AXC - Müsavat hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi kontekstində hansı acı mirası qoydu?

“Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır”. Bunu Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb: “Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi”.
Prezident qeyd edib ki, sözügedən qüvvələr hakimiyyətə gələndən sonra ölkəni dağıtmağa başlayıblar: “İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər, kabelləri kəsib satırdılar. Kütləvi talançılıq baş alıb gedirdi. Nəticədə bir tərəfdən xalq buna dözmədi, digər tərəfdən 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal etmişdi. Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlamışdı”.
Bütün bu deyilənlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin AXC-Müsavat hakimiyyətindən qalmış acı miras olması fikri nə qədər əsaslıdır?
- “O zaman hakimiyyət uğrunda amansız mübarizə getməsəydi, Şuşanı işğaldan qorumaq olardı”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Prezidentin sözügedən yanaşması reallığa söykənir: “Məsələ ondadır ki, o zaman hakimiyyət uğrunda amansız mübarizə getməsəydi, Şuşanı işğaldan qorumaq olardı. Daha sonra isə Dağlıq Qarabağı separatçılardan təmizləmək o qədər də çətin olmazdı. Təəssüf ki, hakimiyyətə gəlmək uğrunda mübarizə aparan qüvvələr bunu düşünmədilər. Ölkədə yaranan hərcmərclik Şuşanın işğalına münbit zəmin yaratdı. Şuşanın işğalı nəticəsində gözəl Qarabağın ürəyini itirdik. Ən dəhşətlisi odur ki, Şuşanın işğalı Laçının da eyni aqibəti yaşamasına və ermənilərin Ermənistanla quru əlaqəsinin bərpasına gətirib çıxardı. Əsl fəlakət də ondan sonra başladı. Ermənilər quru yol vasitəsilə Qarabağa çoxsaylı hərbi texnika, döyüş sursatı, canlı qüvvə gətirdilər. Bu isə sonrakı mərhələlərdə digər 6 ətraf rayonun işğal edilməsinə gətirib çıxardı. Həqiqətən də o vaxt bunlar baş verməsəydi, münaqişənin həlli bu qədər uzanmazdı. O üzdən, Prezidentin bununla bağlı səsləndirdiyi fikirlər tamamilə əsaslıdır”.
Bütün bunlar onu göstərir ki, doğrudan da Qarabağ münaqişəsi AXC hakimiyyətindən qalan acı mirasdır.
Vidadi ORDAHALLI