Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Məlumdur ki, istər regionda, istərsə də kənarda yerləşən bütün dövlətlərlə dostluq və səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin vacib prinsiplərindəndir. Bu prinsipləri ümummilli lider Heydər Əliyev daha dəqiq belə ifadə edib: «Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük.
Lakin, eyni zamanda, respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq».
Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev də bu prinsiplərə sadiqlik nümayiş etdirir və hesab edir ki, həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi mövcud problemlərin birgə səylərlə, təminatlı şəkildə aradan qaldırılması üçün etibarlı zəmin yaradır. Həmin səbəbdən müasir Azərbaycan fərq qoymadan regionda maraqları olan hər bir dövlətlə bərabərhüquqlu qarşılıqlı faydalı əlaqələr qurub. Qeyd edək ki, ölkəmizin bütün nüfuzlu beynəlxalq və regional təşkilatlara üzv olması, onların işində yaxından iştirakı da məhz bu prinsipdən irəli gəlir. Ümumiyyətlə, xarici siyasətimizin prinsipləri haqqında danışarkən onları ümumən aşağıdakı kimi qruplaşdırmaq olar: hər bir dövlətin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşmaq, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünün pozulmasına, sərhədlərinin zorla dəyişdirilməsinə və dövlət müstəqilliyinin təhlükə altına alınmasına yol verməmək, mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək. Buraya digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək və xarici dövlətlərin onun daxili işlərinə qarışmasına yol verməmək, hər bir ölkənin müəyyənləşdirdiyi və prioritet saydığı inkişaf modelinə hörmətlə yanaşmaq, beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri dəqiq yerinə yetirmək və bu qəbildən olan digər prinsiplər də daxildir.
Hesab edirik ki, demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycan mövcud problemlərin böyük əksəriyyətinin öhdəsindən uğurla gəlib. Bu gün bizdən asılı olmayan səbəblər üzündən həllini tapmayan əsas problem ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlıdır. Bu məqsədlə ölkəmiz BMT, ATƏT, AŞ, AB kimi nüfuzlu beynəlxalq təşkilatlar və ABŞ, Fransa, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və s. dövlətlərlə sıx əməkdaşlıq edir.
AR beynəlxalq, xüsusilə Avroatlantik strukturlarla strateji tərəfdaşlığa bütövlükdə beynəlxalq təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək mühüm bir vasitə kimi baxır. AR Avropa və Avroatlantik məkanında qeyri-sabitliyin, münaqişə və təhdidlərin aradan qaldırılmasında Avroatlantik Tərəfdaşlıq Şurası, «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir, Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü uğurla bölüşdürür.
Əməkdaşlıq, dostluq, daxili işlərə müdaxilə etməmək prinsiplərini ehtiva edən xarici siyasətimizin digər prioriteti region dövlətlərinin maraqları ilə dövlətçilik mənafelərimiz arasında uyğunluğun olmasına yönələn xüsusi strategiyanın hazırlanması və həyata keçirilməsidir. Mərhum Prezident Heydər Əliyevin Gürcüstan, Rusiya, İran, Türkiyə və digər ölkələrə səfərləri də bu amala xidmət edirdi. Bu kursu uğurla davam etdirən cənab İlham Əliyev region dövlətləri ilə əməkdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xüsusi diqqət verir.
Bu gün AR Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) ilə də çoxspektrli, qarşılıqlı faydalı əlaqəlar qurub. Bu qurumla münasibətlər əsasən «MDB Ölkələrinə Texniki Dəstək» (TACİS), «Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi» (TRACESA) proqramları çərçivəsində inkişaf etdirilir. Ölkəmizin Aİ-nin «Yeni Qonşuluq Siyasəti»nə daxil edilməsi, Azərbaycan-Aİ Fəaliyyət Planının qəbul olunması, AR ilə Aİ arasında «Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında» Anlaşma Memorandumu imzalanması həmin qurumla münasibətlərin pozitiv dinamikasından xəbər verir. AR-nin dünya birliyinə inteqrasiyası, region və dünya dövlətləri ilə, beynəlxalq təşkilatlara əməkdaşlığının bariz nümunəci kimi bu il fevralın 12-də Bakıda keçirilən «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının iclasını xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, bu əməkdaşlıq bütövlükdə Qafqazda sabitliyin təmin olunması və milli dəyərlərimizi saxlamaq şərtilə konstruktiv Avropa dəyərlərinin regionda yayılması baxımından da əhəmiyyətlidir.
Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə rolu
AR terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə, siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı mərhələdə bir çox dövlətlər gözləmə mövqeyi tutduğu halda, mərhum Prezident Heydər Əliyev bu olaya dərhal reaksiya verərək, həmin terror aktlarını bütövlükdə bəşəriyyətə, insanlığa qarşı ən dəhşətli cinayət kimi pislədi, Azərbaycanın terrorla mübarizədə hər zaman fəal mövqe tutacağını bəyan etdi. Azərbaycan terrorizmə qarşı əməli mübarizəni dəstəkləmək üçün öz hava məkanını və hava limanlarını açıq elan edib. Ölkəmiz həmçinin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulub. Vurğulamaq lazımdır ki, bu cür fəaliyyət strategiyasının banisi Heydər Əliyevdir və məhz o, Azərbaycanı beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından birinə çevirib. Ölkəmizin İraq, Əfqanıstan və Kosovada sülhməramlı missiyası bunun bariz nümunəsidir. O da qeyd edilməlidir ki, Heydər Əliyev 11 sentyabr hadisələrindən xeyli əvvəl terrorizmin beynəlxalq bəlaya çevriləcəyini uzaqgörənliklə hiss etdi və məlum olaydan 2 il qabaq-1999-cu ildə «Terrorizmlə mübarizə haqqında» Qanunu imzaladı.
Təcavüzkar Ermənistan dövlətinin xüsusi xidmət orqanları tərəfindən Bakı metropolitenində törədilən 2 partlayış (1994-cü il, mart, iyul ayları), Neft Akademiyasındakı terror və digər təxribatlarla üzləşən ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan tərəfdaş çıxdığı bütün müqavilələrə əsasən bu istiqamətdə xarici dövlət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, mühüm beynəlxalq və regional konvensiyalara qoşulan ölkəmiz 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atıb, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya edib. Son 4 ildə AR-nin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı xüsusilə qeyd edilməlidir. Respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin ali quruma Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. NATO ilə AR Milli Təhlükəsizlik Nazirliyi arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsi NATO-nun Xüsusi Komitəsinin işçi qrupunun terrorçuluqla mübarizəsinə həsr olunub və ilk dəfə Bakıda 2004-cü ildə keçirilən iclası ilə başlayıb. Birgə antiterror fəaliyyətilə bağlı MTN-nin Heydər Əliyev adına Akademiyasının nəzdində Beynəlxalq Antiterror Təlim Mərkəzinin yaradılması Azərbaycanın bu sahədə NATO ilə əməkdaşlığının davamlılığını sübut edir. Ölkəmiz Aİ, ATƏT, AŞ, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla da yaxından əməkdaşlıq edir. Respublikamız indiyədək Avropa İttifaqının terrorizmə qarşı mübarizəni nəzərdə tutan 9 konvensiyasını ratifakasiya edib. AR, həmçinin, Avropa Şurası ilə Terrorçuluq üzrə Ekspert Komitəsi çərçivəsində birgə fəaliyyət göstərir. MDB Antiterror Mərkəzinin «MDB iştirakçı dövlətlərin ərazisində fəaliyyəti qadağan olunacağı mümkün terrorçu və ekstremist təşkilatların vahid siyahısı»nın hazırlanmasında ölkəmiz xüsusilə fərqlənib. Belə ki, bir sıra terror və ekstremist təşkilatların adları məhz Azərbaycanın təklifi əsasında bu siyahıya daxil edilib. Regionda Türkiyə və Gürcüstanla, hər sahədə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də ciddi əməkdaşlıq münasibətləri qurulub. Məlumdur ki, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmək prinsipindən sui-istifadə yolu ilə milli, etnik, dini və s. pərdələr arxasında dövlətlərin beynəlxalq hüquqla təsbit edilmiş ərazilərini parçalamağa yönələn istənilən fəaliyyət növü də beynəlxalq terrorçuluqdur. Buna misal olaraq təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin işğalını göstərmək olar. Bu işğal Ermənistan dövləti tərəfindən edildiyi üçün o, dövlət səviyyəsində edilən terrordur. Və şübhəsiz ki, nəzarətdən çıxan bu ərazi beynəlxalq aləm üçün də təhlükəlidir. Çünki belə ərazilərdə terrorçu düşərgələrinin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, yeni üzvlərə təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradılır. Belə nəzarətsiz ərazilər dünyanın müxtəlif regionlarına «terror ixracı»nı təmin etməklə yanaşı, həm də narkotiklərin daşınması, insan və silah alveri üçün əlverişli məkandır. Bunu nəzərə alaraq, BMT çərçivəsində «Nəzarətdən kənar ərazilərdən transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorçuluq məqsədilə istifadə edilməsinə qarşı mübarizə üzrə əməkdaşlıq haqqında» qətnamənin hazırlanması çox vacib və aktualdır.
Göründüyü kimi, dünya birliyinə uğurla inteqrasiya edən AR beynəlxalq terrorizmə qarşı mübarizədə də mühüm işlər görür. Lakin təəssüflə qeyd edilməlidir ki, ölkəmizin Ermənistan tərəfindən dövlət səviyyəsində terrora məruz qalmasına beynəlxalq aləm hələ də əməli işlə cavab verməyib. Azərbaycan xalqı isə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, «Ermənistana Azərbaycan torpaqları hesabına 2-ci erməni dövləti yaratmağa heç vaxt imkan verməyəcək».
Namiq QULİYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
.