Rusiyada tam hökumət istefasının sirləri açılır – dövlət quruluşu dəyişir, Putin yeni dövrün də lideri olacaq…

Rusiyada Baş nazir Medvedevin rəhbərlik etdiyi hökumətin gözlənilmədən istefası və prezident Vladimir Putinin elan etdiyi konstitusiya dəyişiklikləri ölkədə yeni bir dövrün başlandığına işarə edir. Rus mütəxəssislərinin fikrincə, necə bir dövrün başladığı isə hələlik məlum deyil.
Baki-xeber.com xəbər verir ki, hökumətin istefasından əvvəl Putin parlamentdəki illik çıxışında siyasi sistemə əhəmiyyətli təsir göstərəcək bir sıra konstitusiya dəyişikliklərini açıqlayıb.
Bu çıxışdan qısa müddət sonra isə Putinin Rusiya rəhbərliyində son 20 ildə ən yaxın adamlarından olan Dmitri Medvedev rəhbərlik etdiyi hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. Medvedev bu qərarını Putinin hədəflədiyi islahatların yolunu açmaq üçün verdiyini deyib. "Vladimir Vladimiroviç Konstitusiyaya bir sıra fundamental dəyişiklik edib. Bu, nəinki Konstitusiyanın bir sıra maddələrində, ümumilikdə hakimiyyət balansında əhəmiyyətli dəyişikliklərdir. İcra hakimiyyəti, qanunverici hakimiyyət, məhkəmə hakimiyyəti. Bu kontekstdə biz birmənalı surətdə, hökumət olaraq, ölkə başçısına bunun üçün lazım olan bütün qərarları qəbul etmək imkanı verməliyik. Və bu şəraitdə, hesab edirəm ki, Konstitusiyanın 117-ci maddəsinə əsasən hazırkı tərkibdə hökumətin istefa verməsi düzgün olardı", - deyə o bildirib.
Prezident Vladimir Putin, “hər şeyin alınmamasına baxmayaraq”, hökumət üzvlərinə əməkdaşlıqlarına görə təşəkkür edib. Rusiya lideri, həmçinin, yaxın vaxtlarda Nazirlər Kabinetinin hər bir üzvü ilə görüşəcəyini də deyib. O, hələ ki, onlardan vəzifə borclarını tam şəkildə yerinə yetirmələrini xahiş edib.
Bundan əlavə, prezident Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təsis etmək və bunu Medvedevə təklif etmək niyyətində olduğunu dilə gətirib. Putinin fikrincə, bu vəzifədə Nazirlər Kabinetinin hazırkı rəhbəri müdafiə qabiliyyəti və təhlükəsizlik mövzuları ilə məşğul ola bilər.
Medvedevin rəhbərlik etdiyi hökumətin istefası isə Prezident Putinin Federal Məclisə müraciətindən sonra yaşanıb. Putin müraciətində bir sıra vacib bəyanatlar verib. Məsələn, Putin prezidentlik müddətlərinin sayının məhdudlaşdırılmasını prinsipial məsələ hesab etmədiyini, amma bununla razı olduğunu deyib. “Bu məsələnin prinsipial olduğunu düşünmürəm, amma bununla razıyam”, - Rusiya prezidenti bildirib.
O, həmçinin, prezident səlahiyyətlərinin bir hissəsini parlamentlə bölüşmək təklifini verib.
Putin Dövlət Dumasını Rusiya Federasiyası hökumətinin təsdiqlənməsində, Federasiya Şurasını isə güc nazirliklərinin rəhbərlərinin, habelə regional prokurorların təyin olunmasında iştirak etməyə dəvət edib.
Medvedevin yerinə isə haqqında ciddi şikayətlər edilən vergi sistemini çox təsirli bir quruma çevirən Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin gətirilib. Putin Medvedevə isə yeni təsis olunan Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib. O, həmçinin, hakim “Yedinaya Rossiya” Partiyasının sədri kimi də fəaliyyətini davam etdirəcək.
Təhlilçilər deyir ki, hökumətin istefası və açıqlanan konstitusiya dəyişikliyi təklifləri, səlahiyyət müddəti 2024-cü ildə bitəcək və konstitusiyaya görə yenidən seçilmək imkanı məhdud olan Putinin liderliyini qorumasını təmin edəcək bir sistemin ilk addımlardır.
BBC-nin rus xidmətindən Sergey Qoryaşko Putinin hakimiyyətdə qalmaq istədiyini və əsas məsələnin də bunun necə baş verəcəyilə bağlı olduğunu deyib.
Müzakirə olunan ssenarilərdən biri Medvedevin də ikinci adam təyin olunduğu Təhlükəsizlik Şurasının vəzifə və səlahiyyətlərinin artırılaraq, rəhbərinin prezidentdən daha güclü olacağı bir sistemə keçiləcəyi ilə bağlıdır.
Təhlükəsizlik Şurası hazırda məşvərət şurası kimi fəaliyyət göstərir və 85 regional qubernatordan və siyasi partiya rəhbərləri kimi bir sıra vəzifəli şəxslərdən ibarətdir. Çox sayda üzvü olan Şuranın iclasları Kremldəki ən böyük salonlardan birində keçirilir. Putinin təklif etdiyi konstitusiya dəyişiklikləri arasında Təhlükəsizlik Şurasının səlahiyyətlərinin artırılması və rəsmi bir dövlət quruluşuna çevrilməsi də daxildir.
Karnegi Fondunun Moskva Mərkəzinin analitiki Aleksandr Baunov Putinin Təhlükəsizlik Şurası ilə bağlı müzakirələr açmasının diqqətçəkən olduğunu deyib. Onun fikrincə, Təhlükəsizlik Şurasının quruluşu ilə bağlı müzakirələrin açılmasına səbəb ola bilər ki, Putin prezidentdən də üstün və hakimiyyəti əlində saxlayan bir qurum yaratmaq istəyir. Analitiklərin fikrincə, Medvedev kimi, Putinin 20 ildir ən yaxın adamı olan birinin şurada ikinci posta gətirilməsi bu ssenarini gücləndirən amillərdən biridir.
Qeyd edək ki, Putin daha öncəki çıxışında, Təhlükəsizlik Şurasının tərkibi ilə yanaşı, konstitusiyaya dəyişikliklər təklifi ilə də gündəmə gəldi. Putin konstitusiya dəyişikliklərinin referenduma çıxarılmasını da təklif edib ki bu baş verərsə, 1993-cü ildən bəri ölkədə keçirilən ilk referendum olacaq.
Prezidentlik sisteminin davam etdirilməsinin tərəfdarı olduğunu bildirən Putinin başqa bir təklifi, baş nazirin seçilməsi üçün parlamentə daha geniş səlahiyyətlər verməsi oldu. Rusiya lideri konstitusiyada prezident seçkiləri ilə bağlı maddədən "ardıcıl" ifadəsini çıxararaq və dövlət başçılarına ümumilikdə maksimum iki müddət səlahiyyət verilməsini də təklif edib.
Tahir TAĞIYEV