Son zamanlar bir sıra ölkələrdə "Quran"nın yandırılması və təhqir olunması halları geniş yayılıb. Bir müddət əvvəl İran əsilli 47 yaşlı Marian Bayram İsveçdə Malaren gölünün sahilində manqalda Quranı yandırıb. Daha sonra İrandakı molla rejimindən qaçaraq Danimarkada məskunlaşan və qadın hüquqlarının müdafiəçisi olan Firuzeh Bəzrafkan səsini daha çox eşitdirmək üçün "Qadınlara azadlıq" yazılmış köynək geyinib, daha sonra Quran kitabını yırtıb.
Qeyd edək ki, müsəlmanların müqəddəs kitabı olan "Quran"ın hər iki halda İran İslam Respublikasının keçmiş vətəndaşı tərəfindən təhqir edilməsi, ümumiyyətlə müsəlman ölkələrindən Avropaya mühacirət edənlərin bu proseslərdədə fəal iştirakı diqqəti cəlb edir.
Maraqlıdır, molla rejimindən qaçıb Avropaya sığınanlar etiraz olaraq niyə Quranı yandırır? Əslən İrandan olanların Qurana bu münasibəti doğrudan da Quranla bağlıdır, yoxsa Tehran hakimiyyətinə etiraz edirlər?
Ekspertlər hesab edir ki, etirazçılar Qurana yox, molla rejiminə etiraz edir.
"Avropa ölkələrində yaşayan əslən İrandan olan vətəndaşlar Tehran hakimiyyətinə etiraz olaraq Quranı yandırır"
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, İran adlanan ölkənin vətəndaşları rejimə etiraz olaraq Avropa ölkələrinə gedir. İranda yaşayan 90 milyonluq əhalinin əksəriyyəti dinlə bağlı məcburiyyət səbəbindən qadınlar başlarını örtür, kişilər isə müəyyən ritualları yerinə yetirirlər. Avropa ölkələrində yaşayan əslən İrandan olan vətəndaşlar Tehran hakimiyyətinə etiraz olaraq Quranı yandırır: "Etirazçılar əsasən fars köklü iranlılardır. Onlar əslində heç vaxt İslam dininə qulluq etməyiblər. Danılmaz faktdır ki, farsların böyük əksəriyyəti özlərini islamçı və ya məzhəbçi göstərib. İnsanların hər hansı bir rejimə etirazı ola bilər. Ancaq Qurana qarşı bu cür münasibət qəbuledilməzdir".
F.Ələkbərli hesab edir ki, etirazçılar din üzərindən özlərinə haqq qazandırmaq istəyir. Ancaq molla rejiminin məlum etiraza reaksiyası sərt formada olacaq. Bunu zaman göstərəcək.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Avropa ölkələrində əslən İrandan olan şəxslərin Quranı yandırmasının pərdəarxası detalları da ola bilər: "Ola bilər ki, həmin etirazçılar İran rejiminin xəfiyyələridir. Bu istisna olunmur".
Günel CƏLİLOVA