Ağsunun Gəgəli kəndi - 4 min sakinin yeganə tibb məntəqəsi bu gündədir…

Bəşər övladı var olandan bəri daim sağlam yaşamağın yollarını axtarıb, bu sahədə müxtəlif biliklərin əldə edilməsinə nail olub. Zaman keçdikcə bu biliklər tibbin inkişafına açar olub və indiki səhiyyənin formalaşmasına zəmin yaradıb. Səhiyyənin inkişafı üçün ölkə rəhbərliyinin göstərişi ilə lazımi işlər görülür. Ancaq buna baxmayaraq, bəzi bölgələrdə hələ də qeyd olunan sahəyə bəzi qurumlar barmaqarası yanaşır.
Belə bir vəziyyət Ağsu rayonunun Gəgəli kəndində fəalliyət göstərən tibb məntəqəsində müşahidə edilir. Qeyd edilən ünvanda olan tibb məntəqəsi uçub-dağılmaq üzrədir. Kənd sakinləri deyir ki, bu məntəqədə onlara normal tibbi xidmət göstərilmir. 5 minə yaxın əhalinin yaşadığı kənddəki tibb məntəqəsində cəmi 1 həkim və 1 tibb bacısı var.
Sakinlərin sözərinə görə, tibb məntəqəsinin divarlarında çatlar var, tavan hissəsi çürüyüb tökülür, elektrik xətləri təhlükə saçır.
- Ağsu Rayon Mərkəzi Xəstəxanası: “Gəgəli kəndində həkim məntəqəsində bir həkimdən əlavə 4 orta tibb işçisi də xidmət göstərir”
Məsələ ilə bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasından bildirildi ki, Gəgəli kəndində həkim məntəqəsində bir həkimdən əlavə 4 orta tibb işçisi də xidmət göstərir. Həkim məntəqəsindəki xidmətdə isə narahatlıq yoxdur.
- Rasif Bağırov: “Bir çox kəndlərdə isə heç tibb məntəqəsi yoxdur”
Həkim ekspert Rasif Bağırov bildirdi ki, Azərbaycanın bütün rayonlarında, hətta böyük qəsəbə və kəndlərində həkim çatışmazlığı var. Bir çox kəndlərdə isə heç tibb məntəqəsi yoxdur. İnsanlar ən yüngül problemi də həll etmək üçün ya rayon mərkəzinə, ya da Bakıya getməli olurlar. Xəstəxanalarda isə, ümumiyyətlə, yüzlərlə həkim çatışmazlığı var: “Ucqar ərazilərdə həkim çatışmazlığı ilə bağlı Tibb Universitetini pulsuz oxuyan tələbələr təyinatla rayonlara göndərilməli və ən azı 2 il orada işləməlidirlər. Bölgələrdə həkim çatışmazlığı problemini həll etmək üçün dövlət proqramı qəbul olunmalıdır”.
Günel CƏLİLOVA