Ermənistanın 10 noyabr sənədində “Dağlıq Qarabağ” sözlərinə güvən taktikası da puç olur...

Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bəyan edib ki, 10 noyabr (2020) üçtərəfli bəyannaməsində “Dağlıq Qarabağ” ifadəsi 5 yerdə keçib. Sanki böyük hadisə baş verib.
Hərçənd, belə fukirləri Paşinyandan tutmuş, XİN başçısı Ararat Mirzoyanadək Ermənistanın digər yüksək çinli rəsmiləri də vaxtaşırı dilə gətirir, özlərinə təsəlli verməyə çalışırlar. Öz aləmlərində bu yolla hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımadıqlarını, hətta 10 noyabr sənədinə imza atan Rusiyanın da guya eyni mövqedə durduğunu isbatlamaq istəyirlər, konfliktin bitmədiyi rəyini yaratmağa səy edirlər.
Yaxşı, bəs 44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan, Rusiya və Avropa İttifaqının imzaladığı çoxtərəfli sənədlərdə belə ifadə varmı? 11 yanvar 2021-ci üçtərəfli Moskva Bəyanatı – “Dağlıq Qarabağ” ifadəsi yoxdur; 26 noyabr 2021 üçtərəfli Soçi Bəyanatı - cəmi bircə dəfə, o da konfliktlə bağlı istifadə olunub; 14 dekabr 2021-ci il üçtərəfli Brüssel sənədi – yoxdur; 6 aprel 2022-ci il üçtərəfli Brüssel sənədi – yoxdur; 23 may 2022-ci il üçtərəfli Brüssel sənədi – yalnız “Qarabağın etnik erməni əhalisi” ifadəsi var; 6 oktyabr 2022-ci il 4-tərəfli Praqa anlaşması – yoxdur; 31 oktyabr 2022-ci il Soçi Bəyanatı – yoxdur.
Göründüyü kimi, məlum ifadə 10 noyabr 2020-ci ildən sonra, 2 il ərzində qəbul edilmiş 8 sənədin yalnız birində (26 noyabr Soçi Bəyanatı), Rusiya sülhməramlı kontingentin dislokasiya yeri ilə bağlı giriş hissədə istifadə olunub: “Dağlıq Qarabağ münaqişəsi zonası” sözləri şəklində. Yəni keçmiş münaqişənin ərazisi olaraq. Lakin ondan sonra, eləcə də digər 6 sənəddə bir daha işlədilməyib.
- “Guya bunlar “Dağlıq Qarabağ” ifadəsi işlətməklə nəyəsə nail olacaqlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan rəsmiləri hazırda sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlardan yayınırlar: “Ermənistan rəhbərliyi konkret olaraq Azərbaycanın beş şərtini qəbul edib. Burada “Dağlıq Qarabağ” adında ifadə yoxdu. Belə olan təqdirdə Ermənistandan verilən bu açıqlamalar sülh prosesinə zərbə vurmaq və danışıqları imitasiya etmək məqsədi güdür. Ermənistan tərəfinin Brüssel danışıqlarında və Soçi Bəynnaməsində imza atdığı sənəddə “Dağlıq Qarabağ” sözü işlənmir. Bunlar danışıqlarda bir, əməldə başqa mövqe ortaya qoyurlar. Bu erməni xisləti, türkofobiya, müstəqil dövlət olmamalırının nəticəsidir. Guya bunlar “Dağlıq Qarabağ” ifadəsi işlətməklə nəyəsə nail olacaqlar. Yanılırlar. Münaqişə həll edilib və 30 il ərzində bir şeyə nail ola bilmədilərsə, bundan sonra da mümkün deyil. Azərbaycan Laçın dəhlizinə yaxın perspektivdə post qoyub bu kimi təxribatlara son verəcək. Ermənistan rəhbərliyinə müharibə lazımdırsa, biz ona çoxdan hazırıq və əsas vəzifəmiz Zəngəzur dəhlizinin açılması olacaq. Xankəndi növbəti ilə Bakıya tabe olacaq. Azərbaycan güclü ölkədir və prosesləri biz diqtə edirik”.
Politoloq onu da əlavə etdi ki, Prezident İlham Əliyev uğurla bu siyasəti davam etdirir.
Vidadi ORDAHALLI