbi təşkilatına xüsusi təlim keçməklə onları Ukrayna ilə yeni müharibəyə hazırlayır. İkincisi, onları Avropa ölkələrində İŞİD sayağı bir təşkilata çevirmək istəyir. Məsələn, xristian İŞİD-i formasında. Üçüncüsü, Rusiyanın Avropa ilə ümumi müharibəsi başlayacağı təqdirdə həmin Vaqnerçilər və Belarusun döyüşçüləri Avropanın ərazisində heç kəsə tabe olmayan qaydasız müharibə aparan bir dəstəyə çevriləcək. Bir sözlə, müəyyən analitiklər bu fikirdədir ki, Rusiya ən azı bu 3 variantı nəzərdən keçirir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?
“Əsas plan “Vaqner” dəstələrini Ukrayna ərazisinə keçirmək, müxtəlif rayonlarda diversiya törətməkdir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Rusiyanın “Vaqner”in timsalında müəyyən planları var: “Əsas plan Belarus zabitlərinin iştirakı ilə “Vaqner” dəstələrini Ukrayna ərazisinə keçirmək, müxtəlif rayonlarda təxribatlar törətməkdir. Ukrayna şimaldan Belarusla həmsərhəddir. Çünki 2022-ci il fevralın 24-də müharibə başlayanda Kiyev istiqamətində desant qüvvələri atıldı. O vaxt Rusiyanın gözləntisi o idi ki, Ukraynanın təslim olması tezləşəcək. Ancaq bu planlar baş tutmadı. Kiyev yaxınlığına atılan desant qüvvələrin bir hissəsi məhv edildi. Burda digər bir vacib məqam ondan ibarətdir ki, Rusiya zaman-zaman Belarusdan Ukraynaya hücum edəcəyi görüntüsü yaradır. Nəticədə Ukrayna silahlı qüvvələrinin bir hissəsi Belarus sərhədində qalmaq məcburiyyətində qalır. Halbuki, Belarusdan təhdid olmasaydı Ukrayna həmin qüvvələrini Donetsk və Zaporojye istiqamətinə yönəldərdi ki, nəticədə Rusiya daha çətin duruma düşərdi. Rusiyanın digər planı Belarus ərazisindən Polşaya yönəlik təxribatlar hazırlamaqdır. Bəzi məlumatlara görə, Rusiya miqrant adı altında vaqnerçiləri Polşaya və digər ölkələrə keçirib təxribatlar törətmək istəyir. Ancaq bir məsələ var ki, Vilnüs sammitindən sonra NATO Polşa və Baltikyanı ölkələtdə müdafiə tədbirlərini gücləndirib. Ona görə də bu planları həyata keçirmək o qədər də asan olmayacaq. Çünki Rusiya Ukrayna müharibəsində ciddi itkilərə məruz qalır. Üstəlik, prosesin uzanması Rusiyanın hər cəhətdən itkilərini artırır. Ona görə də, Rusiyanın Almaniyada, Şərqi Avropa ölkələrində agentura şəbəkəsi nə qədər güclü olsa da, bu planları həyata keçirmək asan olmayacaq”.
Vidadi ORDAHALLI