Bakı zərgərlik dükanlarında saxta qızıl əməliyyatlarının miqyası genişlənir…

Kamran Məmmədli: “Azərbaycan qızıl bazarında da saxta qızıllar var”

img

Azərbaycanda qızıl bazarı ildən-ilə genişlənsə də, bununla bərabər saxta qızıl məmulatlarının satışı da artıb. İş ondadır ki, alıcılar çox vaxt malın üzərindəki əyara və sertifikata diqqət eləsələr də, bu heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir. Bəzi dələduzlar süni daşları “təbii” adı ilə istehlakçıya təqdim edir, həmçinin qızıl əyarlarını da səhv yazırlar.

Qeyd edək ki, Azərbaycan ərazisində pərakəndə ticarət obyektlərində qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır.

  • “Qızılın üzərindəki əyara da diqqət verilməlidir, qızılda əyar saxtakarlıqlarına yol verilir”

Iqtisadçı Kamran Məmmədli bildirdi ki, istehlakçı zinət əşyası alarkən satıcıdan malın sertifikatını, haradan alınması barədə və qiyməti haqqında sənədini və s. tələb etməlidir: “Qızılın üzərindəki əyara da diqqət verilməlidir. Onu da deyim ki, qızılda əyar saxtakarlıqlarına yol verilir. Məsələn, üzərində 585 əyar yazıldığı halda əslində məmulat 580, 550, 500 əyar olur. 585 əyar nə deməkdir? Yəni 1 qram məhsulun tərkibində 58,5 faiz təmiz qızıl var. Lakin həqiqətdə bundan aşağı olduğu halda yüksək rəqəm qeyd edilir. Bundan da kobud səhvlərə yol verilir. Məsələn, məmulat qızıl ilə radirovka edilir, bizim insanlar buna “qızıl suyu”na salmaq deyirlər, daha sonra onu qızıl adı ilə istehlakçıya satırlar.

Bəzi dələduzlar süni daşları “təbii” adı ilə istehlakçıya təqdim edirlər. Daşların xüsusi xarakteristikası, onların şəffaflığı və s. meyarlar var ki, bunu istehlakçı görmür. Sadəcə xüsusi zərgərlik lupaları vasitəsilə bunu müəyyən etmək olur. Məsələn, daşda xırda qara və qəhvəyi rəngdə ləkələr olur. Bunu müştəriyə demək lazımdır. Onu mükəmməl adı ilə müştəriyə satmaq artıq saxtakarlıqdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanın qızıl bazarında da saxta qızıllar var. Mütəmadi olaraq Maliyyə Nazirliyi tərəfindən belə saxta qızılların olmasının aşkarlanması, hətta bir sıra hallarda bununla bağlı cinayət işinin açılması haqqında da faktlar var: “Nəzarətin güclənməsi, bu istiqamətdə fəaliyyətin genişlənməsinə baxmayaraq, yenə də bəzi işbazlar saxta qızıl satmaqda maraqlıdır. Ona görə də qızıl bazarına saxta qızıl çıxarmaqda davam edirlər. Təklif edirik ki, qızıl satılan yerdə onun saxta və ya təmiz olmasının yoxlanılması üçün xüsusi avadanlıqlar quraşdırılsın və bu addım məcburi xarakter daşısın”.

Günel CƏLİLOVA

Son xəbərlər