Ermənistan Mişelin “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” bəyanatından sui-istifadə edə bilər...

“Mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçılarının keçirdiyi görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.
Ş.Mişelin sözlərinə görə, tərəflər sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər: “Sülh sazişinə gəlincə, liderlər Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcək. Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”.
Ş.Mişelin Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər müəyyən mənada ziddiyyətlidir. Əslində bu cür yanaşmalar erməniləri status məsələsində manevr cəhdlərini bir az da genişləndirməyə, fəallaşdırmağa sövq etməzmi?
- “Ermənilər buna dayanaraq separatçılıq fəaliyyətlərini hüquqi müstəviyə keçirməyə cəhd edəcəklər”
Məsələyə münasibət bildirən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynov bunu istisna etmədi: “Ermənilər elə bir həyasız və məkrli toplumdular ki, hər zaman onlara sərf edən məsələləri qabardırlar. Situasiyaya uyğun olaraq siyasətlərini ona görə formalaşdırırlar. 1988-ci ildə Qarabağda erməni separatizmi başlayanda ilk vaxtlar bəyan edirdilər ki, azərbaycanlılar onları sıxışdırır. Daha sonra bəyan etdilər ki, Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi həm də iqtisadi zərurətdir. Dağlıq Qarabağı Ermənistandan sərt relyefə malik dağlar ayırırdı. Belə olan halda iqtisadi uyğunluqdan söhbət gedə bilməzdi. Ancaq Ağdamdan Xankəndiyə dəmir yolu var idi. Deməyim odur ki, ermənilərdən nə desən gözləmək olar. Onlar 1923-cü ildə Dağlıq Qarabağa verilən muxtar vilayət statusundan istifadə edərək zaman-zaman separatçı təşəbbüslərlə çıxış etdilər. Ən nəhayət, 1988-ci ildə açıq və geniş müstəvidə kütləvi separatçılığa başladılar. Ondan sonra da nələrin baş verdiyi hər kəsə bəllidir. O üzdən, Qarabağ erməniləri ilə bağlı ayrıca hüquq və təhlükəsizliyi gündəmə gətirmək təhlükəlidir. Çünki Azərbaycan unitar dövlətdir. Ermənilər buna dayanaraq separatçılıq fəaliyyətlərini hüquqi müstəviyə keçirməyə cəhd edəcəklər. O üzdən, Ş.Mişelin yanaşması təhlükəlidir. Bu, danlşıqların uzanmasına, prosesin yubanmasına təsir edə bilər. Fikrimcə, Ş.Mişel həm də Ermənistandakı revanşistləri sakitləşdirmək məqsədilə belə fikir səsləndirdi”.
Bir sözlə, partiya sədri hesab edir ki, belə yanaşmalardan uzaq olmaq lazımdır.
Vidadi ORDAHALLI