Nərimanov Gürcüstanın hansı 4 rayonunu Azərbaycana verdirib - bir heykəlin Ermənistanda doğurduğu yalan isteriyası...

Bu günlərdə böyük Azərbaycan ədibi, ictimai-siyasi xadimi, maarifçisi Nəriman Nərimanovun Gürcüstanın Marneuli rayonundakı heykəlinin bərpa edilərək ictimaiyyətin ixtiyarına verilməsi Ermənistanın bərk narahatlığına səbəb olub.
Qeyd edək ki, bir neçə il əvvəl N.Nərimanovun sözügedən abidəsi götürülmüşdü, lakin borçalıların kəskin etirazından sonra abidə yenidən bərpa edilərək öz yerində ucaldıldı. Onu da vurğulayaq ki, soydaşlarımız Nərimanovun abidəsinin yenidən ucaldılması üçün Gürcüstanın müxtəlif rəsmi qurumlarına müraciətlər etmişdilər.
Qayıdaq ermənilərin Nərimanovla bağlı həqiqətə uyğun olmayan fikirlərinə. Nərimanovun heykəlinin bərpa edilməsi erməniləri o qədər qıcıqlandırıb ki, saxta fikirlər ortaya atıblar. Ermənistan mediası iddia edir ki, guya 1922-ci il martın əvvəlində Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsinin Zaqafqaziya Bürosunun qərarı və Nərimanovun dəstəyilə keçmiş Tiflis əyalətinin Zaqatala rayonu da daxil olmaqla, dörd rayon Gürcüstandan alınaraq Azərbaycana verilib.
- “Biz özümüzə aid olan torpağı necə mənimsəyə bilərik?”
Nərimanova qarşı bu ittihamların heç bir tarixi fakta söykənmədiyini deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, bu iddianı irəli sürməklə Ermənistanın cəhdləri Azərbaycan-Gürcüstan əlaqələrini, münasibətlərini pozmağa yönəlib. “Erməni mediası da, Ermənistan rəhbərliyi də bilir ki, müəyyən zaman kəsiyində Gürcüstan tərəfdən də belə əsassız iddialar səsləndirilib ki, guya Zaqatala, Qax və Balakən nə zamansa gürcülərin olub. Onlar iddia edirlər ki, guya bu torpaqlar sonradan Azərbaycan tərəfindən “mənimsənilmişdi”. Əlbəttə, bu, kökündən yanlış bir fikirdir, heç bir əsası yoxdur. İstər Çar Rusiyası dövründə, istərsə də ondan əvvəlki və sonrakı dönəmlərdə bu torpaqlar bizim olub. Çar Rusiyasının Güney Qafqazı, bütövlükdə isə Qafqazı işğal etməsi ən çox ermənilərin və gürcülərin xeyrinə olub, onların işlərinə yarayıb. Bilirik ki, haylar bu bölgəyə sonradan köçürülüblər. “Erməni” adı daşıyanlar isə xristian türklər idilər. Sonra haylar türk kökənli ermənilərlə qaynayıb qarışaraq, nəticədə müəyyən iddialarla çıxış etdilər. Eləcə də gürcülərə də eyni sözləri demək olar. Biz bilirik ki, tarixə baxsaq, gürcülərin bütün salnamələrinə nəzər salsaq görərik ki, bu bölgədə türksüz gürcü yoxdur. Bütün əfsanələri, tarixi kitabları Azərbaycan türkləri ilə bağlıdır. Təbii ki, əgər ortada bir şey varsa. Məlumdur ki, Ərəb xilafəti dövründə, xüsusən də X-XI əsrlərdə burada Tiflis müsəlman əmirliyi də olub. Bunlar hamısı bir reallıqdır.
Sovet dövründə Nəriman Nərimanovun Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsinin Zaqafqaziya Bürosuna təsiri nəticəsində guya “Gürcüstan torpaqları Azərbaycana verilib”, “mənimsənilib”, bu tamamilə əsassız iddiadır. Biz özümüzə aid olan torpağı necə mənimsəyə bilərik? Bu, erməni iftirasından başqa bir şey deyil. Qeyd etdiyim kimi, Çar Rusiyasının Güney Qafqazı işğal etməsi yalnız ermənilərin və gürcülərin işinə yaradı. Həmin dövrdə erməni vilayəti yaradıldı, gürcülərə bir çox səlahiyyət verildi. Burada ən çox zərbə alan Azərbaycan xanlıqları, biz türklər olduq. Bütün səlahiyyətlər əlimizdən alındı, xüsusən də hayların bizim torpaqlarımıza köçürülməsi prosesi baş verdi. Bütün bunlar bir gerçəklikdir. Bu gerçəkliyin və Çar Rusiyasının bizə vurduğu zərbənin nəticəsi idi ki, məhz dünənə qədər Kartli-Kaxetiya adlı kiçik bir çarlığı olan gürcülər Gürcüstan dövləti ilə ortaya çıxdılar. Ermənilər də xristian türklərin bütün irsini oğurlayaraq, mənimsəyərək, 1918-ci ildə kiçik bir Ararat Respublikası yaratdılar, dediyimiz kimi, bizim torpaqlarda dövlət yaratdılar. Burada itirən yalnız biz olduq. Ermənilərin yenidən bu iddianı ortaya qoyması, Nərimanova iftiralar atması səbəbsiz deyil. Görünür, hardasa erməni-gürcü işbirliyi var ki, ermənilər bu həqiqətə uyğun olmayan məsələni ortaya atırlar. Yəni bu təsadüfi deyil. Onlar yaxşı bilirlər ki, Azərbaycan türklərinin rolu olmadan heç bir tarixləri yoxdur. Azərbaycan zorla sovetləşdirildikdən, bolşeviklər ölkəmizi işğal etdikdən sonra Azərbaycan torpaqlarının 20 min kvadratkilometri 1920-ci ilin dekabr ayında Sovet Ermənistanına hədiyyə edildi. Eləcə də qədim Azərbaycan-türk yurdu olan Borçalı və onun böyük bir ərazisi də heç bir əsas olmadan Çar Rusiyasının ədalətsiz torpaq bölgüsü zamanı Gürcüstan ərazisinə düşdü. Amma ora şübhəsiz ki, mübahisəli ərazi idi, bu gün də mübahisəli ərazidir. Tiflisin özünü götürək, bu şəhərin əhalisinin böyük bir hissəsi Azərbaycan türkləridir. Orada yer, məhəllə, dağ, çay adları bizim dildədir. Həm Borçalı, həm də Gürcüstanın digər yerləri Azərbaycan türkləri ilə bağlıdır. O ki, qaldı Zaqatala, Qax və Balakən rayonlarına, bu rayonların da əhalisinin 100-də 80 faizi Azərbaycan türkləridir. Burada özünü türk hesab etməyən bir neçə kiçik etnik qrup, müəyyən qədər də islamı qəbul etmiş gürcülər yaşayır.
Guya Nərimanovun öz səlahiyyətlərindən istifadə edərək Gürcüstana “aid dörd rayon”u Azərbaycana verməsi ilə bağlı iddianın heç bir əsası yoxdur, bu tamamilə cəfəngiyyatdır”.
F.Ələkbərli hesab edir ki, bu iftiralar düşmənlərimizin məkrli siyasi oyunlarının nəticəsidir. O, təəssüflə qeyd etdi ki, biz yalnız özümüzü müdafiə etməklə məşğuluq və torpaqlarımızı tələb etmədikcə, gürcülər, ermənilər, farslar və başqaları bizə qarşı əsassız, uydurma torpaq, ərazi iddiaları qaldırırlar. “Yenə deyirəm, Çar Rusiyası və bolşevik hökuməti dövründə ən çox itirən Azərbaycan oldu. Əhalisi deportasiyaya, assimilyasiyaya məruz qalan, torpaqları boşaldılan biz olduq. Gördüyümüz kimi, biz qonşulara münasibətdə nə qədər humanist ideyalarla çıxış ediriksə, qonşularımız bizə böhtan atırlar. Hesab edirəm ki, biz də müdafiə olunmaq əvəzinə, taktikamızı dəyişməli və torpaqlarımıza sahib çıxmalıyıq ki, ermənilər, gürcülər, farslar hər hansı iddialarla qarşımıza çıxmasınlar” - deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA