Sədrəddin Soltan: “İran rejiminin yaratdığı şərait bu ölkəyə gedən bütün xarici vətəndaşlar üçün təhlükə mənbəyidir”

Məlumdur ki, pandemiyadan öncə hər gün minlərlə insan müalicə üçün Azərbaycandan İrana üz tuturdu. Hətta ayda bir dəfə bu ölkəyə həkimə gedənlər olurdu. Pandemiya dövründə quru sərhədlər bağlandığı üçün bu axın azaldı.
Məlumata görə, son 1 ildə yenə də İrana müayinə və müalicə üçün gedənlərin sayında artım var. Düzdür, bu artım elə də yüksək olmasa da, yenə müalicə üçün İrana gedənlər az deyil. Ancaq o ölkədən geri qayıdanlar əvvəlki illərdə olduğu kimi sağlıqlarından razılıq etmir. Əksinə, vəziyyətlərinin daha da pisləşdiyini iddia edirlər.
Onu da qeyd edək ki, bu günlərdə İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. Yəni həkimlər azərbaycanlı xəstələri “tələyə” salmağa çalışırlar. Hətta bəzi hallarda onları casusluğa cəlb edirlər.
- “İnsanların şəfa üçün üz tutduğu xəstəxanada İranın xüsusi xidmət orqanlarına çalışan əməkdaşları ola bilər, bu təkcə həkim yox, adi işçilər…”
Mövzu ilə bağlı fikir bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İran rejiminin yaratdığı şərait bu ölkəyə gedən bütün xarici vətəndaşlar üçün təhlükə mənbəyidir: “Məlumdur ki, İranda ABŞ, Fransa, Almaniya, Belçika və Azərbaycan vətəndaşları saxlanılıb. Onlara “casus” damğası vurulub. Bu səbəbdən də həmin ölkələr öz vətəndaşlarına İrana səfər etməməyi məsləhət görür. İnsanların şəfa üçün üz tutduğu xəstəxanada İranın xüsusi xidmət orqanlarına çalışan əməkdaşları ola bilər. Bu, təkcə həkim yox, adi işçilər - qeydiyyat şöbəsində çalışanlar, sanitarlar, taksi sürücüsü belə ola bilər. Onlar xarici ölkə vətəndaşlarını casusluğa cəlb edə bilər. Son 5-6 il ərzində İranda Azərbaycan vətəndaşları ilə bağlı baş verən hadisələr bu ölkədə ölkəmizə qarşı düşmən münasibətin yarandığını deməyə əsas verir. Məsələn, Azərbaycanın məşhur fizika alimi Rəşid Əliyevi bir neçə il saxlayıb, “casus” damğası vurdular. Bu yaxınlarda İranda itkin düşən Fərid Səfərli də casusluq ittihamı ilə həbs edilib. Gənc şairlər Şəhriyar Del Gerani və Fərid Hüseynlə bağlı məsələni də bura aid etmək olar. Bütün bunlar onu göstərir ki, İranın Azərbaycanla bağlı istəkləri həyata keçmədikdə insanlarımızı həbs etməklə, ləkələməklə məşğul olur".
Həmsöhbətimiz onu da əlavə etdi ki, SEPAH-ın Qüds qolunun “Hüseyniyyun” təşkilatının üzvləri Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycana qarşı fəaliyyət göstərirlər: “İran tərəfi də bu məsələdən istifadə edir. Odur ki, Tehran rejiminin idarə etdiyi İran Azərbaycan vətəndaşları üçün təhlükə mənbəyidir. Bununla bağlı Azərbaycanın rəsmi qurumları, Prezident Administrasiyası, strukturları, Xarici İşlər Nazirliyi kimi təşkilatlar qərar verməlidir. Azərbaycan XİN artıq İrana səfər etməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra İranda Azərbaycan vətəndaşının başına bir iş gəlsə, onun hüquqları müdafiə ediləcək. Ən yaxşısı bu ölkəyə getməməkdir. Azərbaycan səhiyyəsi günü-gündən inkişaf edir. Öz həkimlərimizi qoyub, İran həkimlərindən şəfa istəmək düzgün deyil”.
Ekspert onu da əlavə etdi ki, İslam dinini daha dərindən öyrənmək üçün Quma getmiş Azərbaycan vətəndaşları arasında da sonradan İran hakimiyyətinin quluna çevrilənlər az deyil.
Günel CƏLİLOVA