Vətən sevgisi ilə müqəddəslik zirvəsinə ucalan şəhid Pərvin...

img

Astara rayonunun Pensər kəndində dünyaya göz açan Pərvin Təbriz oğlu Salmanzadə doğma Vətənə, torpağa halal sevgisini İkinci Qarabağ müharibəsində tam sübuta yetirdi. Müharibə meydanında yağının bağrına çat salmaqla bir tarix yazdı. Özü şəhid olsa da, xalqı üçün qoyduğu yadigarlar əbədidir. Və əməllərinin mayasında Vətəni sevmək, torpağı qorumaq əzəməti dayanır.

Bəli, həyata mehr-məhəbbət, əzəmət gətirən əməllərə tapınmaqla Pərvin əsgərlik yaşına çatır. 2009-cu ildə hərbi xidmətə yola düşəndə el-obada özünə görə hörmət sahibi idi.  Əsgərliyini  cəbhənin ən qaynar  xəttində keçirən Pərvin doğma Azərbaycana sədaqətlə xidmət edir, Vətənin bir qarış  torpağından ötrü canından belə keçməyə  həmişə hazır durur. Elə onu əsgərlər arasında nüfuz sahibi edən də Vətən sevgisindən doğan keyfiyyətləri olur. Ən əsası köksündə qəhrəman  ürəyi döyünən Pərvinin vətənpərvərliyi, milli ləyaqət  hissi, düşmənə alovlu nifrəti  xidmət etdiyi hərbi hissədə hamı üçün nümunə olur.

Üzüağ əsgəri xidmətdən kəndinə dönən Pərvin  özünü əmək meydanında sınayır. Necə deyərlər, firavan həyat naminə maddi nemətlər bolluğu yaratmaq uğrunda əzmlə çalışır. Özü də Pərvin bütün fəaliyyətini xalqın, Vətəninin taleyi ilə bağlayır. Getdiyi halallıq yolunda saf duyğularla yaşayan, məsləkli adamlardan öyrəndikləri də çox olur. Bütün bunlarla bərabər düşmən tapdağında olan Qarabağdan ötəri ürəyi darıxır. Vətənin qeyrətli oğlu özlüyündə götür-qoy edir  və  torpaq naminə yerini səngərdə, məqamı gələndə döyüşdə görür. 2020-ci ildə yenidən hərbiyə gedir. Onu MAXE vəzifəsində işə götürürlər. Pərvin xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir, işğal altında olan Vətən torpaqlarını düşməndən geri almaqdan ötrü hərbin sirlərini mükəmməl öyrənir. Çox keçmir  düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edir.

Nəhayət ki, bütün Azərbaycan xalqının arzuladığı gün gəlir. 27 sentyabrda İkinci Qarabağ müharibəsi başlanır. Pərvin də Vətən yolunda can qoyan qeyrətli oğlanlara qatılıb ən qızğın, od-alovlu döyüş bölgəsinə yollanır. Ağdərə, Xocavənd istiqamətlərində  gedən ağır müharibədə daha rəşadətli olur, düşmənə qarşı qəhrəmancasına vuruşur. Çavuş olduğu dəstəyə də sözü belə olur: ”Vətən torpağı müqəddəsdir, onun bir qarışı da  gərək yağıya qismət olmasın”. Cəsur döyüşçü Cəbrayılda, Füzulidə də hər qarşı torpaq uğrunda can qoymaqla sarsıdıcı zərbələri ilə erməni faşistləri darmadağın edir. 6 noyabr 2020-ci ildə  Şuşa şəhərində şəhid olur. Burada da düşmənə  ürəyində arzuladığı dərs keçir. Sonda komandiri qəfil güllədən qorumaq üçün özünü onun üstünə atır. Komandirini  xilas etsə də, öz həyatını canından artıq sevdiyi Vətəninə qurban verir...

Pərvinin Vətəninə, xalqına olan sevgisi Uca Tanrıdan gəlirdi. Onu əbədiyyət zirvəsinə ucaldan da bu sevgi oldu. Dövlət isə ölümündən  sonra öz igid oğlunu beş - “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif etdi.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər