19/11/2018 18:29
728 x 90

İstiqlal poeziyamızın Daisi...

img
İstiqlal hər bir xalqın tarixinin azadlıq, hürriyyət, özgürlük zirvəsidir. Bu zirvəni fəth edə bilməyən xalqlar nə dövlət sahibi ola bilir, nə dilini, nə də mədəniyyətini qorumağı bacarır. Söz yox ki, istiqlalı xalqa onun dövlət xadimləri, dahi övladları, böyük şəxsiyyətləri, fikir və məfkurə adamları, qələm əhli qazandırır. Azərbaycan 1991-ci il oktyabrın 18-dən bağımsızlıq əldə edib, müstəqil dövlət kimi artıq bütün dünyada tanınır.
Əlbəttə, xalqımızın istiqlalına qovuşması birillik, beşillik mübarizənin, mücadilənin nəticəsi deyil. Bu mərtəbəyə onilliklər boyu addım-addım yaxınlaşmışıq. Təbii, hərəkətverici qüvvə kimi burada istiqlal şairlərinin də əməyi az olmayıb. Azadlıq türküsünü, xalqın özgürlük harayını onlardan başqa kim oxuya bilər ki?
Azərbaycan ədəbiyyatı, xüsusən də poeziyası istiqlal mövzusunda minlərlə nümunə ortaya qoyub. Tariximizdə adı bəlli istiqlal şairləri olub. Təəssüf ki, onlar arasında çağdaş oxucunun tanımadığı istiqlal şairlərimiz də olub. Hətta onları bir çox hallarda mütəxəssislər özləri tanımayıb, gərgin araşdırmalar nəticəsində belə istiqlal şairlərinin olduğunu aşkarlayıblar. Bu gün tez-tez suallar eşidirik ki, müasir Azərbaycanda niyə istiqlal şairləri yoxdur, yetişmir? Tarixdə istiqlal mövzusunda yazan kimlərin adları yaşayır?
Açığını deyək ki, bu suala cavab verməkdə bəzi mütəxəssislər çətinlik çəkir, onlarla nümunə gətirib kiminsə istiqlal şairi olduğunu sübuta yetirməyə çalışır. Arxivlərdə işləmək, materialları araşdırmaq, məxfi sənədlərə bələd olmaq tədqiqatçının üzərinə düşən ən böyük işdir. Onu da açıq şəkildə deyək ki, hər tədqiqatçı da özünü dərinə salıb dərya qoynunda gizlənən inciləri tapıb üzə çıxarmaqda maraqlı deyil. Ancaq elə fədakar tədqiqatçı alimlər var ki, onlar bu sahədə böyük işlər görüb və görməkdədir. İstiqlal tariximizi araşdıran fədakar alimlərdən biri filologiya elmləri doktoru, professor, AYB üzvü Asif Rüstəmlidir. A.Rüstəmlinin tədqiqatlarından layihəmizin mövzusuna uyğun olaraq istifadə etməyə çalışırıq. Çünki alimin tədqiqatları tariximizin, ədəbiyyatımızın, ictimai fikrimizin öyrənilməsi, təbliğ edilməsi baxımından çox dəyərlidir. Eyni zamanda da bu tədqiqatlar yeniliklərlə doludur.
Asif Rüstəmli son illər apardığı gərgin tədqiqatlar nəticəsində istiqlal poeziyamızın formalaşmasında müstəsna rolu olan Əbdül Rəhman Dai imzasını ilk dəfə üzə çıxarıb və onun yaradıcılığını, fəaliyyətini geniş şəkildə təhlil edib.
Arxiv materialları və məxfi sənədlər əsasında ilk dəfə tədqiqata cəlb edilən istiqlal şairinin irsi inanırıq ki, oxucularımızda böyük maraq doğuracaq.
AYB-nin saytında yer alan "İstiqlal poeziyamızın Daisi" məqaləsində kifayət qədər diqqətəlayiq faktlar var.
Ədibin təxəllüsünü təhlil edən A.Rüstəmli qeyd edir ki, "Dai" ərəb mənşəli söz olub dörd məna qatını özündə birləşdirir: dua edən, səbəbkar olan, tələb edən və arzu edən: "Uzaqgörənliklə seçilmiş bu təxəllüsün məna çalarları onun keşməkeşli, dolanbac ömür yolunda, məşəqqətlər məcrasında çırpınan əzabkeş taleyində qabarıq təcəssümünü tapıb. Yaradıcılığa Rusiya imperiyası dövründə başlayan, Azərbaycan Xalq Cumhuriyyəti dönəmində nəşr olunan kitablarının sevincini, həyatının xoşbəxt anlarını yaşayan Əbdül Rəhman Dai (Əbdülov Rəhman Əbdül Rəhman oğlu) sovet rejimi zamanında gizli siyasi fəaliyyətə görə 1923-cü ildə Azərbaycan Fövqəladə Komissiyası (Az.FK) tərəfindən həbs olunur, 13 il amansız repressiyalara məruz qalır, vətəndən uzaqlarda dünyasını dəyişir. Həyat və yaradıcılığı ciddi elmi araşdırmalardan kənarda qalan Ə.R.Dai Cumhuriyyət dövrü istiqlal poeziyasının istedadlı nümayəndələrindən biri, eyni zamanda dövrünün tanınmış folklor tədqiqatçısı və mətbuat xadimi idi. Əbdül Rəhman Dai 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman və Gülsüm xanım Əbdülovların ailəsində dünyaya göz açıb. Rəhman ailənin yeganə oğul övladı idi və anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülovlar Bülbülə kəndindən Bakıya köçür, Bondarnaya (indiki Şəmsi Bədəlbəyli) küçəsi, 92 sayli ünvanda yaşayıblar. Rəhman Əbdül Rəhman oğlu Əbdülov 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olur, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirir. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa daha böyük həvəs göstərirdi. O, 1914-cü ildə zəmanəsinin ziyalısı və xeyirxahı kimi tanınan Qasım bəy Qasımbəyovun (bəzi mənbələrdə Qasımzadə - A.R.) redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə əməkdaşlıq edir, "Məktəb" elektrik mətbəəsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümunələri "Bəsirət", "Açıq söz" qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı "Rəhimli səyyah" adlı ilk nəsr kitabı Kazım Vəlizadənin naşirliyi ilə 1917-ci ildə "Məktəb" elektrik mətbəəsində nəşr edilir. Memuar səpkisində yazılan ilk kitabı sadə və aydın üslubda qələmə alındığı üçün müəllifinə böyük uğur qazandırır. Kitabın sonunda əsərin yazıldığı tarixin 7 aprel 1915-ci il olduğu qeyd edilib. Bu tarixi gənc Əbdül Rəhmanın ədəbiyyata gəldiyi gün kimi də qeyd etmək olar. Dainin "Fəhlənin nitqi" adlı nəzmlə yazdığı ikinci kitabı da 1917-ci ildə mürəttib Ağa Həsən Qulamovun naşirliyi ilə "Bakı" mətbəəsində çap olunur. Məsnəvi janrında qələmə alınan əsərin məzmunu fəhlənin dilindən "xozeyinə", sahibkara ünvanlanan tələb və ittihamlardan ibarətdir. Kitabçada Rusiya imperiyasında 1917-ci ildə baş verən fevral və oktyabr inqilabının adı çəkilməsə də, "şimal küləyi"nin gətirdiyi ab-hava əsərin ümumi ruhunda duyulmaqdadır".
Tədqiqatçı yazır ki, Əbdül Rəhman Dai Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasını böyük sevgi və sevinclə qarşılayıb. İstiqlal duyğuları, azadlıq arzularının onun bədii yaradıcılığında da təcəssümünü tapdığını qeyd edən tədqiqatçı bildirir ki, bu dövrdə onun üç kitabı işıq üzü görüb: "Mürəttiblik fəaliyyətini Ağabala Quliyevin "Şura" mətbəəsində davam etdirən Dai 1918-ci ildə uşaqlar üçün yazdığı, tərbiyəvi əhəmiyyət kəsb edən, sərlövhəsi atalar sözü ilə başlayan "Qurunun oduna yaş da yanar" adlı üçüncü kitabçasını oxucuların ixtiyarına verdi. Nəbi adlı uşağın nadincliyindən və ədəbsizliyindən bəhs edən bu əsər dilinin saflığı, poetikliyi və bədii mənzərənin inandırıcılığı ilə diqqəti cəlb edir. Ə.R.Dai 1919-cu ilin əvvəllərində Kərbəlayi Vəli Mikayılovun dəvətilə onun rəhbərlik etdiyi "Hökumət" mətbəəsində naşirlik fəaliyyətinə başlayır və özünün iki kitabını burada nəşr etdirir. "Qanqal" Əbdül Rəhmanın ilk satirik şeirlər toplusudur. "Ay Baba!" müraciətilə başlayan satiralar çox güman ki, fədakar mətbuat xadimi Əlabbas Müznibin redaktorluğu ilə nəşr edilən "Babayi-Əmir" (1915-1916) gülgü dərgisinə ünvanlanıb. Dainin tənqidi poeziyasının formalaşmasında "Molla Nəsrəddin" ədəbi məktəbinin güclü təsiri özünü büruzə verməkdədir.
Əbdül Rəhman Dainin ədəbi fəaliyyətində tərtibçilik və naşirlik işi xüsusi əhəmiyyət kəsb edir. Onun toplayıb hazırladığı və çap etdirdiyi çoxcildli "Əsgəri nəğmələr"in birinci hissəsi 1919-cu ildə "Hökumət mətbəəsi"ndə çıxmış və bu gün də aktuallığını və bədii təravətini qoruyub saxlamaqdadır. Azərbaycan Xalq Cumhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunduğu üçün kitabın ikinci hissəsi nəşr edilməyib. 27 aprel çevrilişindən sonra Ə.R.Dai bir müddət naşirlik fəaliyyətini dayandırır, işsiz qalır. Yalnız 1921-ci ilin baharında o, Əli Həsən Babayev və Əbdül Vahab Məmmədzadənin dəvətilə gizli fəaliyyətə başlayan "İstiqlal" qəzetinin nəşrinə cəlb olunur. Dai 1921-1923-cü illərdə 19 sayı məxfi şəraitdə çap olunan qəzetin əksər mətnlərinin mürəttibi, xüsusilə Azərbaycanın işğal günü - 27 aprel münasibətilə milli ruhda yazılan, sovet istilasını yamanlayan bəyannamələrin yığıcısı idi. Əbdül Rəhman Dai 1923-cü ilin fevral ayında fəaliyyətə başlayan "Gənc işçi" qəzetinin məsul katibi vəzifəsinə irəli çəkilir, avqust ayında Süleyman Sani Axundov, Hüseyn Cavid, Seyid Hüseyn, Məmməd Əli Sidqi, Hənəfi Zeynallı, Məmməd Səid Ordubadi, Nemət Bəsir, Salman Mümtaz və b. iştirakı ilə yaradılan "Türk ədib, şair və ədəbiyyat həvəskarları" cəmiyyətinin katibi seçilir. Onun xalq ədəbiyyatına dair tədqiqat xarakterli məqalələri, xüsusilə "El şairi Aşıq Cavad", "El şairəsi Ağa Sənəm", "El şairi Xələf", "El şairi Dəli Mehdi", "Bakı tarixində el şairləri", eləcə də çoxsaylı şeirləri o dövrün "Kommunist", "Gənc işçi", "Yeni yol" qəzetlərində, "Maarif və mədəniyyət" jurnalında dərc olunub. Onun "İki məktəbli" adlı mənzum pyesi M.Əzizbəyov adına kitabxanada həvəskarlar tərəfindən oynanılıb. Əbdül Rəhmanın "Kommunist" qəzetinin 12 oktyabr 1923-cü il tarixli ədəbiyyat səhifəsində çap etdirdiyi bir bayatısı diqqəti cəlb edir.
Şəftəliyəm kalam mən,
Dilim yoxdur, lalam mən.
Çərxi-fələk qoymadı,
Arzu-kamım alam mən.
Çox keçmir ki, "çərxi fələk"- bolşevik rejimi gənc ədibi "arzu-kam" almağa, milli ədəbiyyata xidmət etməyə imkan vermir".
Tədqiqatçı qeyd edir ki, Azərbaycan Fövqəladə Komissiyasının (Az.FK) hərbçiləri 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə vətənpərvər, hürriyyətçi, istiqlal fədailərinin böyük və fəal bir qrupunu həbs etdi. A.Rüstəmlinin yazdığına görə, qəfil həbslər zamanı sol müsavatçıların gizli nəşr etdiyi və 19 sayı işıq üzü görən "İstiqlal" qəzetinin və bəzi məxfi kitabçaların çap olunduğu mətbəə aşkar edilir. Kütləvi həbslər zamanı saxlanan azadlıq mübarizləri Əbdül Rəhman Əbdül Rəhman oğlu Əbdülov (təxəllüsü Dai) olmaqla yanaşı, Əbdül Vahab Məmmədzadə, Cəfər Cabbarlı, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılov, Novruz Ağayev, Qurban Musazadə, Ağa Səlim Rəhimov, Əli Abbas Əliyev, Əli Həsən Babayev, Nəsrulla İsrafilov, Məşədi İslamov, Salman Rəhimov, Hacı Baba Cəbiyev, Ağa Kərim Əliyev və b. dövrünün tanınmış ziyalıları, mətbuat nümayəndələri və vətənpərvər qüvvələr idi.
Tədqiqatçı qeyd edir ki, Əbdül Rəhman adları çəkilən məsləkdaşları ilə müqayisədə xeyli gec-1923-cü ilin dekabrın 11-də ordersiz həbs olunub. Tədqiqatçı bildirir ki, onun adına verilən 475 saylı orderi və 1588 saylı məhkumluq vərəqini Az.FK-nın sədr müavini Qaber Korn yalnız dekabrın 24-də imzalamağa "vaxt tapıb". A.Rüstəmlinin bildirdiyinə görə, Dainin ilk müstəntiqi məxfi və xüsusi şöbənin müdiri, sonralar Azərbaycan Ali Məhkəməsinin (1934-1937) və Nazirlər Sovetinin sədri (1937-1954) işləmiş Teymur Quliyev idi: "Müstəntiq 11 dekabr 1923-cü il tarixli protokola əsasən Əbdülov Rəhman Əbdül Rəhman oğlundan suallarına cavab alır. Müttəhim təsdiqləyir ki, mətbəə müdiri Əli Həsən Babayevin dəvəti ilə Qurban Musazadənin (yazıçı Qılman İlkinin qardaşı- A.R.) evində "Müsavat" təşkilatının üzvü olmuş, gizli "İstiqlal" qəzetinin antisovet intibahnamələrinin çapında fəal iştirak edib. Sonrakı ifadələrində və üzləşmələrdə ilkin izahatını Rəhman Əbdül Rəhman oğlu dəyişmir. Ailənin yeganə oğlunu və çörəkqazananını yuxarılara yazdığı fəryad dolu məktubları ilə Gülsüm Allahverdi qızı Əbdülova müdafiəyə qalxır. O, Rəhmanın həbsindən 26 gün sonra ilk məktubunu Az.FK-nın sədri Mir Cəfər Bağırova ünvanlayır. Məktub 1924-cü il yanvarın 5-də Bağırova çatır və cavab üçün məxfi şöbəyə göndərilir. Gülsüm xanım 2-ci məktubunu yanvarın 19-da Azərbaycan MİK-nin sədri Səmədağa Ağamalıoğluna göndərir. Ərizədə yazılırdı: "Oğlum Rəhman Əbdülov təxminən bir ay yarım əvvəl Az.FK tərəfindən həbs edilib, işi müstəntiq Nikolayevə verilib. Mənim oğlum vərəmə yoluxub, hər bir həkim bunu təsdiqləyə bilər. Qorxuram ki, o ağır şəraitdə xəstəliyə dözə bilməyə, ölə, onda qoca atası və anası üçün necə olacaq? Bizi oğlum saxlayırdı. Hökumət evində yaşayırıq və ayda 1 çervon istəyirlər, haradan ödəyək?! Mən gözləri yaşlı qadın sizə yalvarıram, qoca ata-anaya yazığınız gəlsin, hansı ki, heç yaşamaq imkanları da yoxdur. Əllərimi açıb sizə yalvarıram, oğlumu mənə qaytarın" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-18). S.Ağamalıoğlu ərizəyə şəxsən "Baxılmaq üçün" dərkənar qoyaraq Az.FK-ya ünvanlayır. Gülsüm Allahverdi qızı müraciətinə müsbət cavab almayıb növbəti ərizəsini Mir Bəşir Qasımovun adına göndərir. Müstəntiq Malçenkova verilən ərizənin üstünə qırmızı mürəkkəblə "İmtina edilsin" dərkənarı qoyulur. Fəryad edən köməksiz ananın ümidləri Azərbaycan rəhbərliyindən üzülür".
Ardı var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər