Makron Azərbaycan Prezidentinə qərəzsiz Qarabağ vasitəçiliyi vəd edir - Fransa siyasəti dəyişirmi...

Fransa Prezidenti Emmanuel Makron Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Fransa Prezidenti bir sıra məqamlara toxunub. E.Makron qeyd edib ki, bütün mövzularda, xüsusən də qlobal məsələlərdə dialoqumuzun güclənməsindən çox məmnundur: “Pandemiya həqiqətən qarşımıza qoyduğumuz sağlamlıq, sosial, iqtisadi və təhlükəsizlik məsələlərinə ortaq cavab tapmaq üçün birlikdə işləməyin lazım olduğunu bizə xatırladır. Cənab Prezident, bu baxımdan Qoşulmama Hərəkatının sədri olaraq xalqın xeyrinə konkret və innovativ təşəbbüslərin inkişafına fəaliyyətinizlə verdiyiniz töhfələr təqdirəlayiqdir. Münasibətlərimizin yaxınlığı istər iqtisadi, istərsə də mədəniyyət və təhsil sahələrində birlikdə həyata keçirdiyimiz layihələrin sayında və keyfiyyətində də özünü göstərir”.
Məktubda E. Makron onu da qeyd edib ki, Fransa Qarabağ münaqişəsinin tənzimlənməsində qərəzsiz vasitəçilik edəcək: “Cənab Prezident, icazə verin, Minsk Qrupunun həmsədri Fransanın adından Birləşmiş Millətlər Təşkilatının Baş katibinin "müharibə xəstəliyi" adlandırdığı işi sona çatdırmaq çağırışını davam edim. Bu baxımdan, Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləmək öhdəliyinə arxalana bilərsiniz”.
Maraqlıdır, E.Makronun sözügedən fikri nə deməkdir? Qarabağ məsələsində Fransanın mövqeyi dəyişirmi?
- “Bir müddət sonra Fransanın mövqeyində yeni çalarlar meydana gələ bilər”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Makronun Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlər diqqəti cəlb edir. O, münaqişənin həlli ilə bağlı müsbət məzmunlu diplomatik ifadələr işlədib. Hesab edirəm ki, bir müddət sonra Fransanın mövqeyində yeni çalarlar meydana gələ bilər. Çünki Fransa həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə kimi passiv mövqe tutub. Əsasən pərdəarxası Ermənistanın maraqlarına uyğun siyasət yürüdüb. Ancaq hazırkı məqamda Fransa Prezidentinin belə bir mövqe sərgiləməsi müsbət məqamlardan xəbər verir. Bu, rəsmi Parisin münaqişənin həllində ədalətli mövqe sərgiləyəcəyinə ümid yaradır. Digər tərəfdən, artıq Fransa da anlayır ki, Azərbaycan iqtisadi və hərbi cəhətdən güclənir. Nəzərə almaq lazımdır ki, Fransa şirkətləri ilə Azərbaycan arasında silah ticarətinə dair müqavilələr var. Avropa İttifaqının Azərbaycana qarşı silah embarqosuna baxmayaraq, Fransa ölkəmizə silah satmaqda maraqlıdır. Bu da onu göstərir ki, erməni lobbisinin maneçiliyinə baxmayaraq, Fransanın Azərbaycana olan marağı artır. Cənubi Qafqazda Azərbaycanın geostrateji mövqeyi Fransanı cəlb edir. Azərbaycanın Avropa İttifaqının enerji təchizatında artan mövqeyi Fransanın mövqeyinə müsbət təsir göstərir. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın belə mövqe sərgiləməsindən sonra rəsmi Paris münaqişənin həllində səylərini artıra bilər”.
Vidadi ORDAHALLI