Yalançı bank reklamlarına məhdudiyyət zərurətə çevrilir
.jpg?v=1520254601)
Oqtay Haqverdiyev: "Reklamlar nəticəsində istehlakçılar aldadılırsa, həmin reklamı verənlər qanuna müvafiq olaraq cəzalandırılır"
"İstənilən məhsul sahibi çalışır ki, öz məhsulunu reklam etsin"
Son vaxtlar bank reklamlarının sayı artıb. Xüsusilə də kredit məhsulları ilə bağlı reklamlar əksər hallarda reallığı əks etdirmir. Reklamlarda cəlbedici sözlər deyilsə də, müştəri banka getdikdə bunun belə olmadığını görür.
Kreditlər elan edildiyindən yüksək faizlə verilir, reklamda deyildiyindən daha çox sənəd tələb olunur ki, bu da istehlakçı hüquqlarının pozulması deməkdir.
Məsələ ondadır ki, ölkədəki banklar effektiv və nominal kredit siyasəti üzrə faiz dərəcələrini açıqlayan zaman vətəndaşlar kütləvi şəkildə aldadılır. Kredit götürən zaman faizdən əlavə olaraq bəri başdan 3-5 faiz və daha çox rüsum alınır. Digər tərəfdən, bir bank müştərisinə kredit verir və ilk olaraq göstərdiyi xidmətə görə 7 faiz, bəzən də 9 faiz komissiya xərci olaraq faiz götürür. Yerli bankların reklam siyasətində kreditləri 19-20 faizlə verdiyi bəyan edilsə də, sonradan istehlakçılar krediti ödəməyə başlayanda 30, bəzən 35 faizlə qaytarır. Ona görə də banklar müştəri cəlb etmək üçün bu formada yalançı kredit reklamlarını dayandırmalıdır. Çünki müşahidələr göstərir ki, problemli kreditlərin həcminin 1 milyard manata gəlib çatmasında sözügedən yalançı reklamların da bu və ya digər dərəcədə rolu olub. Ona görə də yalançı bank reklamlarına məhdudiyyət qoyulması ilə bağlı fikirlər gündəmə gəlib.
Maraqlıdır, hazırkı dövrdə ekspertlər belə bir məhdudiyyətin tətbiqinə necə baxır?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, prinsipcə, yalançı reklamlara müəyyən məhdudiyyət qoymaq olar: "İstənilən məhsul sahibi çalışır ki, öz məhsulunu reklam etsin. Çünki reklam məhsulun satılmasında birbaşa rol oynayır. İstər kreditlərlə, istərsə də digər məhsullarla bağlı reklamlar gedəndə gərək birinci növbədə istehlakçılar ayıq-sayıq olsun. Çox vaxt istehlakçılar ya bilərəkdən, ya da bilməyərəkdən bunun fərqinə varmır və nəticədə aldanır. Hər bir vətəndaş öz gəlir və çıxarını düzgün hesablamalıdır. Buna uyğun olaraq addım atmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda çox vaxt bunun əksi baş verir və vətəndaşlar aldanır. Sivil ölkələrdə yalançı reklamların qarşısını ala biləcək lazımi qanunvericilik bazası var. Bu zaman reklamlar nəticəsində istehlakçılar aldadılırsa, həmin reklamı verənlər qanuna müvafiq olaraq cəzalandırılır. Bizdə də bu və digər məsələlərlə bağlı qanunlar var, amma ona riayət olunmur. Yaxşı olardı ki, Azərbaycanda da işlək mexanizmə söykənən qanunlar olsun".