Xeyriyyəçilik qanunu qəbul edilir - saxta xeyriyyəçiliklərin, "iki corab" götürüb hərbi hissələrə qaçanların yolu kəsiləcək...

Aytəkin Kamranqızı: “Cəmiyyətdə bir xeyriyyəçilik ənənəsi formalaşıb”

img

Xəbər verildiyi kimi, “Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsinin hazırlanması üzərində iş davam etdiriləcək. Qanun layihəsinin hazırlanmasında məqsəd xeyriyyəçiliklə məşğul olanlara şərait yaratmaq və bu işlə əsl xeyriyyəçilərin məşğul olmalarıdır.

Qeyd edək ki, son zamanlar bəzi şəxslər marketdən yarım kiloqram düyü, şəkər və digər ərzaqları alır, aldıqları məhsulu paketləşdirir, onun şəklini sosial şəbəkədə geniş şəkildə yayır və xeyriyyəçilik etdiklərini aləmə səs salırlar. Ancaq unutmaq lazım deyil ki, el arasında belə bir məsələ var: “bir əlin verdiyini, o biri əl bilməməlidir”. Lakin indiki yardımsevərlər 1 cüt corab və ya yarım kiloqram məhsul yardım etməklə özlərini xeyriyyəçi adlandırırlar. Elə xeyriyyəçilər də var ki, heç onları biz tanımırıq. Onlar sakitcə böyük yardımlar edir və bu haqda heç yerdə məlumat yaymırlar.

Ekspertlər hesab edirlər ki, “Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi saxta xeyriyyəçiliklə məşğul olanların qarşısını alacaq.

  • “...reklam edən xeyriyyəçilərin sayına təsir edəcək”

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, cəmiyyətin üzvlərinin daim bir-birinə ehtiyacı var, bütün köməkləri təkcə dövlətdən gözləmək və bütün problemləri dövlətin üzərinə qoymaq da cəmiyyətin davranış etikasına, inkişaf qanunauyğunluqlarına aid deyil: “Ona görə də hətta orta əsrlərdən başlayaraq, cəmiyyətdə bir xeyriyyəçilik ənənəsi formalaşıb, müxtəlif dinlərin, sahibkarlığın, zadəganlığın xeyriyyəçilik ənənəsi var. Düşünürəm ki bizim cəmiyyətdə də bunu tətbiq etmək lazımdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bütün ölkələrdə, o cümlədən, Azərbaycanda bu ənənə var. Heç təsadüfi deyil ki, dünyada ən böyük mesenatlarından biri azərbaycanlı Hacı Zeynalabdin Tağıyevdir və bütün xeyriyyəçilik ensiklopediyalarında bu əks olunub. Bu gün Tağıyevdən də varlı olan iş, biznes adamlarımız var və onların xeyriyyəçilik təşəbbüslərinin olmaması, ya da çox cüzi şəkildə olması arzuolunan hal deyil: “Onu da qeyd edim ki, 44 günlük müharibə zamanı bəzi şəxslər xeyriyyəçiliklə məşğul olmağa başladılar. Həmin şəxslər əsgərlər üçün geyim və ya təam hazırlayıb hərbi hissələrə gedirdilər. Əslində, bu işi edən şəxslər öz vəsaitləri hesabına etmirdilər. Kimdənsə pul almaqla həmin şəxslərin əsgərlərə lazım olan və ya olmayan əşyaları alıb özlərini xeyriyyəçi kimi təqdim etmələri düzgün deyil. Hesab edirəm ki, “Xeyriyyəçilik haqqında” qanun layihəsində kimlərin xeyriyyəçiliklə məşğul olması qeyd olunacaq. Bu qanun layihəsi etdiklərini reklam edən xeyriyyəçilərin sayına təsir edəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər