Elçin Əfəndi: “600-dən çox bal toplayanların böyük əksəriyyəti xarici ölkələrdə təhsil almağa üstünlük verir”

Məlum olduğu kimi, bu il IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Bildirilib ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub.
Qeyd edək ki, son illər bu kimi hadisələr tez-tez yaşanır. Belə ki, ali məktəbə qəbul imtahanında yüksək bal toplayanlar Azərbaycan universitetlərində deyil, xaricdə oxumağa daha çox üstünlük verir.
- “Dövlətin cəmi bir tibb məktəbi var, yeni bir tibb istiqaməti üzrə ali təhsil müəssisəsi yaranmalıdır ki, tələbələrin xaricə axınının qarşısı alınsın”
Təhsil eksperti Elçin Əfəndi qeyd etdi ki, 600-dən çox bal toplayanların böyük əksəriyyəti xarici ölkələrdə təhsil almağa üstünlük verir: “Bu, gələcək üçün dövlət və eyni zamanda cəmiyyətin inkişafı ilə bağlı təəssüfləndirici məqamı ortaya çıxarır. Bununla bağlı müvafiq islahatlar həyata keçirilməlidir. Yüksək bal toplayanların işlə təminatı məsələsi önə çıxarılmalıdır. Dövlət tərəfindən belə bir layihəyə start verilə bilər ki, 650-dən yuxarı bal toplayan tələbələr birbaşa işlə təmin olunsunlar. Bu, həm onları yüksək bal toplamağa motivasiya edər, eyni zamanda həmin tələbələr ölkənin ali təhsil müəssisələrində təhsil alıb, gələcəkdə də işlə təmin olunaraq karyeralarına başlaya bilərlər”.
Ekspertin sözlərinə görə, 700 bal toplayan Nigar Ağazadə Türkiyədə tibb təhsil almağa qərar verib. O, tam təqaüdlü təhsil hüququ qazanıb: “Müvafiq olaraq təqaüd alacaq və həmin müddətdə də kifayət qədər yüksək təhsil alacaq. Məlumdur ki, Azərbaycanda tibb sahəsi üzrə iki təhsil müəssisəsi var. Həmin universitetlərdə də təhsilin keyfiyyət göstəricisi Nigarı qane etməyib və bu səbəbdən də xaricə üz tutub. Biz hər dəfə deyirik ki, ölkədə Tibb Universitetinin alternativi yaranmalıdır. Dövlətin cəmi bir tibb məktəbi var. Yeni bir tibb istiqaməti üzrə ali təhsil müəssisəsi yaranmalıdır. Belə olan halda rəqabət yaranacaq və kim daha yaxşı təhsil təqdim edə bilirsə, tələbələr oranı seçəcək. Ümid edirəm ki, bu, tələbələrin xaricə axınının qarşısını alacaq”.
Günel CƏLİLOVA