Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində dedi ki, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişdiyi üçün separatçıların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi yox oldu:
“Onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq. Dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımızdan sonra? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı?”.
Burada iki vacib məqam xüsusilə diqqəti cəlb edir. Birincisi, regionda, dünyada təhlükəsizlik sistemləri dəyişilib. Ermənistanın təhlükəsizliyi ilə bağlı bəzi ümidləri yoxa çıxıb və indi özünə yeni təhlükəsizlik qarantları axtarır. Bu baxımdan dünyada Ermənistan üçün indiyə qədər dəyişilmiş təhlükəsizlik qarantları nədən ibarətdir? İkincisi, bölgədə Ermənistanın əvəzinə Azərbaycanla döyüşmək istəyən kimdir?
Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən politoloq Tural İsmayılov bununla bağlı bir sıra məqamlara toxundu: “Bu gün biz görürük ki, Cənubi Qafqaza yanaşma bütövlükdə tamamilə fərqlidir. Regiona yanaşmanın fərqli olmasının ən böyük səbəblərindən biri ondan ibarətdir ki, Ermənistan uzun müddət bölgədə ən böyük manipulyasiya yuvalarından birinə çevrilib. Məhz Ermənistanın saxta siyasi xətti nəticəsində bu gün Azərbaycan kifayət qədər beynəlxalq aləmdə bu ölkə ilə bağlı real mənzərənin informasiya məkanında yaranmağına nail olubdur. O baxımdan hesab edirəm ki, Ermənistan bu günə qədər özünü təhlükəsizlik baxımından bölgənin güclü ölkələrindən biri kimi təqdim edirdi. Ancaq biz görürük ki, Ermənistanın özü ilə bağlı yaratdığı miflər puç olub. İndiyə qədər Ermənistanın təhlükəsizliyinin əsas qarantı Rusiya hesab olunurdusa, İkinci Qarabağ müharibəsindən sonra bu mif dağılıb. Ermənistan KTMT-də təmsil olunsa da, ölkədə bloka etimad yoxdur. Eyni zamanda Ermənistan hətta özünün beynəlxalq hüquqda tanınmış ərazi bütövlüyünün təhlükəsizliyinə belə qarant ola bilmir. Bununla bağlı ciddi şəkildə narahatçılıq keçirir. Digər bir tərəfdən, Ermənistanın yerinə heç bir dövlət Azərbaycanla döyüşməyəcək. Hətta qatı ermənipərəst ölkə olan Fransa belə, buna getməyəcək. Ən azından bu, real görünmür. Ümumiyyətlə, Azərbaycan kimi bölgənin əsas geostrateji liderlərindən biri ilə açıq qarşıdurmaya getmək hazırda kiməsə sərf etmir. Bu baxımdan Ermənistandan daim Azərbaycan əleyhinə siyasi təsir vasitəsi kimi istifadə etmək niyyətləri mövcuddur. Nəzərə almaq lazımdır ki, bu niyyətlər indi də davam edir. Yəni, burada hansısa bir formada Azərbaycan əleyhinə kampaniya aparanlar ölkəmizə qarşı hansısa savaş ritorikası nümayiş etdirə bilməzlər. İndiki geosiyasi konfiqurasiya fonunda bu, heç bir formada real görünmür”.
Vidadi ORDAHALLI