Xankəndidə nağd pul çatışmazlığı yaşanır. Qondarma rejimin nümayəndələri bununla bağlı əhaliyə müraciət ediblər.
Erməni əhaliyə çağırış edərək bildirilib ki, bank hesablarında qalan vəsaitləri təcili şəkildə nağdlaşdırmağa çalışsınlar. Xüsusilə pensiya və təqaüdlər, maaşların ödənilməsində nağd pul çatışmazlığının yaşandığı deyilir. Elektron pul köçürmələrində də daha sonra nağdlaşdırmanın mümkün olmadığı bildirilir.
Separatçılar bu problemi aradan qaldırmaq üçün insanlardan kömək istəyirlər, əhaliyə “dövlətə kömək edin” -deyə, müraciətlə çıxış ediblər. Bu problem səbəbilə alış-verişin pulla deyil, başqa bir məhsulla dəyişdirilmə qarşılığında edildiyi deyilir.
Qeyd etdiyimiz kimi, Xankəndidə nağd pul çatışmazlığı yaşanır. Onlar nağd pul kütləsini ya rus sülhməramlıları, ya da Qırmızı Xaç Komitəsinin əli ilə həll etmək istəyir. Ancaq Azərbaycan tərəfi buna imkan verməyəcək.
Maraqlıdır, Azərbaycan tərəfi Xankəndiyə nağd pul kütləsinin daxil olmasının qarşısını almaq üçün nə kimi işlər görməlidir?
Fuad İbrahimli: "Xankəndi və ətraf ərazilərdə yaşayanlar Azərbaycan manatına inteqrasiya etməlidir"
İqtisadçı Fuad İbrahimli "Bakı-Xəbər"ə bildirdi ki, Xankəndi və ətraf ərazilərdə yaşayanlar Azərbaycan manatına inteqrasiya etməlidir. Ticarət dövriyyəsində istifadə olunan nominal valyuta müvəqqəti olaraq erməni pul vahidi və ya rus rublu ola bilər. Bu müvəqqəti ola bilər: "Nəzərə almaq lazımdır ki, alış-verişin edilməməsi, ticarət əməliyyatlarının aparılmaması nağd pul kütləsinin azalmasına səbəb olacaq. Bu səbəbdən də əhalidən yardım istəyirlər. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan ərazisində milli valyuta dövr etməlidir".
Aydın Hüseynov: "Ermənistanın bu işlərə müdaxilə etməsi, onlara hər hansı bir pul kütləsinin daxil olması Azərbaycan iqtisadiyyatına müdaxilə kimi dəyərləndirilməlidir"
Millət vəkili Aydın Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Qarabağ Azərbaycanın tam tərkib hissəsidir. Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Bu səbəbdən Qarabağda da Azərbaycan manatı işləməlidir: "Azərbaycan ərazisində digər valyutaların işləməsi qeyri-qanunidir. Hesab edirəm ki, Ermənistanın bu işlərə müdaxilə etməsi, onlara hər hansı bir pul kütləsinin daxil olması Azərbaycan iqtisadiyyatına müdaxilə kimi dəyərləndirilməlidir. Bu səbəbdən də Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılma prosesinə başlanılmalıdır".
Günel CƏLİLOVA