Tarixdə iz buraxanlar: Bəxtiyar Vahabzadə

Türk dünyasının tanınan şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə 16 avqust 1925-ci ildə Azərbaycanın qədim şeir-sənət mərkəzlərindən biri olan Şəki şəhərində anadan olub. İlk təhsilinə Şəki şəhərində başlayan məşhur şair orta məktəbi Azərbaycanın paytaxtı Bakı şəhərində bitirib. Orta məktəbi əla qiymətlərlə bitirən gənc Bəxtiyar Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
Hələ məktəb illərindən yazmağa başlayan gənc şairin ilk şeiri 1944-cü ildə yayımlanıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. Gənc olmasına baxmayaraq, bu tarixi şəxsiyyət 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilib. 1947-ci ildə Filologiya fakültəsini müvəffəqiyyətlə bitirən görkəmli şair 1951-ci ildə bu fakültədə dərs verməyə başlayıb.
Şeirlərini yazmaqda davam edən Bəxtiyar Vahabzadə elm dünyasında da sürətlə irəliləyb. O, "Səməd Vurğunun lirizmi" mövzusunda namizədlik və "Səməd Vurğunun sənətkarlıq yolu" mövzusundakı doktorluq dissertasiyalarını müdafiə edib, 1964-cü ildə yüksək elmi ada - elmlər doktoru adına layiq görülüb.
Dəfələrlə Türkiyəyə gedib türklüyün tarixini araşdırıb. Hələ o illərdən Türkiyədə tanınmağa başlayan Bəxtiyar Vahabzadə Türkiyəni öz Vətəni qədər sevib. Bu sevgini anlayan Türkiyənin yazıçıları və elm adamları onun barəsində çox sayda yazılar yazıb nəşr etdiriblər.
Klassik və yeni Azərbaycan şeirində mövcud olan bütün xüsusiyyətləri öz şeirlərində toplayan Bəxtiyar Vahabzadə Vətən mövzusunu mənalı ifadələrlə anladıb. Zaman-zaman əruz vəznindən istifadə edən və sərbəst misralarla yazan şair ən çox hecə vəznindən istifadə edib. Türk dünyasının məşhur şairi Füzuli başda olmaqla, Azəri divan və xalq şeirinin ustadlarına böyük hörmət və heyranlıq bəsləyən Vahabzadə klassik nümunələr içərisində də yeni məsələləri və xəbərdarlıqları rahatca dilə gətirib.
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Şairin insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun güclənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edib.
Bəxtiyar müəllim şair kimi də, ictimai xadim kimi də, vətəndaş kimi də ana dilimizin həm təbliğatçısı, həm qoruyucusu, həm də yaradıcısı kimi tanınırdı. Qətiyyətlə demək istərdik ki, Bəxtiyar müəllimin sözün əsl mənasında müasir Azərbaycan ədəbi dilinin inkişafında xüsusi xidmətləri olub.
Bəxtiyar Vahabzadə şair və vətəndaş idi. Onun şeirlərində zahiri planda görünməsə də, yazıların alt planını, müəllif ideyasının bütün mahiyyətini təşkil edən bir qızıl xətti milliliklə bağlıdır. Bir rəsmi təqdimatda Azərbaycan Respublikası Ali Sovetinin deputatı Bəxtiyar Vahabzadə haqqında belə deyilib: "Bəxtiyar Vahabzadənin evi bir növ millətin ümid qapısına dönüb. Belə ki, müxtəlif kənd və rayonlardan hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və hər birinin dərdinə əlac edir. Respublika parlamentinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrində o, xalq mənafeyinin əsl müdafiəçisi olub, milli mənafeləri şəxsi mənafedən üstün tutub, hamının dərin hörmət və məhəbbətini qazanıb."
Bəxtiyar Vahabzadəyə görə, hər bir şair Vətən sevgisinin və millət eşqinin təmsilçisi olmalıdır. Milli mədəniyyətini, Vətən sevgisini, ailə istiliyini, ana, qardaş, övlad məhəbbətini ən gözəl və mənalı şəkildə, qeyri-adi duyğularla anlatmalı, haqq və həqiqət yolunda hər cür mücadilə verməli, millətinin mənəviyyat və müqəddəslərini, canı bahasına olsa belə, qorumalı və sevdirməlidir.
Xalqımızın milli özünüdərkində, milli ruhun oyanmasında, həmçinin bədii-fəlsəfi, poetik fikir tariximizin inkişafında özünəməxsus xidmətləri olan, əsərlərini böyük vətəndaşlıq narahatlığı ilə qələmə alan xalq şairi Bəxtiyar Vahabzadə xalqımıza qarşı aparılan ağır siyasətə hiddətli etiraz səsini qaldırardı. O, ən yüksək kürsülərdə öz sözünü deməkdən çəkinməzdi.
"...Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu müstəsna dərəcədə zəruri bir haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən..." - deyib məşhur yazıçı-şair Çingiz Aytmatov.
Görkəmli azərbaycanlı şair, dramaturq, Azərbaycanın xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, M.F.Axundov adına ədəbi mükafat və "İstiqlal" ordeni ilə təltif olunan, Azərbaycan Respublikası Ali Sovetinin deputatı Bəxtiyar Vahabzadə özünü qeyb etmiş, ruslara qapılmış, yad dəyər və adətlərə heyran, dəblərə düşkün bəzi zümrələri şeirlərində qınayıb və həcv edib. Dünyaca tanınan və özünə xas bir yolu olan məşhur şair təqlidçiliyi şəxsiyyətsizlik sayıb. Ona sorulan bir soruya: "Mənim türk gənclərinə, eyni zamanda Azərbaycan gəncliyinə sözüm budur: kökdən, soydan ayrılmayın!.. Türk gəncləri Qərbə çox meyllidir. Halbuki, türklərin Qərbdən bəzi texniki məlumatlar xaricində alacaqları bir şey yoxdur..." - cavabını verib.
Azərbaycan şeirinin ən böyük təmsilçilərindən biri olan Bəxtiyar Vahabzadə söyləmək istədiyini şeirlərində aydın və mənalı bir şəkildə açıqca söyləyərdi. Bir baxın, görün bu dahi şəxsiyyət həyat barəsində nə deyir:
"Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun yaşamağı yanmağındadır!"
Bəxtiyar Vahabzadənin "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərində faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda təsvir edilib. Onun bir çox pyesləri Azərbaycan Dövlət Akademik Mill Dram Teatrında tamaşaya qoyulub.
Bəxtiyar Vahabzadə tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanan Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Bu poemaya görə şair 1962-ci ildə "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə yenidən bərpa edilib. Onu da qeyd edək ki, Bəxtiyar Vahabzadə 40 il Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru vəzifəsində fəaliyyətdə olub.
Bəxtiyar Vahabzadə Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, iri həcmli poema və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib.
Klassik və yeni Azərbaycan şeirində mövcud olan bütün xüsusiyyətləri öz şeirlərində toplayan Bəxtiyar Vahabzadə Vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən dərin və mənalı ifadələrlə öz şeirlərində anladıb. Xalqı oyandırmaq məqsədilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində milli mövzuları ən güclü və dərin məzmunlarla izah edib. O, müasir Azərbaycan poeziyasında milli istiqlal və azadlıq ideyalarını yenidən bərpa edən, qədim şeirimizin müdriklik, fəlsəfi dərinlik kimi ənənələrini şeir üslubu ilə birləşdirən görkəmli xalq şairidir. Bəxtiyar Vahabzadə 1988-ci ildəki xalq hərəkatının liderlərindən biri olub.
Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu Vətən sevgisi olmaqdadır. Bir müsahibəsində ona verilən: "Bütöv olmayan Azərbaycanın bir hissəsi Qarabağa bir müddət əvvəl ziyalılarımız getmişdilər. Bu səfərin davam etdirilməsi gözlənir. Sizə imkan verərlərsə, Qarabağa, Şuşaya gedərdinizmi" sualına belə cavab verib: "İşğal altında olan torpaqlarımıza getmək arzum yoxdur. Mən oraları görüb dözə bilmərəm. Vətənimi yağı tapdağında görmək istəmirəm. İrana gedəndə bir neçə gün Təbrizdə qaldım. Ürəyim çox ağrıdı. Dükanlara baxırdım, eynən Şəkidəki kimi idi. Amma mənim soydaşlarım orada boynubükük, əl-qolu bağlıdır. Bu mənim üçün çox ağır dərddir. Allah bizə Təbrizi, Qarabağı, Azərbaycanı bir yerdə, bütöv görmək qismət etsin! O gün olsun siz mənimlə Şuşada üz-üzə oturub söhbət edəsiniz", - deyib.
Ermənilərin separatçı-bölücü siyasətinə, xalqımıza qarşı yürüdülən hiylə, böhtan dolu yazılarına etiraz etməsinə, erməni və erməni yönlü mətbu informasiya mənbələrinə müqavimət göstərməyə çalışmasına, xarici mətbuatın bizə qarşı çıxmalarına vaxtlı-vaxtında layiqli cavab verməsinə baxmayaraq, Bəxtiyar Vahabzadənin ruhu sarsılardı.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə Respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şeir kitabları, dramları və publisist yazıları dünyanın bir çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və Sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilib və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanıb. Son illərdə Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadə qədər ümumxalq məhəbbəti qazanan ikinci bir şairin adını çəkmək çox çətindir.
Ümumilikdə Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə tərcümə edilib.
Dərin məlumata malik olan xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığı ilə hər zaman diqqət mərkəzində olub, onun əsərləri həmişəyaşar əsərlər olaraq qalacaq. Bu tarixi şəxsiyyət 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
Biz bu tarixi şəxsiyyətimizin xidmətlərini həmişə yad etməyə borcluyuq. O, millətinin parlayan və sonsuzluğa qədər parlayacaq sönməz bir ulduzudur!
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
professor