Tarixdə iz buraxanlar: Kazım Qarabəkir

Türk dünyasının tarixi şəxsiyyəti Kazım Qarabəkir 1882-ci ildə İstanbulda anadan olub. O, millətçi bir əsgər və dövlət adamı idi. Atası Krım qazisi Məhməd Əmin paşa, anası Həvva xanımdır.
Kazım Qarabəkir İstanbulun Zeyrək məhəlləsində başlatdığı ilk təhsilini atasının iş yerlərini dəyişməsilə Van, Harput və Məkkədə davam etdirib. Orta təhsilini Fateh hərbi rüşdiyyəsi və Kureli hərbi məktəbində tamamladıqdan sonra Hərbiyyə məktəbinə girib. 1902-ci ildə Hərbiyyə məktəbindən məzun olduqdan sonra Hərb Akademiyasına daxil olub. Bu elmi müəssisəni də birinciliklə bitirdikdən sonra orduda yüzbaşı olaraq iki illik təcrübəsini Monastırda tamamlayıb. Monastır Erkanı Hərbiyyəsində vəzifə alaraq rum və bolqar komitəçilərinə qarşı vuruşmalarda iştirak edib. Bu vuruşmalarda yeddi dəfə uğur əldə edib. Ön yüzbaşı rütbəsilə təltif olunub, 1907-ci ildə İstanbul Hərbiyyə məktəbinə təyin edilib. İttihad və Tərəqqi firqəsinin Monastır və İstanbul mərkəzlərində çalışıb. 1908-ci ildə İkinci Məşrutiyyətin elanı ilə Ədirnədəki Üçüncü piyada tüməninə Erkanı Hərbiyyəliyinə təyin edilib. O zaman baş verən 31 mart hadisəsi nəticəsində hərəkat ordusuna qatılaraq İstanbula gəlib. Bəyoğlu qışlası vuruşmalarında və Yıldız sarayının işğalında iştirak edib. 1910-cu ildə Arnavut üsyanının yatırılmasına Hərəkat və Erkai hərb rəis vəkili olaraq qatılıb. 1912-ci ildə Ədirnəyə döndükdə minbaşı rütbəsinə yüksəlib və Sərhəd komissarının vəkili olaraq çalışıb. Sonra alman heyətində vəzifə alaraq Avropaya gedib. 1914-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəlib.
I Dünya müharibəsində (1914-1918-ci illər) Birinci Qüvvə komandanlığında vəzifə başında ikən İran hərəkatına qatılıb (1914-cü il). Daha sonra İstanbula çağırılıb və Qartaldakı 14-cü hissənin komandanlığına təyin olunaraq Çanaqqala müharibəsinə qatılıb (1915-ci il). Bir il sonra polkovnik rütbəsilə təltif edilərək İraq cəbhəsinə göndərilib. Şərqdə müxtəlif birliklərə rəhbərlik etdikdən sonra 1918-ci ildə Ərzincandakı Birinci Qafqaz artilleriyasına komandan təyin olunub. Rus dəstəyindəki erməni ordusuna qarşı Ərzincan və Ərzurumda müvəffəqiyyətlə nəticələnən hərəkatlar təşkil edib. Şərqdəki qətliam və insanlıq xaricindəki hərəkətlərin qarşısını alıb. Ordu rəhbərliyinin və əhalinin təqdirini qazanan Kazım Qarabəkir general-mayor rütbəsilə təltif edilib.
I Dünya müharibəsinin sonunda müttəfiq dövlətlər məğlub sayılınca yeddi cəbhədə şan və şərəflə döyüşən türk ordusu 1918-ci ildə "Mondros müqaviləsi" ilə silahı buraxmaq məcburiyyətində qalıb. Kazım Qarabəkir paşa ona təklif edilən Ümumi Qərargah rəisliyini qəbul etməyərək, Anadoluda milli mücadilə hərəkatına qatılıb. Əvvəl Ərzurumdakı 15-ci artilleriya komandanlığına təyin olunub. İttifaqda olan dövlətlərin bütün təhdidlərinə baxmayaraq, Ərzurum konfransını tərtib etdirib və Mustafa Kamal paşanın təqdirini qazanıb. Kazım Qarabəkir Türk İstiqlal savaşının çox əhəmiyyətli dönüş nöqtəsi olan Ərzurum konfransının keçirilməsində tarixi bir rol oynayıb.
Kazım Qarabəkir paşa Atatürkün ən yaxın silahdaşı olub. O, Atatürk inqilabına hərbi və siyasi təcrübəsi ilə böyük töhfə verib. Yəni Kazım Qarabəkir paşa Türkiyənin İstiqlal savaşında (1918-1923) fəal iştirak edib, Şərq cəbhəsinin komandanı kimi bir sıra əzəli türk torpaqlarının geri qaytarılmasında əvəzsiz xidmətlər göstərib. Sarıqamış və Qarsda erməniləri məğlub edərək onlara "Gümrü müqaviləsi"ni diqtə edib. "Gümrü müqaviləsi" türk istiqlal mücadiləsinin ilk millətlərarası müqaviləsidir. Bu müqavilə ilə Ərdəhan, Artvin və Qars milli sərhədlərin daxilinə alınıb. Türk heyətinin rəhbəri olaraq Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistan Sovet təmsilçilərilə 13 oktyabr 1921-ci ildə "Qars müqaviləsi"ni imzalayıb. Bu müqavilə ilə Türkiyə və Sovet İttifaqı sərhədinin bugünkü şəkli təsbit edilib. Bu nəticənin əldə edilməsində general-mayor Kazım Qarabəkirin tarixi xidmətləri olub.
O zaman bolşevik çevrilişindən sonra Türkiyə ilə Rusiya arasında imzalanan Ərzincan müqaviləsinin şərtlərinə görə, ruslar Şərqi Anadoludan çəkilməli idilər. Fəqət onlar işğal etdikləri ərazilərdən çəkilərkən həmin yerləri ermənilərə təslim etməyə çalışıblar. 1918-ci ilin əvvəllərində Andranikin daşnak ordusu Ərzurum, Qars, Van, Bitlis, Muş, Naxçıvan və Zəngəzur da daxil olmaqla o bölgədə erməni dövləti yaratmaq üçün əhalini qılıncdan keçirir, amansız qətllər törədirdilər. Vəziyyət o yerə çatır ki, Naxçıvan əhalisi ermənilərin törətdiyi vəhşiliyin qarşısını almaq üçün türk ordusuna müraciət edir. Böyük sərkərdə, general-mayor Kazım Qarabəkir vaxt itirmədən özünü naxçıvanlıların köməyinə çatdırır. O vaxt Naxçıvanda vəziyyət olduqca ağır idi, silahsız, topsuz-tüfəngsiz əhali erməni qaniçənlərin qarşısında təkbaşına qalmışdı. Peşəkar hərbçi kimi vəziyyəti və şəraiti dəyərləndirən Kazım Qarabəkir paşanın rəhbərliyi ilə Türk-Qafqaz ordusu hərbi əməliyyata başlayır və Andranikin quldur dəstəsini darmadağın etməklə Naxçıvanda özünüidarə hökumətinin qurulmasına yardımçı olur. Məqsədinə nail ola bilməyən erməni daşnaklar onları qızışdıran havadarlarının təzyiqi ilə yenidən torpaq iddiasını gündəmə gətirirlər. İranın şimal-qərbində ingilislərə qarşı apardığı uğurlu əməliyyatdan sonra Kazım Qarabəkir qərargahını Təbrizdən Naxçıvana köçürür. Onun bu gəlişini Naxçıvan camaatı sevinclə qarşılasa da, Birinci Dünya müharibəsinin nəticələrinə və müqavilə şərtlərinə görə Qarabəkir paşa və ordusu Naxçıvanı tərk etməli idi. Amma Naxçıvanı necə ümidsiz, köməksiz qoyub getmək olardı? Yaranan vəziyyəti hərtərəfli incələyən hərbi-siyasi xadim, general Kazım Qarabəkir çıxış yolunu tapır. Onun təklifilə Naxçıvanda yerli Araz-Türk hökuməti yaradılır.
General Kazım Qarabəkir paşanın komandanlığında tarixi Azərbaycan bölgəsi olan Naxçıvan düşmən işğalından təmizlənsə də, 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cumhuriyyəti süqut edir və XI qırmızı ordu sərhədlərdən içəri daxil olur. Ruslar Naxçıvanı ermənilərə vermək üçün yenidən fəaliyyətə başlayır, uydurma fikirlərlə türk qoşunlarının Naxçıvandan çıxmasını tələb edir. Bu tələblərə baxmayaraq, Kazım Qarabəkir paşa daha 8 ay oradakı taborlarla birlikdə Naxçıvanda qalır. Bu qəhrəman türk generalının məqsədi Naxçıvanın taleyi üçün tam siyasi təminat almaq, nəyin bahasına olursa-olsun, buranı erməni-rus caynağından xilas etmək idi. Bunun üçün birinci addım Naxçıvan məsələsini Moskva müqaviləsinin əsas bəndlərindən birinə salmaq idi. Bu məqsədlə o, var gücü ilə çalışır. Sonradan yazdığı "Bolşeviklərlə səkkiz ay birlikdə" xatirələr kitabında Azərbaycan türkləri ilə birlikdə çiyin-çiyinə erməni işğalçılarına qarşı mübarizədən və Naxçıvanın taleyindən bəhs edir.
Naxçıvan uğrunda gedən qanlı döyüşlər səngisə də, bölgənin taleyi həll olunmamışdı, düşmənlər bu torpaqları uydurulmuş Ermənistan ərazisinə qatmaq üçün dəridən-qabıqdan çıxırdılar. Fəqət qəhrəman türk sərkərdəsi Kazım Qarabəkir paşa, Türkiyənin özündə vəziyyətin son dərəcə ağır olmasına baxmayaraq, Naxçıvanın bir qarışını da düşmənə vermək niyyətində deyildi. 1921-ci ilin mart ayının 16-da Moskvada Rusiya ilə Türkiyə arasında, 1921-ci il oktyabr ayının 13-də isə Qarsda Türkiyə ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında anlaşma imzalanır. Rusiya nümayəndəsinin iştirakı ilə bağlanan müqavilədə Naxçıvanın Azərbaycanın tərkibində qalması və muxtar statusa malik olması, eləcə də Naxçıvanın taleyi ilə bağlı təhlükə yarandıqda Türkiyənin təminatçılığı məsələsi birdəfəlik öz həllini tapır. Bu tarixi müqaviləni imzalayan nümayəndələrdən biri də general Kazım Qarabəkir paşa idi.
Türk sərkərdəsi və dövlət xadimi Kazım Qarabəkir Birinci Dünya müharibəsi dövründə Şərqi Anadolunu və Naxçıvanı rus və erməni işğalından xilas edib və bu xidmətinə görə "Şərq Fatehi" adını qazanıb. Bu gün Kazım Qarabəkir paşa Naxçıvanda bir qəhrəman kimi xatırlanır.
Bu da bir həqiqətdir ki, Kazım Qarabəkir paşa 1918-1920-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisinin erməni silahlılarının təcavüzündən müdafiə edilməsində çox böyük və bənzərsiz xidmətlər göstərib.
Naxçıvanın mədəni həyatında yaxından iştirak edən Kazım Qarabəkir paşa şəhərdə teatrın fəaliyyətini bərpa edib, tədris müəssisələri açıb, məktəblər üçün Türkiyədən çox sayda dərsliklər gətirdib. Eyni zamanda, hərbi vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verən və nizami ordu quruculuğunun vacibliyini nəzərə alan Kazım Qarabəkir paşa bu işi öyrənmək üçün bir qrup gənci Türkiyə məktəblərinə oxumağa göndərib.
Bəşər tarixi çox sərkərdələr görüb. Ancaq Kazım Qarabəkirin şəxsində tamam ayrı-ayrı sənət sahiblərinə xas xüsusiyyətlər cəmləşdiyindən, o bütün bu işlərin öhdəsindən qibtəolunacaq dərəcədə bacarıqla gələ bilib. Türk dünyası üçün general-mayor Kazım Qarabəkir paşa müharibə sənətinin zirvəsində dayanır. Onun ən böyük arzusu xalqını azad görmək olub.
Kazım Qarabəkir Türkiyə Böyük Millət Məclisinin birinci dövrə seçkilərində (1920-ci il) Ədirnədən millət vəkili seçilib. İstiqlal müharibəsindən sonra Ankaradakı Birinci ordunun müfəttişliyinə təyin edilib. 1923-cü ildə ikinci dövrə seçkilərində İstanbuldan millət vəkili seçilib. 1924-cü ildə təşkilatçısı olduğu Cumhuriyyət dövrünün ilk müxalifət partiyası tərəqqipərvər Cumhuriyyət firqəsinin rəhbərliyinə seçilib.
Təkpartiyalılıq dövründə küskün olaraq 1938-ci ilə qədər İstanbulda qalan Kazım Qarabəkir 1938-ci ildə təkrar siyasi həyata atılır və İsmət paşanın arzusunu qəbul edərək CHP-dən İstanbul millət vəkili seçilir. 1946-cı ildə TBMM rəhbərliyinə gətirilir və 1946-1948-ci illərdə Böyük Millət Məclisinin sədri olur. Bu vəzifədə ikən 1948-ci il yanvar ayının 26-da infarkt keçirərək vəfat edir və Ankara şəhidliyində dəfn edilir.
Komandan və siyasi xadim olaraq Türkiyədə müxtəlif vəzifələrdə çalışan general Kazım Qarabəkir paşanın hərbi, siyasi, iqtisadi mövzularda və bu tarixi atamızın xatirələrini ehtiva edən kitabları var və maarif sahələrində bir çox əsərlərin müəllifidir. Naxçıvanda tikilən məscidə görkəmli türk sərkərdəsi və ictimai xadim, 1918-1921-ci illərdə Naxçıvan diyarını erməni quldurlarından təmizləyən Kazım Qarabəkir paşanın adı verilib.
Ruhu şad olsun!
Fazil QARAOĞLU
professor