13/11/2019 15:44
728 x 90

Ermənilər qadınlar məsələsində İstanbul Konvensiyasının əleyhinə çıxır, Bakıda isə bir qrup qadın dəstəsi Konvensiyanı müdafiə edir...

img

Bakının mərkəzində özünə feminist deyən kiçik bir qadın qrupu icazəsiz aksiya keçirməyə cəhd edib. 

Aksiyada Real Partiyasının sədri İlqar Məmmədovun da görünməsi burada siyasi məqsədlərin olmasına şübhə yeri qoymur. İcazəsiz aksiyada "Konvensiyanı rədd etmə, qadınları qətl etmə!" şüarları səsləndirilib. İştirakçıların verdiyi açıqlamadan məlum olur ki, onlar İstanbul Konvensiyasını nəzərdə tuturlar. Onların bəyanatında deyilir: "Tələb edirik ki, İstanbul Konvensiyası kimi tanınan "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası" Azərbaycan tərəfindən imzalansın və ratifikasiya edilsin".

Maraqlıdır, Ermənistanın belə qəbul etmək istəmədiyi İstanbul Konvensiyası özündə nəyi ehtiva edir ki, bir qrup qadın Azərbaycanın ona qoşulmasını istəyir?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, haqqında danışılan İstanbul Konvensiyası Avropa Şurasının 2011-ci ildə Türkiyənin İstanbul şəhərində qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyadır: “İstanbul Konvensiyası 18 dekabr 1979-cu il tarixdə BMT Baş Assambleyasının qəbul etdiyi Qadınlara qarşı ayrıseşkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın bazası əsasında işlənib.

Qeyd edim ki, BMT-nin bu konvensiyasına, Azərbaycan da daxil, BMT-yə üzv olan 180 dövlət qoşulub. Ümumilikdə, İstanbul  Konvensiyasının əksər müddəası Azərbaycanda, ölkədaxili qanunvericiliyimiz üçün yenilik deyil, müxtəlif normativ-hüquqi aktlarda təsbit olunub. İstanbul Konvensiyasının bəndlərinin əksəriyyəti BMT-nin qadınlara qarşı ayrıseşkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasında artıq təsbit olunub, lakin fərqləndirən məqamlar var.

BMT-nin qadınlara qarşı ayrıseşkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası üzv dövlətlərə qadınların qərar qəbuletmə, icraedici və qanunverici səviyyədə prosesə cəlb olunması üçün (kvota, təbliğ və s. kimi imtiyazların həyata keçirilməsi) öhdəliyi müəyyənləşdirir və bu özlüyündə qadınların ayrıseçkiliyin bütün formalarından həqiqətən azad olunmasının təmin edilməsinə və qadınların inkişafı və özlərini realizə etmək üçün bərabər imkanlar yaradılmasına təşviq edir.

İstanbul Konvensiyası isə ailə və məişət səviyyəsində qadınlara qarşı ayrıseçkilik və zorakılığın aradan qaldırılması və ona qarşı mübarizə kimi nəzərdə tutulur. Lakin İstanbul Konvensiyası cinsi müəyyən edən ilk beynəlxalq müqavilədir.

Konvensiya onu qəbul edir ki, qadın və kişilər  bioloji cinsin fərdləri olmaqla bərabər, eyni zamanda, qadın və kişiyə xas olan rol və davranışları müəyyənləşdirən  sosial cəhətdən qurulmuş bir gender kateqoriyası mövcuddur.

Qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması və ayrıseçkilik şəklində nəzərdə tutan İstanbul Konvensiyasına görə, belə hallara müvafiq reaksiya verməyən dövlətlər bu zorakılığa görə məsuliyyət daşıyırlar”.

Ekspertin sözlərinə görə, ənənəvi ailə modelində bəzi rol və davranışlar qadınlara qarşı zorakılıq kimi qəbul edilə bilər və üzv dövlətlərdə bu halların aradan qaldırılması mexanizmləri mövcud deyil, onda bu sənəd həm də üzv dövlətlərə qarşı kənar təzyiq aləti kimi itifadə oluna biləcək bir hala gətirib çıxarır: “Sənədin narahatlıq doğuran məqamlarından biri də İstanbul  Konvensiyasına qoşulmuş üzv dövlətlərin daxili qanunvericiliyi və normativ-hüquqi aktlarında artıq təsbit olunmuş əksər müddəanı, mövcud dövlətlərin mexanizmlərini iflic edəcəyi və sıradan cıxarması ilə nəticələnəcəyi haqqındadır. Şəxsi rəyim ondan ibatətdir ki, İstanbul Konvensiyası hüquqi sənəddən daha çox ideoloji sənəddir.

Belə ki, ənənəvi ailə modeli və bütünlükdə adına milli mental dəyərlər dediyimiz adət-ənənələrin aradan qaldırılmasına, ailədə ənənəvi qadın stereotiplərinin sındırılmasına hesablanmış İstanbul  Konvensiyası hüquqi sənəddən daha çox ideoloji sənəddir.

Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib, bu, İstanbul Konvensiyasına müxtəlif qeyd və şərtlər əlavə etməklə həyata keçirilib. Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Yunanıstan, Macarıstan, İrlandıya, Latviya , Litva, Lüksemburq, Slovakiya, Böyük Britaniya və Ermənistan İstanbul Konvensiyasını imzalasalar da, ratifikasiya etməyiblər.

Konvensiyanı ratifikasiya etməyən ölkələrdən ikisində - Ermənistan və Çexiyada cəmiyyətdə təpkilər və etirazlar üzündən ratifikasiya etməyiblər. Konvensiyanı iki dövlət - Rusiya və Azərbaycan, ümumiyyətlə, imzalamayıblar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər