Distant təhsili bildik, distant qiymətləndirmə necə olacaq...

Bu gün dünyada tüğyan edən yeni növ koronavirus (COVID-19) pandemiyası bir çox sahədə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə mübarizə aparır, digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir. Bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər işərisindədir.
Pandemiyanın mənfi təsir etdiyi sektorlar arasında təhsil sahəsi mühüm yer tutur. Araşdırmalara görə, bütün dünyada pandemiya ilə əlaqədar təhsilin səviyyəsi aşağı düşüb. Məlumdur ki, pandemiya ilə əlaqədar olaraq təhsil əyani formada deyil, distant şəkildə keçirilir.
Biz də tələbələrin biliyini yoxlayarkən süni qiymətləndirmə aparmaq istəmirik, tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndiriləcək.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu media nümayəndələrinə açıqlamasında qeyd edib ki, tədris distant formada keçirilibsə, şagirdlərin bilikləri də distant formada öyrənilməlidir: “Biz bilirik ki, bu müddətdə şagirdlərdə güclü şəkildə irəliləmə olmayıb. Amma bu qiymətləndirmə mövcud öyrənmənin nə vəziyyətdə olduğunu bilmək, gələcək istiqamətləri müəyyən etmək üçün vacibdir”.
- “...Azərbaycan təhsilinə yeni üsul və vasitə gətirəcək”
Distant qiymətləndirmənin necə olacağı barədə suallarımıza cavab verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2020-ci ilin mart ayından dərslər onlayn keçirilir: “Məlumat üçün bildirim ki, 2019-2020-ci tədris ili başa çatanda məktəbdə qiymətləndirmə keçirilməyib. Şagirdlərin bilikləri onların 1-ci yarımildəki nəticələrinə əsasən qiymətləndirilib. Bu başadüşülən olsa da, ədalətli deyildi. Çünki ilk yarımildə qiyməti aşağı olan və 2-ci yarımildə onları düzəltmək istəyən şagirdlər var idi. Amma onlara bu şans verilmədi. İndi isə yanvarın 27-si 1-ci yarımil başa çatacaq və Təhsil Nazirliyi qeyri-iş günü 2-ci yarımil üzrə yeni qiymətləndirmə qaydaları müəyyənləşdirib. Maraqlısı budur ki, qiymətləndirmə yanvarın 22-dən 26-dək keçiriləcək. Bu kifayət qədər sıx qrafikdir. Dərslər ənənəvi qaydada keçiriləndə belə, qiymətləndirmə üçün ən azı 20 gün vaxt lazım idi. Nəzərə almaq lazımdır ki, 4447 ümumtəhsil məktəbində 1,6 milyon şagirdin heç də hamısının kompyuter, planşet və interneti yoxdur. Üstəlik, onların hamısı elektron dərslərdə iştirak etməyiblər. Birmənalı şəkildə hesab edirəm ki, şagird biliklərinin qısa müddətdə yoxlanması ciddi problemlərə gətirib çıxaracaq. Əlbəttə, müəyyən qədər anlamaq olar ki, Təhsil Nazirliyi mütləq şəkildə məktəblilərin biliklərini yoxlamalı idi".
Həmsöhbətimiz onu da əlavə etdi ki, qiymətləndirmə 100 ballıq şkala ilə həyata keçiriləcək: "Amma nə qədər sual olması müəllimin öhdəliyinə buraxılıb. Hesab edirəm ki, müəllimlərin neçə sualdan istifadə etməsi konkret müəyyənləşdirilməlidir. İkincisi, bu qədər müəllimin o qədər sual hazırlaması real deyil. Ona görə də yaxşı olardı ki, 1-ci yarımil üzrə qiymətləndirmə aparılmasın. Onu da qeyd edim ki, sentyabrın 27-dən noyabrın 10-a qədər ölkəmizdə internet məhdudlaşdırıldı və bəzi dərslər keçirilmədi. İndi isə bu qədər dərsdən istifadə məsələsi var. Müəllimlərin özünün ədalət hissi olmalıdır ki, obyektiv qiymətləndirsinlər. Bütün hallarda, bu, müəllim və şagirdlərin məsuliyyəti üçün çox vacib idi. Ümumiyyətlə, pandemiya dövründə təhsilin təşkili qaydaları çox ciddi müzakirə predmetinə çevrilməlidir. Şagird biliklərinin obyektiv qiymətləndirilməsi çox vacibdir. Bu qiymətləndirmələr Azərbaycan təhsilinə yeni üsul və vasitə gətirəcək. Çünki postpandemiya dövründə belə, bu qaydalardan mütləq istifadə etməliyik. Konkret bəndələrə baxsaq, burada şagirdlər üçün müəyyən qədər humanist yanaşma da var. Bir neçə formatda həyata keçiriləcək və bunu müəllim seçəcək. Tam tətbiq edilsə, Azərbaycan təhsili üçün yeni yanaşma olacaq".
Günel CƏLİLOVA