Əsədin üzərində Rusiya-Səudiyyə neft bazarlığı başladı

Moskvanın Suriyada hərbi əməliyyatlarından narahat olan əsas tərəflərdən biri də neft istehsalına görə dünyada mühüm yer tutan ölkələr sırasında yer alan Səudiyyə Ərəbistanıdır. Bu ölkə Rusiyanın Suriyada hərbi əməliyyatları dayandırması naminə neft bazarında Moskvaya müəyyən güzəştlər edə biləcəyini də bildirib.
Amma Rusiya, Səudiyyə Ərəbistanının istəyinin əksinə olaraq, Bəşər Əsədi dəstəkləməkdən imtina etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, bu günlərdə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr və müdafiə naziri Məhəmməd bin Salman Rusiya prezidenti Vladimir Putin və rusiyalı həmkarı Sergey Lavrovla Soçidə görüş keçirib. Ərəb şeyxləri rusları Suriyadan geri çəkilməyə dəvət edib və baş verənlərin yeni müharibəyə yol aça biləcəyini diqqətə çatdırıb. Moskvanın cavabı isə sərt olub. Lavrov bu xüsusda bildirib: "Rusiya Suriyada vurduğu hədəflərlə bağlı Səudiyyə Ərəbistanının narahatlığını anlayır. Lakin biz terrora qarşı ortaq hərəkət etməyimizin mümkün olduğunu dedik. Ər-Riyad rəsmiləri də buna normal münasibət bəslədiklərini bildirdilər". Ruslardan rədd cavabının alınmasını isə Səudiyyə Ərəbistanı Moskvaya bağışlamaq niyyətində deyil. Ərəblər Kremlə böyük zərbə kimi yenidən neft amilini işə salır.
Belə ki, Səudiyyə Ərəbistanı ilk dəfə Avropa neft bazarına girib və artıq Polşaya neft çatdırmağa başlayıb. Səudiyyə neftinin Polşaya daxil olması Rusiyanı bu ölkə bazarından sıxışdırıb. Rusiya Polşaya ildə 20 milyon ton neft satırdı. Rusiyanın energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanının Avropa neft bazarına girməsini ciddi çağırış adlandırıb: "Bizdə neft bazarları qlobaldır. Hər ölkə neftini kimə, hara satmaqda sərbəstdir. Bu rəqabətdir və hazırda olduqca sərt rəqabət gedir... Biz görürük ki, Səudiyyə Ərəbistanı neft bazarında rəqabətdə iştirak etmək strategiyasını reallaşdırır, ona görə də hamı buna hazır olmalıdır. Xüsusən də neft bazarında təklifin tələbi xeyli üstələdiyi bir vaxtda".
"Röyters" agentliyi baş verənlər fonunda Rusiyanın Avropa bazarı uğrunda mübarizəni genişlətdiyini yazır: "Moskva Səudiyyə Ərəbistanının Avropa bazarına çıxışını qəbul etmək istəmir və bu istiqamətdə amansız rəqabət gedir". Agentlik qeyd edir ki, Moskva ilə Ər-Riyadın Suriyada fikir ayrılığı Avropa bazarına münasibətdə də özünü göstərir: "Rusiya oktyabrın 21-də OPEK ölkələrinin müşavirəsində iştirak edəcək. OPEK-ə daxil olmayan 8 ölkə var. Bunlar Rusiya, Azərbaycan, Qazaxıstan, Braziliya, Kolumbiya, Meksika, Norveç və Omandır. Müşavirədə Venesuela aşağı keyfiyyətli neftin barrelinin 70 dollar qiymətində saxlanması üçün yeni strategiya təklif edəcək. Küveytin neft sənayesi naziri də bildirdi ki, OPEK bu strategiyanı müzakirə edəcək". "Röyters" əlavə edir ki, söhbət neft xammalı bazarı uğrunda mübarizədən gedir: "Dünyada ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı ildə təxminən 20 milyon ton xammalı Polşaya çatdırmaqla Rusiyanı bu bazardan çıxarmağa başlayıb". "Röyters" yazır ki, neft bazarı uğrunda mübarizə yeni müharibələrə də yol aça bilər: "Xüsusilə Yaxın Şərqdə üz-üzə gələn neft ölkələri üçün bu qaçılmaz hala çevriləcək. Neft istehsal edən daha kiçik ölkələr üçün də çətin dönəm başlaya bilər və onlar tərəf seçməkdə çətinlik çəkəcək".
Bu arada Qərbi Afrikadan Avropaya günə 1,6 milyon barrel neft daşınması da burada əvvəlki tarazlığı pozub. İndi Qərbi Afrika nefti ilə yanaşı, Səudiyyə Ərəbistanı neftinin də Avropa bazarına girməsi, şübhəsiz ki, Rusiya və digər ölkələr üçün müəyyən çətinliklər yaradacaq. Elə bu səbəbdən gözlənir ki, Rusiya Avropa bazarlarında mövqeyini qorumaq üçün neftin daha da ucuzlaşdırılmasına getsin. Belə vəziyyət isə təkcə neft bazarında yox, bütün dünya iqtisadiyyatında ciddi böhrana səbəb olmaq iqtidarındadır. Neft hasilatçısı kimi Azərbaycan da prosesləri yaxından izləyir. Hazırda ölkəmiz bazarda mümkün dəyişikliyə hazır olmaq üçün neft ixracını şaxələndirməyə daha çox diqqət yetirməkdədir.
Bu arada bir məqamı da qeyd edək ki, İranın üzərindən sanksiyalar götrüləcəyi təqdirdə bu da neft bazarında qiymətlərə ciddi təsir göstərəcək faktorlar sırasında yer alacaq. Ölkə prezidenti Həsən Ruhani isə yerli televiziya kanallarından birinə müsahibəsində deyib ki, iki ayadək sanksiyalar qaldırılacaq, ölkədə yeni dönəm başlayacaq. Onun fikrincə, İranın düşmənləri sanksiya və təzyiqlərdən alət kimi istifadə edir: "Bu basqıları davam etdirənlər nüvə proqramımızla bağlı müzakirələrdə sanksiyaları ön plana çıxaranlardır". H.Ruhani deyib ki, sanksiyalar qaldırıldıqdan sonra İran iqtisadiyyatı dirçələcək: "Bu isə bir müddət sonra ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcək". İran neftinin daha böyük həcmdə Avropa bazarlarına çıxması isə neftin qiymətinə yalnız mənfi istiqamətdə təsir edəcək.
Nahid SALAYEV