Qars müqaviləsi Naxçıvanın, Şuşa Bəyannaməsi Qarabağın təhlükəsizlik qarantı...

1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı olduğunu subut etdi.
Azərbaycan Prezidentinin öz çıxışında qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi Qars müqaviləsindən yüz il sonra imzalanıb ki, bunun da böyük rəmzi mənası var. İki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsində çox mühüm məsələlərin, xüsusilə də hərbi əməkdaşlıq, nəqliyyat və digər məsələlərin əksini tapması xüsusilə vurğulanmalıdır. Hərbi əməkdaşlıq məsələsi Türkiyənin Azərbaycanın təhlükəsizliyinə təminat verməsi istiqamətində növbəti addım olmaqla yanaşı, düşmənlərə də ciddi mesajdır. Dövlət başçımızın dediyi kimi, dünyanın diqqəti Şuşaya yönəlib bu gün. Nəqliyyat məsələlərindən bəhs olunarkən Zəngəzur dəhlizinə diqqət çəkilməsi də ondan xəbər verir ki, kimin nə deməsindən asılı olmayaraq, Türk dəhlizinin açılması sadəcə zamana bağlıdır, alternativi olmayan layihədir.
Qars müqaviləsinin Naxçıvanın, Şuşa Bəyannaməsinin isə Qarabağın təhlükəsizlik qarantı olması ilə bağlı səslənən fikirləri nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, bu iki tarix arasında çox oxşarlıq var: “Hər iki tarixi hadisədəki tərəflər eynidir. Yenə də söhbət Azərbaycanın starteji nöqtəsindən gedir. 100 il əvvəl də ortada ermənilərın fitnələri vardı. Masada Türkiyə və Rusiya oldu və bununla da Naxçıvanın təhlükəsizliyinə tam təminat verildi. Yeni bəyannamədə əksini tapmış müddəalar da iki ölkənin xalqlarının tarixi maraqlarını, milli mənafelərini ifadə edir. Eyni zamanda regional kontekstdə də əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Şuşa Bəyannaməsini iki kontekstdən qiymətləndirmək mümkündür. Bir tərəfdən bu sənəd Azərbaycanla Türkiyə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bəyannamədə həm də birgə iqtisadi layihələrin həyata keçirilməsi, hərbi sahədə əlaqələrin dərinləşdirilməsi kimi son dərəcə vacib əhəmiyyətə malik müddəalar var. Digər tərəfdən, Şuşa Bəyannaməsi regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Tarixi Şuşa Bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. Bu, erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı, qarşısında Türkiyəni də görəcək. Tam əminliklə demək olar ki, tarix təkrarlanır. 100 il əvvəl Türkiyə Qars müqaviləsilə Naxçıvanı necə təminat altına götürmüşdüsə, hazırda imzalanan Şuşa bəyannaməsilə Qarabağın təhlükəsizliyinə zəmanət vermiş oldu. Ermənistan və onun havadarları bundan ciddi nəticə çıxarmalıdır. Bilməlidirlər ki, konstruktiv mövqe nümayiş etdirməyəcəkləri halda, özlərinə ciddi ziyan vurmuş olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ