Əliyevin və Putinin iki yanaşmasındakı fərqi nə qədər prinsipial saymaq olar?...

Əhəd Məmmədli: “Həm Putinə lazımi cavabını verdi, həm də Azərbaycanın prinsipial mövqeyini ifadə etmiş oldu”

img

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub. Görüşdə nizamlanma prosesi ilə bağlı Putinin məsələyə yanaşması ilə İlham Əliyevin yanaşması arasında bir fərq nəzərə çarpdı.

Putin “Dağlıq Qarabağ” məsələsinin nizamlanması ilə bağlı üçtərəfli formatda danışıqların aparılacağını dedi: “Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəldikdə isə, bu barədə üçtərəfli formatda danışarıq. Bir azdan Ermənistanın baş naziri bizə qoşulacaq və biz bu diskussiyanı davam etdirəcəyik. Lakin mənə belə gəlir ki, burada bizim sülhməramlılar da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir”.

Prezident İlham Əliyev isə Ermənistan-Azərbaycan problematikası barədə söhbətin ediləcəyinə işarə edib: “Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik. Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksək vəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq”.

Göründüyü kimi, Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli tənzimlənməsində üçtərəfli formatı xüsusi vurğuladı, Putin isə “DQ” probleminin hərtərəfli tənzimlənməsində üçtərəfli formatdan bəhs etdi. Bu fərqi nə qədər prinsipial saymaq olar?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun çox önəmli fərqi var: “Azərbaycan dəfələrlə bəyan edib ki, bizim üçün “Dağlıq Qarabağ münaqişəsi” bitib. Hətta həmin adda ərazi vahidi belə yoxdur. Putinin yenidən həmin ifadəni dilə gətirməsi əvvəlki danışıqlar formatına qayıtmaq cəhdidir. 44 günlük  müharibədə Azərbaycan “Dağlıq Qarabağ” problemini həll edib. Bunların elə istəyi odur ki, prosesdə Rusiyanın aparıcı mövqeyini saxlayıb, problemlərin həllini uzatsınlar. Bunun da nəticəsində  məsələ dondurulmuş vəziyyətdə saxlanılmış olacaq. Rusiyanın vasitəçilik etdiyi heç bir münaqişə indiyə qədər həll olunmayıb. Buna Dnestryanı, Abxaziya, Asetiya kimi nümunələri misal göstərə bilərik. Əslində, İlham Əliyev Putindən sonra məsələni Ermənistan-Azərbaycan münaqişəsi səviyyəsində təqdim etməklə həm Putinə lazımi cavabını verdi, həm də Azərbaycanın prinsipial mövqeyini ifadə etmiş oldu”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər