Vaqif Sultanlının hekayələr kitabı Rusiyada yayınlanıb

img

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Kül qəfəs” (“Pepelnaya kletka”) adlı kitabı Rusiyada nəşr olunub.

Sankt Peterburqun “Super” nəşriyyatında çap olunan kitaba müəllifin müxtəlif dönəmlərdə yazıb mətbuatda və antoloji toplularda dərc etdirdiyi “Zolaqlı yuva”, “Tərs axın”, “Ağ yol”, “Qütb gecəsi”, “Nəvai-Qumru”, “Kor düyün”, “Axşam günəşi”, “Ada”, “Yad”, “İlan əfsanəsi” və başqa hekayələri daxil edilib. Tanınmış yazar və tərcüməçi İnessa Lovkovanın redaktorluğu ilə nəşr olunan hekayələri rus dilinə Natəvan Xəlilova, Mədinə Eldarova, Nadir Ağasıyev, Liliya Gərayzadə və Cavid Abbaslı çevirib. 

Kitaba daxil edilən hekayələrin əsas mövzusu çağdaş cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə, yaddaşsızlaşma, biganələşmə, mənəvi aşınma kimi ciddi sosial və əxlaqi sorunlara söykənir. Real və şərti-metaforik üslubun qovuşuğunda  qələmə alınan yazılarda müəllif mənsub olduğu ictimai mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışıb.

Qeyd edək ki, “Kül qəfəs” Vaqif Sultanlının rusdilli oxuculara təqdim olunan ilk kitabı deyil. Bundan öncə müəllifin “Yarpaqsız budaqların yaşıl nəğməsi” (2017), “Ölüm yuxusu” (2018), “Səhra savaşı” (2019) kitabları müxtəlif nəşriyyatlarda yayımlanıb.

Kitabı ozon.ru, litres ru, amazon com və başqa saytlardan əldə etmək olar.

İradə SARIYEVA

Son xəbərlər