Paşinyanın sonuncu dəfə "Euronews" televiziyasına hay-küylə verdiyi "biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq, ancaq İlham Əliyev hələ "tanıyırıq" sözünü deməyib" bəyanatının saxta və böhtançı ifadələrdən ibarət olduğuna növbəti sübutlar yarandı. Hansı sübutlar?..
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Əvvəla, Azərbaycan dəfələrlə Qarabağdakı qondarma və oyuncaq dövlət qurumlarının buraxılması təklifi ilə çıxış etdiyi halda, separatçılar istefa, kadr təyinatı və kadr seçimləri adı altında qeyri-legitim oyunlarını hələ davam etdirirlər. Bu günlərdə qondarma rejimin oyuncaq parlament sədri istefa verdi və yeni oyuncaq parlament sədrinin "seçildiyi" bəyan edildi.
2. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü necə tanıyıb ki, İşxanyan soyadlı bir separatçının qondarma Xankəndi rejiminin "parlament sədri seçilməsinin" ardından Ermənistan parlamentinin sədri Simonyan ona telefon açır və təbrik edərək uğurlar diləyir. Ermənistan hakimiyyətinin bu addımı rəsmi Brüsselin vasitəçiliyi ilə ötən il oktyabrın 6-da Praqada, bu il isə mayın 15-də Brüsseldə Mişelin vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın aşkar hesaba qoyulmamasıdır. Hər iki razılaşma 1991-ci il Alma-Ata sazişi əsasında Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün 86.6 və 29.8 min kv. kilometr hüdudlarında qarşılıqlı olaraq tanınmasını ehtiva edir.
3. Simonyanın separatçı oyuncaq "spikerə" təbrik zəngi Azərbaycanın daxili işlərinə hələ davam edən müdaxilənin yeni təzahür formasıdır və beynəlxalq vasitəçilər fakta prinsipial qiymət verməlidir.
4. Simonyanın zəngi Qarabağ ermənilərini Azərbaycanla reinteqrasiyadan çəkindirməyə yönəlik yolverilməz rəsmi dövlət siyasətidir...
Tahir TAĞIYEV