Paşinyanın hərbi kömək üçün Putinə ayrıca məktubunun pərdəarxaları...

Qaşınmayan yerdən qan çıxarmağı yaxşı bacaran Ermənistan yenə də hay-küy salmaqdadır. Yol üstə olan Ermənistan hakimiyyəti gündə bir blef ortaya atır, yalan uydurur və dünyanı bu yalanın toruna salmaq istəyir.
Məlum olduğu kimi, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Paşinyan özü məlumat verib. O bildirib ki, məktubunda Azərbaycanla həmsərhəd olan Sünik vilayətindəki vəziyyətlə əlaqədar Rusiya dövlət başçısından hərbi yardım istəyib.
Paşinyanın hərbi kömək üçün Putinə yazdığı məktubun pərdəarxasında hansı məqamlar, hansı məsələlər gizlənib?
- “Üçtərəfli bəyanatda zəmanətçi dövlət kimi iştirak edən Rusiyanın özü də hər kəsdən yaxşı bilir ki...”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın 10 noyabr 2020-ci il bəyanatı çərçivəsində və bu bəyanatdan kənar üzərinə götürdüyü öhdəliklər var. “Bu öhdəliklərə görə Azərbaycan hərbi əməliyyatları dayandırıb və işğalçı ölkəyə sivil davranmaq üçün müəyyən imkanlar yaradıb. Eyni zamanda, 10 noyabr bəyanatında da, sadəcə, çərçivə müddəaları yer alıb və bu çərçivə müddəalarının tərkib hissəsi olaraq digər önəmli məqamlar var, o məqamlar da bölgədə sülhün, əmin-amanlığın təmin edilməsinə xidmət edir. Təhlükəsizliyin təmin olunmasının əsas faktorlarından biri də delimitasiyanın aparılmasıdır, sərhədlərin dəqiqləşdirilməsidir ki, Ermənistanın da bununla bağlı 10 noyabr bəyanatı çərçivəsində, daha öncə qeyd etdiyim kimi, konkret istiqamətlər göstərilməsə də, üzərinə götürdüyü öhdəliklər var. Ermənistan uzun müddətdir ki, bu öhdəliklərin bir hissəsini yerinə yetirməkdən imtina edir, daha doğrusu, müxtəlif bəhanələr gətirir. Paşinyan hökuməti indiki şəraitdə bütün imkanlardan istifadə edərək seçkilərdə özünə müəyyən bir xal qazanmağa cəhd göstərir. Eyni zamanda, atılan addımların arxasında həm də ATƏT-in Minsk Qrupunun bu və digər şəkildə prosesə cəlb edilməsi niyyəti də açıq-aşkar nəzərə çarpmaqdadır. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ünvanladığı müraciət də məhz bu məqama xidmət edir. Amma reallığı üçtərəfli bəyanatda zəmanətçi dövlət kimi iştirak edən Rusiyanın özü də hər kəsdən yaxşı bilir ki, Ermənistan məhz öhdəlikləri yerinə yetirmədiyi üçün də Azərbaycan bu öhdəliklərin icrası istiqamətində müəyyən addımlar atmaq məcburiyyətində qalıb. Bunu da, şübhəsiz ki, Rusiya tərəfi kifayət qədər yaxşı bilir. Paşinyan bu müraciətlə indiki şəraitdə daha çox Rusiyanı çıxılmaz vəziyyətə salmağa cəhd göstərir, topu Rusiyanın meydançasına atır”.
E.Mirzəbəylinin sözlərinə görə, reallıq ondan ibarətdir ki, Sovet dövründə olan sərhədlərin bərpa olunması məsələsinə Ermənistanın özü razılıq verib və bu prosesdə bu və ya digər şəkildə KTMT-nin iştirakının nəzərdə tutulması absurddur.
İradə SARIYEVA