08/06/2023 12:57
728 x 90

Rusiyadan ATƏT MQ həmsədrləri formatının bərpasına çox şübhəli təşəbbüs...

Məhəmməd Əsədullazadə: “Bütün bunlar onu göstərir ki, Kreml ikili oyun oynayır”

img

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Moskvanın həmsədrlərin Dağlıq Qarabağa səfər edə bilməməsindən narahat olduğunu bəyan edib.

Rusiya nümayəndəsi bunu belə əsaslandırıb: “Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər edə bilməməsindən narahatdır. Bizi nə narahat edir? Həmsədrlər üçlüyü hələlik regiona səfər edə, vəziyyətlə tanış ola, insanlar arasında əlaqələrin qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyiblər. Ümid edirəm ki, çox yaxın gələcəkdə həmsədrlərin üçlüyü regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcək”.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsinin belə anlaşılmaz təşəbbüslə çıxış etməsi təəccüb doğurur. Ən azından ona görə ki, Rusiya tərəflər arasında praktiki olaraq əvvəlkindən daha effektiv vasitəçilik edir. Nəzərə almaq lazımdır ki, Rusiya müharibənin dayandırılmasında və 10 noyabr razılaşmasının əldə olunmasında vacib rol oynayıb. Eyni zamanda, əsirlərin qaytarılmasında, digər humanitar xarakterli məsələlərin həllində praktiki rol oynayıb. Belə olan halda Moskva həmsədrlərə görə niyə belə narahat olmalıdır?

  • “Bu amildən istifadə edərək Azərbaycana və Ermənistana təsir etməyə çalışır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Bütün bunlar onu göstərir ki, Kreml ikili oyun oynayır. Bir tərəfdən hər vasitə ilə çalışır ki, Cənubi Qafqazda dominant rola malik olsun. Yəni Qərbin siyasi baxımdan regionda həlledici təsiri olmasın. Təsadüfi deyil ki, məhz bu səbəbdən 2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsinin dayandırılmasında əsas arbitr rolunu Kreml oynadı. Ondan sonrakı proseslər zamanı da əsas təşəbbüs Rusiyanın əlində olub. Düzdür, mina xəritələrinin verilməsində, erməni əsirlərin qaytarılmasında bəzi istisnalar da var. Yəni sözügedən məsələlərdə Avropa İttifaqı və Gürcüstan da müəyyən vasitəçiliklə çıxış etdi. Ancaq buna baxmayaraq, həlledici rol Rusiyaya məxsusdur. Çünki Brüssel görüşünün olacağını bilən Rusiya rəhbərliyi tez Soçidə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünü təşkil etdi. Bu məntiqlə yanaşanda, digər iki həmsədr dövlətin Qarabağ danışıqlarında fəallaşması Rusiyanın maraqlarına uyğun deyil. Ancaq biz görürük ki, Rusiya ATƏT-in Minsk Qrupunun fəaliyyətinin tam dayandırılmasını da istəmir. Bu amildən istifadə edərək Azərbaycana və Ermənistana təsir etməyə çalışır. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi A.Lukaşeviçin məlum fikirləri də bundan irəli gəlir. O baxımdan Kreml belə ikili siyasətə son qoymalıdır”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan bu kimi məsələlərdə son dərəcə diqqətli olmalıdır.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər