Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə bir töhfəsi yoxdur, amma hər fürsətdə münasibətləri gərgin saxlamağa, sülhə maneçilik törətməyə çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bəyan edib ki, iki ölkə istənilən şərtlə sülhə hazır deyil: “Azərbaycan və Ermənistan istənilən şərtlə sülh müqaviləsi bağlamağa hazır deyil. Hələ həllini gözləyən çətin məsələlər var. Bakı və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı gələn siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Biz hələ də bir sıra çətin mövzular üzrə həll yollarını tapmalıyıq”.
Diplomatın sözlərinə görə, problemlərdən ən mühümü Azərbaycanın hüquq sistemində Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunmasıdır: “Tərəflər qarşılıqlı olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinin effektivliyini təsdiq edib. Sülh sazişinin həyata keçirilməsi üçün elə bir beynəlxalq dəstək mexanizmi tələb olunur ki, Ermənistanla Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almasın”.
Göründüyü kimi, Rusiya həm sülhə maneçilik törədir, həm də daha da irəli gedərək Azərbaycan Konstitusiyasını müzakirə obyektinə çevirməyə çalışır. İddia edir ki, guya problemlərdən ən mühümü Azərbaycanın hüquq sistemində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunmasıdır. Bununla Rusiya rəsmisi Azərbaycan Konstitusiyasının dəyişməsinə eyham vurur. Yəni, Qarabağın təhlükəsizliyi ilə bağlı Konstitusiyaya maddə daxil edin. Nə hüquq sistemi? Məgər biz ermənilərə görə Konstitusiyamızı dəyişməliyik?
Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, bu bir daha Rusiyanın etibarsız və güvənilməz vasitəçi olduğunu sübut etdi: “Bu, o deməkdir ki, əslində Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmir. Ona görə də zaman-zaman müəyyən problemlər yaradır, süni maneələr ortaya atır və s. Dəfələrlə Rusiya müxtəlif formalarda Qarabağdakı ermənilərin hüquqlarının qorunmasını gündəmə gətirməyə çalışıb. Bu və ya digər formada elə görüntü yaradıb ki, guya Azərbaycan bunu təmin edə bilməz, Rusiyasız bu, mümkün olan iş deyil və s. Reallıq odur ki, bu gün Rusiya Ermənistandan çox Qarabağ separatçılarına sahib çıxmağa çalışır, onlara arxalanır. Eyni zamanda bir ovuc separatçı vasitəsi ilə Azərbaycan və Türkiyəyə təzyiq göstərməyə çalışır. Konstitusiya ilə bağlı sözügedən məsələlərin qabardılması da Rusiyanın əsil siyasi mahiyyətini ortaya qoyur. Bu, həm də Moskvanın Azərbaycanın konstision quruluşuna müdaxilə etmək cəhdidir. Denis Qonçarın məlum açıqlaması həm də bunu özündə ehtiva edir. Bir ovuc erməniyə görə Konstitusiyanı dəyişərlər? Bu, təxribatçı bir fikir və yanaşmadır. Nə Azərbaycan Konstitusiyasının, nə də ölkə qanunvericiliyinin dəyişdirilməsinə ehtiyac yoxdur. Heç bir ölkədə milli azlıq hesab olunan şəxslərin hüquqları üçün xüsusi status müəyyənləşmir. Bununla bağlı ümumi qaydalar var. Azərbaycanda da 1992-ci ildə milli azlıqlarla bağlı fərman imzalanıb. Fərman bu gün də qüvvədədir. Həmin fərmana uyğun olaraq Qarabağ erməniləri Azərbaycan Konstitusiyasını qəbul edirlərsə, o hüquqlar eyni dərəcədə onlara da şamil olunacaq. Yəni, Azərbaycanda yaşayan vətəndaşların hüquqları ermənilərə də şamil olunmalıdır. Azərbaycanda çoxsaylı etnik azlıqlar var. Hər bir azlıq üçün ayrıca olaraq biz Konstitusiyanı dəyişsək, o zaman ölkənin dövlət suverenliyi, müstəqilliyi olmur. Ona görə də Rusiyanın nə dediyinə əhəmiyyət vermək və bundan qorxmaq lazım deyil”.
Vidadi ORDAHHALLI