Lavrov “fundamental məsələlər barədə qərar qəbul etmək lazımdır” müraciətini kimə etdi - Bakıya, ya İrəvana?

“Biz kömək etməyə hazırıq, amma burada fundamental məsələlərə dair qərar qəbul etmək çox vacibdi”. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
İrəvanla Bakı arasında münasibətlərin nizamlanması məsələsinə toxunan Lavrov bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı bəyanatlar bu prosesin əsasını təşkil edir. Onun sözlərinə görə, Ceyhun Bayramovla görüşdə üç ölkə başçısının imzaladığı üçtərəfli sənədlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı bütün məsələlər ətraflı müzakirə olunub: “Bütün məsələlərin tam həlli üçün möhkəm, etibarlı zəmin, nəqliyyat və iqtisadi əlaqələrin qurulması, sərhədin delimitasiyası və sülh müqaviləsinin bağlanması lazımdır. Bununla bağlı Rusiya tərəflərə yardım göstərməyə hazırdır. Biz kömək etməyə hazırıq. Amma burada fundamental məsələlərə dair qərar qəbul etmək çox vacibdir və bu mənada Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında əldə etdikləri razılıq mühüm əhəmiyyət kəsb edir. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi ilə problemin həllini çox asanlaşdırır”.
Görünən odur ki, Lavrov tərəflərin məsuliyyət məsələsinə ümumi yanaşır. Burada “fundamental məsələlərə dair qərar qəbul etmək çox vacibdir” nə deməkdir? Azərbaycan məgər nəqliyyat xətlərinin açılmasına, sərhədlərin delimitasiyasına, sülh müqaviləsinin bağlanmasına qarşıdır?
- “Rusiya Azərbaycanın son vaxtlar daha qərarlı mövqe nümayiş etdirməsindən narahatdır”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Lavrov bilərəkdən belə ümumi fikirlər səsləndirir: “Əvvəla, xarici işlər naziri Ceyhun Bayramovun Lavrovla görüşməsi müsbət haldır. Bu o deməkdir ki, Azərbaycan görüşlərdən, danışıqlardan qaçmır. Ermənilər elə təqdim etməyə çalışırlar ki, guya Azərbaycan danışıqlardan qaçır. Ancaq belə deyil və biz istənilən müstəvidə görüşürük. Onu da nəzərə almaq lazımdır ki, Lavrov Rusiyanın ümumi siyasətini həyata keçirir. Kremlin siyasəti də ondan ibarətdir ki, proses uzansın və Rusiya sülhməramlıları burada uzun müddət qalsınlar. Ən başlıcası, Lavrov maraqlı deyil ki, məsələlər Azərbaycanın xeyrinə həll olunsun. Lavrov üçün maraqlı olan odur ki, məsələ həll olunmasın və dondurulmuş vəziyyətdə qalsın. Ona görə də ümumi fikirlər səsləndirir, manipulyasiya edir, amma konkret faktla danışmır. Bəlli deyil Lavrov “fundamental məsələlər” deyərkən konkret nəyi nəzərdə tutur. Azərbaycan Horadizdən Zəngilanın Ermənistanla sərhədinə qədər yeni avtomobil və dəmir yolu çəkir. Bu, nəqliyyat xətlərinə töhfə deyil, bəs nədir? Ancaq gəlin görək Ermənistan Mehridə bu işləri görürmü? Cavab yox. O cümlədən, Azərbaycan əvvəldən sərhədlərin delimitasiyasında maraqlı olan tərəf olub. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiya Azərbaycan-Türkiyə birliyindən çəkinir. Azərbaycanın son vaxtlar daha qərarlı mövqe nümayiş etdirməsindən narahatdır. Çünki görür ki, Azərbaycan sülhməramlıların Qarabağdan kənarlaşdırılması üçün addımlar atır. Lavrov da həm ermənilərə xoş gəlmək üçün, həm də azərbaycanlıların könlünü almaq üçün ümumi sözlərdən istifadə edir”.
Bu baxımdan partiya sədri hesab edir ki, Rusiya bundan artıq heç nə etməyəcək.
Vidadi ORDAHALLI