“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi (Ermənistan və Azərbaycan arasında) əlçatandır”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib. “Buna (sülhə - qeyd) nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq”-deyə o bildirib.
Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.
Bunu həm də Rusiyaya bir cavab kimi dəyərləndirmək olarmı? Çünki ötən həftə Rusiya XİN rəsmisi Denis Qonçar bəyan edib ki, Azərbaycan və Ermənistan istənilən şərtlə sülh müqaviləsi bağlamağa hazır deyil. Hələ həllini gözləyən çətin məsələlər var: “Bakı və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı gələn siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Biz hələ də bir sıra çətin mövzular üzrə həll yollarını tapmalıyıq”.
“Kreml istəyir ki, bölgədə qarşıdurma uzun müddət davam etsin və onlar da bundan öz məqsədləri üçün istifadə etsinlər”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, vasitəçi tərəflərin ortaya qoyduqları mövqelər fərqlidir: “Birləşmiş Ştatlarlar rəsmiləri ilə Rusiya rəsmilərinin Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatlar, sərgilədikləri mövqelər fərqlidir. Bu, çox aydın görünür. Son dövrlər ABŞ problemin çözülməsi üçün səylər göstərir, bu yöndə təşəbbüslərlə çıxış edir, fəaliyyətini gücləndirir. Bütövlükdə, son dövrlər Birləşmiş Ştatların sərgilədiyi mövqe Azərbaycanı qane edir. Çünki ABŞ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir, bunu təşviq edir. Bununla bağlı görüşlər keçirir və yeri gələndə Ermənistana təzyiq edir ki, mövqeyini müəyyənləşdir. Ya cəbhənin Rusiya tərəfində dur, ya da bu tərəfdə. Bununla belə, ABŞ-ın bir istəyi də Azərbaycanla bu məsələdə üst-üstə düşür ki, Vaşinqton da istəyir rus qoşunları Qarabağdan çıxsın, Bakı da bunu istəyir. Ona görə də Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı sülh sazişinin imzalanması ilə bağlı təkliflərini bəyan edir. Rusiya da fərqli mövqe ortaya qoyur. Sonra Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono gəldi Azərbaycan və Ermənistan dövlət başçıları ilə görüşdü. Yəni əsas məsələ budur. Rusiya da bu məsələdə üzərinə vasitəçi missiyasını götürüb. Ancaq problem ondadır ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Kreml istəyir ki, bölgədə qarşıdurma uzun müddət davam etsin və onlar da bundan öz məqsədləri üçün istifadə etsinlər. Hətta Rusiya Ukrayna müharibəsindən sonra regiona qaba güc olaraq müdaxilə etməyi də nəzərdən keçirir. Qonçarın məlum fikirləri təkcə ona aid deyil. Ümumiyyətlə o, Rusiya siyasi elitasının ümumiləşmiş fikirini ifadə edir. Hesab edirəm ki, Rusiya əvvəlki mövqeyində qalacaq. Ancaq Azərbaycan Rusiyanın istəyi ilə hərəkət etmir. Azərbaycan bu prosesi oz maraqlarına uyğun davam etdirəcək. Ermənistan bununla razılaşmayacaqsa, o zaman növbəti dəfə “Dəmir yumruq” yeyəcək”.
Vidadi ORDAHALLI