27/09/2023 05:38
728 x 90

Dövlət Departamenti Qarabağa dair 25 illik şok sirləri açdı...

Ermənilər Petrosyana heykəl, Köçəryana dar ağacı qurmalıdır...

img

Düz 25 il əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan istefa verərək, ona tutduğu vəzifəni tərk etməsi ilə bağlı tələbin müəyyən qüvvələr tərəfindən qoyulduğunu bildirib. O, həmin vaxt qeyd edib:

“İstefa qərarı vermişəmsə, inanın, bu o deməkdir ki, mən alternativi dövlətimiz üçün daha təhlükəli hesab etmişəm”.

Ter-Petrosyan 4 dəqiqəlik vida nitqində bu qüvvələrin kimlər olduğunu, niyə və necə prezidentə belə bir tələb irəli sürdüklərini açıqlamayıb. O, zamanın bu suallara cavab verəcəyinə eyham vurub. İndi ABŞ Dövlət Departamentinin arxivlərində Ermənistanda təkcə daxili siyasi fikir ayrılıqlarına deyil, həm də beynəlxalq ictimaiyyətin bağlı qapılar arxasında irəli sürdüyü tələblərə dəlalət edən məxfi sənədlər üzə çıxır. Əslində, Qarabağ problemi ilə bağlı danışıqlar prosesi Ter-Petrosyanın istefasından bir il əvvəl, 1997-ci ildə intensivləşməyə başlayıb. Bunu şərtləndirən iki amil var idi: birincisi, Azərbaycan qaz və neft kəmərlərinin çəkilməsi ilə bağlı ilk müqavilələri imzalamağa başladı və Qərb regionda sabitliyin və sülhün bərqərar olmasında maraqlı idi. Digər tərəfdən, həmin ilin yanvarında yeni format yaradıldı: Rusiya, ABŞ və Fransanın həmsədrliyi. Dövlət Departamentinin diplomatik məktublarına görə, həmin mərhələdə bu problemi həll etmək və bununla da Qərb və Rusiyanın əməkdaşlıq edə və Avropada sülhü təşviq edə biləcəyini göstərmək hər üç ölkənin maraqlarına uyğun idi. Ona görə də həmsədrliyin yaradılmasından bir ay sonra, fevralda ABŞ dövlət katibi Madlen Olbraytla Fransa prezidenti Jak Şirak arasında Parisdə keçirilən görüşün gündəliyinə bu məsələ daxil edilib. İki Qərb lideri birləşərək bu münaqişəyə son qoymağın vacibliyini vurğulayıblar.  Bir neçə həftə sonra, fevralda ABŞ dövlət katibinin müavini Strob Talbott Ermənistanın xarici işlər naziri Aleksandr Arzumanyanla görüşür və ondan prezident Ter-Petrosyana deməyi xahiş edir ki, hazırda Qarabağla maraqlanan üç fövqəldövlət var və bu faktı nəzərdən qaçırmaq olmaz. ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri Ceyms Kollinz o vaxt xəbərdarlıq edir: “Mühüm maraqları olan üç ölkə də məsuliyyəti öz üzərinə götürüb. Həm ABŞ-da, həm Fransada, həm də Rusiyada problemi həll etmək məsələsində maraqların konsolidasiyası tədricən artır. Ter-Petrosyan gözlərini yummamalıdır, təzyiqlər olacaq”. Vasitəçilərin danışıqları intensivləşdirmək səylərində ciddi olduğunu Dövlət düpartamentinin arxivində olan aşağıdakı diplomatik teleqramdan da görmək olar: bir neçə gün sonra ABŞ dövlət katibinin müavini əvvəlcə fransız və rusiyalı həmkarları Jak Blot və Boris Pastuxovla, sonra isə Rusiyanın xarici işlər naziri Yevgeni Primakovla görüşür. Hər üç görüşdə hər üç tərəf vahid cəbhə təqdim etməyə və tərəflərin güzəştə getməsi üçün təzyiqləri gücləndirməyə hazır olduqlarını vurğulayır. Bu məsələnin bir ay sonra, apreldə Helsinkidə keçiriləcək Yeltsin-Klinton görüşünün gündəliyinə salınması qərara alınır. Mövzunu ABŞ prezidenti işçi nahar zamanı açır. Bill Klinton bildirib: “Xarici siyasət məsələlərində əməkdaşlığımızı genişləndirmək istəyirəm, onlardan biri də Qarabağdır. Bu problemi həll etmək bizim hamımızın marağındadır və mən sizinlə birgə çalışmağa hazıram”. Boris Yeltsin cavabında iddia edir ki, Moskva yalnız Vaşinqtonun iştirakına sevinir: “Biz paxıllıq etməyəcəyik, əminəm ki, sizin təsiriniz müsbət olacaq”. Primakov isə məsləhət görür: “Atəşkəs ermənilərdə və azərbaycanlılarda inam yaratdı və onlar güzəştə getməyə meylli deyillər. Lakin biz tərəflərə başa salmalıyıq ki, onların inadkarlığı arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.

Ertəsi gün ABŞ dövlət katibinin müavininin Türkiyə xarici işlər nazirinin müavini Öymənlə telefon danışığı olub. Dövlət Departamentinin üzərindən məxfiliyi götürülən sənədində deyilir: “Öymən bildirib ki, bir neçə gün əvvəl İstanbulda Rusiya xarici işlər nazirinin birinci müavini İvanovla təkbətək söhbət edib və o, Moskvanın Dağlıq Qarabağ məsələsində irəliləməyə hazır olduğunu bildirib. İvanovda belə bir hiss varsa, cəhd etməyə dəyər". Bundan iki həftə sonra üç vasitəçi Vaşinqtonda görüşür və ilk dəfə olaraq öz ideyalarını vahid sənəddə birləşdirir. Bir neçə gündən sonra bu birgə sənəd prezidentlər səviyyəsində - Klinton, Yeltsin və Şirakın Paris görüşü zamanı müzakirə olunur və qəbul edilir. Dövlət Departamentinin məxfilikdən çıxarılan sənədinə görə, Klinton Yeltsinə deyib: “Qarabağ məsələsinin həlli bu gün bir çox problemləri həll edəcək və bizi sabah yarana biləcək bir çox problemlərdən xilas edəcək”. Artıq may ayının sonunda vasitəçilər sonradan paket həll variantı kimi tanınan sənədi bölgəyə gətirirlər. Ermənistan prezidenti ilə görüşün ilk dəqiqələrindən son ana qədər elçilər eyni fikri vurğulayırlar: onlar yekdil və ciddidirlər. ABŞ dövlət katibinin müavini Ter-Petrosyana bildirib: “Üç ölkə, prezidentlərdən tutmuş hökumətlərinə qədər sülh prosesini irəli aparmaq üçün səylə və məsuliyyətlə çalışıblar. Onların səylərinə lazımi qiymət verin”. Fransız vasitəçi Jak Blot xəbərdarlıq edir: “Əvvəllər tərəflər vasitəçi ölkələr arasındakı fikir ayrılıqları üzərində oynamağa, onları bir-birinə itələməyə meylli idilər, indi isə həmsədrlər birləşib”. Rusiya səfiri də təsdiqləyir: “Razılaşmanın vaxtıdır”. ABŞ, Rusiya və Fransa liderləri öz növbəsində Denverdə keçirilən “Böyük səkkizlik” sammitində Qarabağla bağlı ilk birgə bəyanatı qəbul edirlər. Yeltsin, Klinton və Şirak bildirib: “Təkcə atəşkəs kifayət deyil. Beynəlxalq ictimaiyyət yekun nizamlanmaya çağırır və biz əminik ki, regionda sabit və davamlı sülhün bərqərar olmasını gecikdirmək olmaz”. Bu misilsiz səylərə və üç həmsədr ölkənin birliyinə baxmayaraq, yerlərdə danışıqlar irəli getmir. Rusiya xarici işlər naziri Denverdə dövlət katibi Olbraytla görüşdə təhdid və sanksiyalar təklif edərək deyir: “Düşünürəm ki, biz işə başlamalıyıq, çünki bunu etməsək, onlar bizi müqəvva hesab edəcəklər. Biz diş göstərməliyik. Siz amerikalılar neftdən rıçaq kimi istifadə edərək azərbaycanlılara nəsə edə bilərsiniz. Deyə bilərsiniz ki, sövdələşmə baş tutmasa, şirkətlərinizi neft hasilatında Azərbaycana kömək etməyə təşviq etməyəcəksiniz. Ermənistana gəlincə, silahdan rıçaq kimi istifadə edəcəyik, başqa sözlə, Rusiya Ermənistanı silah verməyəcəyi ilə hədələyə bilər, siz isə neft amilini təbliğ edə bilərsiniz”. Bu xəbərdarlıqlara baxmayaraq, Qarabağdakı separatçı rejim və Bakı paket variantını qəti şəkildə rədd edir. Təxminən iki aydan sonra həmsədrlər eyni prinsiplərə əsaslanan yeni, mərhələli plan təqdim edirlər. Birinci paket variantda ərazilərin qaytarılması və statusun müəyyənləşdirilməsinin eyni vaxtda baş tutması nəzərdə tutulurdusa, indi vasitəçilər əvvəlcə ərazilərin azad edilməsi, qaçqınların qaytarılması, Qarabağın təhlükəsizliyinin və özünüidarəsinin təmin edilməsinə və sonra Azərbaycanın ərazi bütövlüyü və Qarabağın statusu məsələlərinə baxmağa çağırırıdılar.Həmsədrlərin bu ardıcıl səyləri fonunda Ermənistan prezidenti sentyabrda mətbuat konfransı keçirir və erməni tərəfinin beynəlxalq birliyin iradəsinə zidd getməsinin nə qədər təhlükəli olduğunu müəyyənləşdirir: “Niyə beynəlxalq ictimaiyyət bu vəziyyətin 20 və ya 30 il qalmasına icazə versin? Bundan söhbət gedə bilməz və beynəlxalq ictimaiyyət bizi o qədər zəiflətmək üçün yollar və vasitələr tapacaq ki, biz nəinki kompromislərlə bu gün əldə edə biləcəyimizi əldə edə bilməyəcəyik, həm də özümüzü daha pis vəziyyətdə görəcəyik”. Ter-Petrosyanın mətbuat konfransından 3 gün sonra Rusiyanın xarici işlər naziri Primakov ABŞ dövlət katibinin müavini ilə görüşür və xəbərdarlıq edir ki, Ter-Petrosyan cəsarətli mövqeyinə görə ciddi tənqidlərə məruz qalıb və ona dəstək verilməlidir. Bölgəni yaxşı tanıyan Primakov “gec-tez Dağlıq Qarabağa təzyiq etmək lazım gələcək” deyə vurğulayır.

Vasitəçilər Qarabağdakı separatçı rejimi necə razı salmağı müzakirə etməyə başlayırlar. Oktyabrda Strasburqda Ermənistan prezidenti ilə görüşən Fransa prezidenti Jak Şirak baş nazir Köçəryanı və digər nüfuzlu qarabağlıları Parisə dəvət etməyi təklif edir: “Məqsəd razılığa gəlmələri üçün onlara təzyiq etməkdir. Daha sonra Köçəryanı Moskvaya, daha sonra Nyu-Yorka dəvət etmək olar, orada da ona eyni şey deyiləcək”. Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə əsasən, Fransa xarici işlər nazirinin müavini ABŞ dövlət katibinin müavininə məhz bunları  təklif edib. Lakin ideya heç bir nəticə vermir. Köçəryanın səfərindən sonra Fransa xarici işlər nazirinin müavini Vaşinqtona məxfi məktub göndərib: “Biz Köçəryanın mövqeyində real dəyişikliyə nail ola bilməmişik və danışıqlara başlamaq üçün real perspektiv görmürük”. Beynəlxalq ictimaiyyətin kəskin şəkildə rədd edilməsi fenomenini izah etməyə çalışan vasitəçilər hətta Ter-Petrosyanla Köçəryanın razılaşdırılmış oyun oynaya biləcəyini ehtimal edirlər: biri vasitəçiləri rədd edir, digəri kompromislərə hazır olduğunu bəyan edir. Bu arada, əslində hər şey daha ciddi idi. İrəvanda hakimiyyət uğrunda mübarizə hər saat dərinləşirdi. Diplomatik teleqramlara görə, bu barədə Rusiyanın xarici işlər naziri Yevgeni Primakov açıq danışmışdı.

Ter-Petrosyanın istefasından bir ay əvvəl, yanvar ayında İsveçdə ABŞ dövlət katibinin müavini Strob Talbotla görüşərkən Primakov demişdi: “Köçəryan Ermənistanın prezidenti olmaq istəyir. Qarabağ erməniləri maneədir, gəlin, bu məsələyə vaxt itirməyək, bunun əvəzinə nə edə biləcəyimizi müzakirə edək”. Primakov Qarabağ hakimiyyətinə təzyiqləri gücləndirməyi və təcili olaraq ora “diplomatik qoşunlar” göndərməyi təklif edir. Rusiya XİN rəhbəri dövlət katibinin müavininə bildirib: “Minsk qrupunun vasitəçiləri, belə demək mümkünsə, üç çox ciddi ölkənin nümayəndəsi kimi Xankəndiyə getsələr, bunun müəyyən nəticəsi olacaq. Bu onu göstərəcək ki, onlar sülh yolu ilə nizamlanmaya qarşı çıxmaqla bütün dünyanın iradəsinə zidd gedirlər”. Talbott Ter-Petrosyanı dəstəkləməyin zəruriliyi ilə razılaşır və etiraf edir ki, onunla Köçəryan arasında əsl mübarizə başlayıb. Eyni zamanda o, Xankəndiyə getməkdən imtina edir və vasitəçilərin Qarabağa son səfərinin şok təfərrüatlarını Primakova danışır. ABŞ dövlət katibinin müavini etiraf edir: “Keçən dəfə Arkadi Qukasyan bizi, həmsədrləri Stalin repressiyaları zamanı fəaliyyət göstərən bədnam “üçlüklər”lə müqayisə etdi, Qarabağ ermənilərinin qırğınını təşkil etməkdə ittiham etdi. Eyni münasibəti yenidən görməyə tələsmirəm".  Diplomatlar bir neçə gündən sonra Parisdə yenidən görüşməyi qərara alırlar. Lakin bundan əvvəl, Primakovla Talbott arasında bu söhbətdən iki həftə sonra Ter-Petrosyan istefa verir. Ermənistanın birinci prezidenti o vaxtkı çıxışında bildirib: “Vəziyyəti gərginləşdirməmək üçün hər hansı şərh və ya qiymətləndirmədən çəkinəcəyəm. Sadəcə qeyd etməyi zəruri hesab edirəm ki, hakimiyyət böhranı şəraitində Qarabağ məsələsinin müzakirəsi sadəcə bəhanə idi. Problem daha dərindir və dövlətçilik prinsipləri, alternativ sülh və müharibə ilə bağlıdır. Və zaman kim Qarabağ üçün nə edib və onu əslində kimin satdığını göstərəcək”. Həmin günlər masada, Laçın istisna olmaqla, işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması, tərəflər arasında bölücü xəttin yaradılması variantı var idi. Həmsədrlərin bu xüsusda planları belə idi: “Bufer zonası tamamilə yaşayışsız qalmalı və ATƏT qüvvələrinin nəzarəti altında olmalı idi. Laçın dəhlizi indiki 5 kilometr deyil, 22 kilometr olmalı idi və Azərbaycan onu ATƏT-in nəzarətinə verməli, o da öz növbəsində onu Qarabağ separatçılarının istifadəsinə verməli idi. Separatçı rejimin öz bayrağı, gerbi, himni və konstitusiyası olmalı idi. Vətəndaşlar Qarabağ ərazisində hərbi xidmət keçə bilərdi və Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin yerli hakimiyyət orqanlarının icazəsi olmadan Qarabağa daxil olmaq hüququ olmayacaqdı. Xankəndi həm də iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar məsələlərdə xarici ölkələr və beynəlxalq təşkilatlarla xarici əlaqələr qurmaq hüququ əldə edirdi. Bu hərəkətlərdən sonra növbəti mərhələdə statusun dəqiqləşdirilməsinə keçmək təklif olunurdu. Bundan əvvəl beynəlxalq ictimaiyyət təhlükəsizliyin təminatçısına çevrilərək sülhməramlı qüvvələrin yerləşdiriləcəyinə söz vermişdi”. Diplomatik sənədlərdən də görünür ki, bu məsələ ilə bağlı qapalı danışıqlar zamanı vasitəçilər dəfələrlə bunun onların fikirləşə biləcəkləri və tərəflərə təklif edə biləcəkləri ən yaxşısı olduğunu vurğulayıblar. Bununla yanaşı, fövqəldövlətlər erməni tərəfinə xəbərdarlıq ediblər ki, həll yolu tapılmasa, Ermənistan inkişaf və çiçəklənmə imkanlarını itirəcək. Primakov, 1997-ci ildə Moskvadan Vaşinqtona göndərilən diplomatik teleqrama görə, demişdi: “Zaman İrəvanın əleyhinədir: Azərbaycan varlanarkən Ermənistan yoxsullaşır”. ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri Ceyms Kollinz bir neçə ay əvvəl Ermənistanın xarici işlər nazirinə xəbərdarlıq etmişdi: “1997-ci il qaz kəmərləri və nəqliyyat marşrutları ilə bağlı qərarların qəbulu ilidir. Erməni tərəfi regional proseslərdə iştirak edə bilməsə, bu, Ermənistana baha başa gələcək ki, bu da heç kimin marağında deyil”. Dövlət katibinin müavini Strob Talbott da Ermənistanın enerji proqramlarında və regional layihələrdə iştirakının Qarabağ probleminin həllindən asılı olduğunu vurğulayıb. Strob Talbott, diplomatik sənədlərdən birinə görə. bildirib: “Prezident Klintonun fikrincə, Ermənistanı regionda gözlənilən iqtisadi artımın iştirakçısına çevirmək lazımdır”.  Yüksək rütbəli diplomat Nairit kimya zavodunun yenidən işə salınmasının mümkünlüyündən danışıb və eyni zamanda xəbərdarlıq edib: “Bu, münaqişə səbəbindən hansı planların pozulduğunu göstərir. Sülh olmadan heç nə olmayacaq”.

İyirmi ildən artıq, birinci prezidentin istefasından sonra Ermənistanın hər üç lideri status-kvonu saxlamaq kursunu müəyyənləşdirdi. Hər üçü hakimiyyətlərinin müxtəlif mərhələlərində Ter-Petrosyanı məğlubiyyətdə və xəyanətdə ittiham edirdilər. Amma elə onlar özləri Azərbayccanla sülhü əngəlləməklə erməni xalqına qarşı da xəyanətkar mövqedə olublar.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər