Gürcüstan hökuməti Prezident Salome Zurabişvili ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının bəyanatında bildirilib.
Sənəddə qeyd olunub ki, dövlət başçısı xarici siyasətin həyata keçirilməsi prosesində ölkə konstitusiyasını pozub və Konstitusiya Məhkəməsi bunu təsdiq etməlidir.
Hakim partiyadan bildirilib ki, son bir il ərzində prezidentin hökumətin irəli sürdüyü səfir və ya diplomatik nümayəndənin təyinatından imtina etməsi iə bağlı çoxsaylı hallar olub və bu da konstitusiya ilə kobud şəkildə ziddiyət təşkil edir.
Bəyanatda həmçinin vurğulanıb ki, dövlət başçısının hökumətlə razılaşdırılmadan xarici ölkələrə bir neçə səfəri də konstitusiyanın pozulmasıdır və hakim partiya buna siyasi cavabın verilməsini zəruri hesab edib.
“Gürcü Arzusu” S.Zurabişvilinin konstitusiyanı qəsdən pozması ilə bağlı şübhəsini gizlətməyib.
“Gürcüstan Prezidenti deyəsən yanılır. Onun anlaşılmazlıq içində olduğunu güman edirəm. Ümid edirəm ki, hər şey tezliklə aydınlaşacaq və suallar aradan qaldırılacaq”. Bunu isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, hər bir vətəndaş və ilk növbədə ali siyasi xadimlər ölkənin əsas qanunu olan konstitusiyaya hörmət etməlidirlər.
“Regionda mürəkkəb proseslər, Ukraynada genişmiqyaslı müharibə gedir. Hökumətin hər bir üzvü hesab edir ki, Gürcüstan Prezidenti, Ali Baş Komandan həmin vaxt ölkədə olmalıdır”, - İ.Qaribaşvili söyləyib.
Baş nazir qeyd edib ki, ölkə konstitusiyasına əsasən, xarici siyasəti Gürcüstan parlamenti müəyyən edir və Gürcüstan hökuməti həyata keçirir:
“Buna müvafiq olaraq, dövlət başçısının istənilən görüşü və ya səfəri konstitusiyaya uyğun olaraq Gürcüstan hökuməti ilə razılaşdırılmalıdır”.