Fransa Qarabağa status məsələsində dağıdıcı siyasətini davam etdirir - İrəvandakı səfir Bakıdakı səfirin də adından danışdı…

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa tərəfi növbəti dəfə birmənalı olmayan açıqlama ilə çıxış edib. Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun erməni xidmətinə geniş müsahibə verib.
Müsahibə sırasında səfir bir neçə qalmaqallı tezislə çıxış edib. Belə ki, Lakot Qarabağın statusunun həll olunmadığını söyləyib: “Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”.
Ölkəsinin regional nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu əlavə edən səfir bununla belə, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin məhz dəhliz adlandırılmasına qarşı çıxıb: “Dəhliz” terminindən imtina olunmalıdır. “Dəhlizlər” diplomatiya tarixində çox pis izlər qoyub. Məsələn, Dansinq dəhlizi kimi. 2021-ci il 11 yanvarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında verilən və region ölkələri ilə qonşuları arasında əlaqə kanallarının bərpasını nəzərdə tutan üçtərəfli razılaşma əsasında çalışmaq lazımdır".
Fransalı səfir ədalətsiz mövqə nümayiş etdirməklə yanaşı, həm də Bakıdakı səfirin adından danışır. Fransanın Qarabağ məsələsindəki ədalətsiz mövqeyini davam etdirməsini nə ilə izah etmək olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransanın Ermənistandakı səfiri özünü həmin ölkənin bütün Cənubi Qafqazdakı nümayəndəsi kimi aparır: “Dəfələrlə öz səlahiyyətlərini aşan açıqlamalar verir. Bu tip açıqlama onun ilk yanlışı deyil. Onun Qarabağın status ilə bağlı mövqeyi tam yanlışdır. Hansısa səfirin nə deməsindən asılı olmayaraq, Qarabağın statusunu Azərbaycanın Konstitusiyası təyin edə bilər. Azərbaycanın ərazisində yaşayan 25 minlik etnik qrupa Fransanın səfiri status istəyə bilməz. O, bununla həm də diplomatik səlahiyyətlərini aşıb. Bu qətiyyən ona aid olan məsələ deyil. ATƏT-in Minsk Qrupu formatı 30 il ərzində özünü doğrultmadı. Hiss olunur ki, onlar bu format vasitəsilə hər iki ölkəyə təzyiq mexanizmi kimi saxlayıblar. Fransanın ölmüş bir təsisatı yenidən diriltmək cəhdi uğurla nəticələnə bilməz. Fransa bunu istəyirsə, köçürsün 25 min ermənini Marselə orada da məsələni həll etsin. Bizim topaqlarla ermənilərə referans etməsinlər. Azərbaycan Prezidenti son çıxışlarında da, bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoyub. Səfir Lakotun fikirləri populizmdən başqa nəsə deyil”.
Məhəmmədəli QƏRİBLİ