ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Moskvanın və Ankaranın rolu barədə maraqlı eyhamlar vurub. Əslində Rusiyanın rolunu açıq iqnor edib və "bu məsələ iki dövlətə aiddir" deməklə Rusiya barədə danışmaq istəmədiyini ifadə edib. Konkret deyilsə, ABŞ prosesdə artıq Moskvanın hər hansı rolunu qəbul etmək istəmir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Millerin Türkiyə barədə dedikləri isə daha ilginc və perspektivlidir. Onun sözlərinə görə Ankara Azərbaycan - Ermənistan normallaşmasında daha məhsuldar rol oynaya bilər. Prosesdə Rusiyanı iqnor etməklə eyni anda Türkiyə barədə deyilmiş bu sözlər əslində Türkiyəni daha fəal diplomatiya yürütməyə çağırış kimi qəbul edilməlidir.
Təhlillər göstərir ki, qardaş ölkənin bu sahədə öz fəallığını artırması üçün potensial imkanlar mövcuddur. İlk növbədə Qarabağda Rusiya - Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini daha nəzərəçarpan görüntü halına gətirmək olar və lazımdır. Çünki getdikcə belə rəy yaranmağa başlayır ki, Rusiya Monitorinq Mərkəzini işlətmək istəmir, Türkiyə isə sanki orada yoxdur.
Sonra, Türkiyə - Ermənistan açılım danışıqlarını intensivləşdirmək və bu danışıqların ayrılmaz hissəsi olaraq Ermənistanı Azərbaycanla sülh sazişini daha tez imzalamağa təşfiq etmək olar və lazımdır.
Daha sonra Türkiyə bölgədə indiyə qədər iştirakçısı olduğu bir neçə üçtərəfli əməkdaşlıq formatları sırasında daha birinin qurulması perspektivlərini aça bilər - Azərbaycan-Türkiyə-Ermənistan. Praktika göstərdi ki, Rusiya - Gürcüstan münasibətləri arzulanan səviyyədə olmadığı üçün altıtərəfli əməkdaşlıq formatı hələ alınmır, yəni 3+3 çərçivəsində Azərbaycan - Ermənistan - Gürcüstan - Türkiyə - Rusiya - İran. Hazırda Azərbaycan - İran münasibətlərindəki dərin soyuqluq altıtərəfli formatı çətinləşdirən daha bir məsələyə çevrilib. Bu şəraitdə Azərbaycan - Türkiyə - Ermənistan üçtərəfli formatı bölgənin yeni perspektivli əməkdaşlıq formatı olmaqla bərabər, həm də Ermənistanı Azərbaycanla daha qətiyyətli sülh prosesinə qatmaq üçün səmərəli üsul ola bilər.
Nəhayət, bir çox islam ərəb ölkələri ilə yaxşı münasibətlərə malik olan Türkiyə Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasında ərəb ölkələrinin təsirini daha da fəallaşdıra bilər. Onsuz da Ermənistan bir neçə ərəb ölkəsinin qapılarından yığışmır və onlarla əlaqə qurmaq üçün "ürəyi gedir". Yəqin yaxın zamanlarda Azərbaycan - Ermənistan normallaşmasında Türkiyənin daha məhsuldar təsirlərə baş vuracağını görə biləcəyik...
Tahir TAĞIYEV