Azərbaycanda sahibkarlar sinfi daha da güclənəcək, əgər icra başçıları imkan versə…

Bu gün respublikamızda sahibkarlığın inkişafı mühüm dövlət siyasətinə çevrilib. Ölkəmizin uğurlarında sahibkarların rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev dəfələrlə onlara süni problemlərin yaradılmasının yolverilməzliyini qətiyyətlə bəyan edib. Danılmaz faktdır ki, ölkəmizdə sahibkarlığın inkişafına geniş imkanlar yaradılıb. Buna baxmayaraq, bəzi məmurlar sahibkarlıqla məşğul olanlara mane olurlar.
Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda bəzi icra başçılarının sahibkarlıqla məşğul olmaq istəyənlərə mane olduğunu deyib: “İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı ilk növbədə qeyri-neft sektorunun hesabına təmin ediləcək. Əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır. Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb, ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər. Hansısa layihəni icra etmək istəyəndə, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizələr aparılır və ölkələr öz təkliflərini irəli sürür ki, investorları cəlb etsinlər. Ona görə də, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, məhz sizin rayonlarınıza onlar gəlib sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə, rayonların inkişafına töhfə versinlər. Bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cürə əziyyət verilir – buna yol vermək olmaz”.
İcra başçıları sahibkarlıqla məşğul olmaq istəyənlərə mane olurlar. Onların gəlirlərinə şərik olurlar. Maraqlıdır, sahibkarlar icra başçılarının zülmündən necə qurtulmalıdır?
- “…bəzi məmurlar öz mənafelərini düşünürdülər…”
Millət vəkili Ülvi Quliyev qeyd etdi ki, korrupsioner, rüşvətxor, xalqın malına göz dikən, sahibkarlığın inkişafına mane olan məmurlar ciddi şəkildə cəzalandırılmalıdır: “Prezidentin indiyədək fəaliyyəti müddətində hər zaman çıxışlarında məmurlara xalqın xidmətçisi olmağı, ölkədə vətəndaş məmnunluğunun yaradılması, insanların sosial rifah halının təmin olunması, sahibkarlığın inkişaf etdirilməsi və bu istiqamətdə onlara hərtərəfli dəstək verilməsi ilə bağlı xüsusi tapşırıqları olub. Təəssüflər olsun ki, bəzi məmurlar verilən bu tövsiyə və tapşırıqları yerinə yetirib etimadı doğrultmaq, islahatların yerlərdə uğurla həyata keçirilməsinə nail olmaqla məşğul olmayıblar. Onlar tutduqları postdan ancaq öz şəxsi maraqları üçün istifadə edərək, ölkə başçısının yürütdüyü siyasətin əksinə çıxaraq, faktiki olaraq, xəyanət yolunu seçiblər”.
Günel CƏLİLOVA