Tarixdə iz buraxanlar: I İbrahim Dərbəndi

I İbrahim Dərbəndi 1252-ci ildə xan ailəsində anadan olub. O, Kəsranilərin törəmələrindən olan ikinci Mənuçöhrün doqquzuncu nəslindəndir. 1382-1417-ci illərdə Şirvanın şahı, Dərbəndilər sülaləsindən olan ilk hökmdardır.
Şirvanşahlar dövləti uzun illər boyu zamanın sərt sınaqlarına tab gətirərək Azərbaycan torpaqlarının bir hissəsində dövlətçilik ənənələrini qoruyub saxlayırdı. Səlcuq və monqol görüşləri Şirvanşahları müəyyən zaman asılı vəziyyətə salsa da, onun daxili müstəqilliyinə toxunmayıb.
XIV əsrin 50-ci illərində Hülakü imperatorluğu dağıldıqdan sonra yenidən dirçələn Şirvanşahlar dövlətini Kəsranilər sülaləsi idarə edib. Fəqət bu sülalənin sonuncu nümayəndəsi Huşəng Kavus oğlu öz bacarıqsız və ədalətsiz siyasəti ilə ölkəni elə bir vəziyyətə salıb ki, xalqın güzaranı pisləşib, zülm ərşə çıxıb. Belə vəziyyət nəinki sadə insanların, hətta imtiyazlı təbəqələrin də narazılığına səbəb olub. Bu narazılıq dalğası artaraq 1382-ci ildə qüdrətli xalq hərəkatına çevrilib. Bu hərəkat nəticəsində Şirvanşah Huşəng öldürülüb. Bu hadisədən sonra yeni hökmdarı seçmək üçün əyanlar məşvərətə yığışıblar. Yeni hökmdar qətlə yetirilən Huşəngin qohumlarından olmalı, eyni zamanda onun qətlinə görə heç kimi cəzalandırmamalı idi. Seçiləcək yeni hökmdar sadə xalqın ürəyincə olmalı idi, çünki ölkədə etiraz dalğası davam edirdi. Belə bir şəraitdə yalnız möhkəm iradəli və nüfuzlu bir şəxsiyyət sabitliyi bərqərar edə bilərdi.
Şeyx İbrahim öz sadəliyi və xeyirxahlığı ilə bütün Şirvan camaatının hörmətini qazanmışdı. Huşəngin bəd əməllərinə dözə bilməyən İbrahim bir çoxları kimi saraydan uzaqlaşmışdı. İndi o, öz yaxınları ilə birlikdə Şəki mahalının kəndlərindən birində ata-baba mülkündə sadə bir həyat tərzi keçirirdi. Azərbaycan dövlətçiliyinə xas olan məşvərət mədəniyyətinə söykənən tarixi bir qərar çıxarıldı. Bu qərara görə 1382-ci ildə Şeyx I İbrahim Dərbəndi Şirvanşahlar dövlətinin hökmdarı oldu. Beləcə, 1538-ci ilədək Şirvanı idarə etmiş Dərbəndilər sülaləsi hakimiyyətə gəldi. Bu sülalənin belə adlandırılmasının səbəbi İbrahimin babalarının uzun illər Dərbənd hakimi olmaları idi. Şirvanşah elan olunmasına baxmayaraq, sadə təbiətli, əməksevər bir insan olan I İbrahim Dərbəndi kəndlilərə qoşulub yer şumlayır, taxıl biçib dərz bağlayırdı. Bu işləri görəndə o, özündə bir dinclik tapırdı.
I İbrahim Dərbəndi ilk növbədə ölkə daxilində qayda-qanunu bərpa etdi. O, ticarət və sənətkarlığa qayğı göstərir, vergi və mükəlləfiyyətləri qaydaya salırdı. Sadə xalq qayda-qanunun bərpa olunduğunu, məmur özbaşınalığına, zülmə son qoyulduğunu görüb sevinir, qurub-yaratmaqla məşğul olurdu. I İbrahim yaxşı başa düşürdü ki, xalqın güzəranı yaxşı olduqda dövlətin xəzinəsi də boş qalmaz. Dövlət varlı olanda onun müdafiə qüdrəti də möhkəmlənər, əkinçi də, sənətkar da, tacir də rahatca öz işləri ilə məşğul ola bilər.
I İbrahimin bu fəaliyyətinə baxmayaraq, qısa bir zamanda Şirvanın başı üzərini qara buludlar alır. Ölkə şimaldan və cənubdan gələn "iki od arasında" qalır. Şərq ölkələrini zəbt edərək cənubdan Azərbaycanın daxilinə doğru irəliləyən böyük fateh Əmir Teymurun qoşunları, şimaldan isə Qızıl Orda hökmdarı Qiyasəddin Toxtamış xanın həmlələri Şirvanın vəziyyətini gərginləşdirir. Ağıllı hökmdar, mahir diplomat olan Şeyx I İbrahim Dərbəndi hər iki təhlükənin Şirvan üçün nə kimi nəticələr verə biləcəyini dərindən götür-qoy edir. O, yaxşı başa düşürdü ki, Azərbaycanda vahid mərkəzləşdirilmiş dövlətin olmadığı bir şəraitdə tərəflərin hər ikisinə qarşı eyni zamanda mübarizə aparmaq mənasızdır. Hətta onların hər hansı biri ilə də qarşıdurma Şirvan üçün acı nəticələr verə bilər. Belə nəticələrin olmaması üçün bu qüvvələrdən biri ilə yaxşı münasibətlər qurmaq, sonra isə onun dəstəyi ilə digər təhlükəni dəf etmək olar.
I İbrahim Dərbəndi qəti qərara gəlir ki, Teymurla ittifaqa girmək lazımdır. Niyə bəs Teymurla? Müdrik Şirvan hökmdarı bunu özlüyündə belə izah edirdi: "Qızıl Orda hökmdarı ilə yaxınlaşmaq təhlükəli və səmərəsiz siyasət olar. Çünki Şirvan Qızıl Orda ilə həmsərhəddir. Toxtamış xan mənim ərazimə soxulsa, onun qılıncı daim başımın üstündə olacaq. Bu naxələfin hakimiyyəti altına düşmək Şirvanşahların süqutu deməkdir. Teymur isə xeyli uzaqdan gəlib. Maverünnehrdə otura-otura o, Azərbaycanı idarə edə bilməz. Burada ona etibarlı bir adam lazım olacaq. O, Şirvanı ələ keçirsə belə, burada uzun müddət möhkəmlənə bilməyəcək. İndi əsas məsələ çalışıb Teymurun etbarını qazanmaqdır. Əlbəttə, bir müddət ondan asılı vəziyyətdə olacağam. Onun ölümündən sonra isə Allah kərimdir. Hər halda, dövləti qoruyub saxlamaq üçün bundan başqa yol yoxdu".
I İbrahim Dərbəndi şəxsiyyətləri qiymətləndirməyi bacarır. Son bir neçə ildə Toxtamışın hərəkətlərini izləyən Şirvan hökmdarı bilirdi ki, onun ipinin üstünə odun yığmaq olmaz. Bu türk əsilli hökmdar rusları qoyub gah Noqay ordusu ilə vuruşur, gah da Azərbaycan torpaqlarına yürüşlər edirdi. Toxtamış vaxtilə ona böyük yaxşılıqlar edən, demək olar ki, onu taxta çıxaran Əmir Teymurun da üzünə ağ olmuşdu. O, heç vaxt verdiyi vədə, bağladığı müqaviləyə əməl etmirdi. Toxtamışın Təbriz yürüşü də bunu sübut edirdi. O vaxt Qızıl Orda hökmdarı sülh müqaviləsi bağlamaqla Təbriz əhalisini aldatmış, öz vədini xaincəsinə pozmuşdu. Bütün bunlar I İbrahimi onunla ehtiyatlı olmağa məcbur edirdi.
Əmir Teymur isə əksinə, sözü bütöv və müdrik bir hökmdar idi. O, dostluğu qiymətləndirməyi də bacarırdı, xəyanəti cəzalandırmağı da. Ona inanmaq, etibar etmək olardı. Bu isə yalnız bir yolla mümkün idi: qüdrətli cahangirin etimadını qazanmaqla! Məhz bunları nəzərə alan I İbrahim Teymurla birləşmək üçün məqam gözləyirdi. Belə bir məqam 1386-cı ildə yetişir.
Həmin il Əmir Teymur Toxtamış xanın üzərinə yürüşə hazırlaşmaq məqsədilə Qarabağda ordugah salır. Teymurun ordusunun yolu Şirvandan keçəcəkdi. Bu xəbər Şirvana çatan kimi Şirvanşah I İbrahim Dərbəndi Məşvərət məclisini çağırır və əyanlardan məsləhət istəyir: necə etməli ki, Şirvan fatehin dağıntılarına məruz qalmasın? Müzakirə uzun çəkir. Çoxları belə hesab edirdi ki, I İbrahim ən yaxın ətrafı ilə birlikdə uzaq dağlara çəkilməlidir ki, Əmir Teymur Şirvanda dağıntılar törətsə də, Şirvanşaha bir xətər toxunmasın. Yaltaq əyanların ibarəli sözlərinə qulaq asa-asa İbrahim fikirləşirdi: "Yəni bu axmaqlar indiyə kimi məni tanımayıblar? Mənə tülkü kimi gizlənməyi təklif edirlər. Başa düşmürlər ki, Şirvana dəyən xətər mənə dəyir? Yox, mən tarixdə qorxaq Şirvanşah kimi qalmaq istəmirəm."
Hamını dinlədikdən sonra İbrahim ayağa qalxıb qəti səslə öz qərarını bildirir: "Doqquzluq hədiyyələr hazırlansın! Teymurun ayağı Şirvan torpağına dəyməmiş mən onunla görüşməliyəm". İbrahim hər şeyi ölçüb-biçmişdi. O bilirdi ki, Teymur ona lazım olduğu kimi, o da Teymura lazımdır, çünki İbrahimin Dərbənd qalasında minlərlə süvaridən ibarət ordusu vardı. Bu ordu Toxtamış xana qarşı mübarizədə Teymura böyük dəstək ola bilərdi. Odur ki, İbrahim böyük fatehlə görüşə inam və cəsarətlə gedirdi. Teymurun hüzurunda da Şirvan hökmdarı vüqarını sındırmır, öz ləyaqətini və mənliyini alçaltmır. İbrahimin səmimiyyəti, cəsarəti və uzaqgörənliyi Əmir Teymurun çox xoşuna gəlir. O, rəsmi olaraq I İbrahimi "Şirvan və Şamaxının hökmdarı" elan edir. Əmir Teymurla I İbrahim arasındakı hökmdar-vassal münasibətləri zaman keçdikcə dostluğa və müttəfiqliyə çevrilir.
1387-ci ildə Toxtamış Şirvana basqın edir. Fəqət bu dəfə I İbrahim Teymurun ordusunun köməyi ilə bu hücumun qarşısını alır. 1395-ci ildə isə Əmir Teymur Dərbəddən keçərək Toxtamışın üzərinə yürüş etdiyi zaman Şirvan qoşunları da bu yürüşdə iştirak edir. Müttəfiqlər Toxtamış üzərində böyük qələbə qazanır. Bundan sonra Teymurun Şirvandan Gürcüstana və Dərbənddən şimala olan bütün yürüşlərində I İbrahim də öz qoşunları ilə onu müşayiət edirdi. Şirvan hakimi hətta Teymurun 1399-1402-ci illərdə Osmanlı Soltanı İldırım Bəyazid üzərinə yürüşündə də I İbrahim iştirak etmişdi. O, Əmir Teymuru Suriya ərazisinə daxil olana qədər müşayiət etdikdən sonra geri qayıtmışdı.
Əmir Teymur ordugah yeri kimi həmişə Qarabağı seçərdi. Bu bir tərəfdən Qarabağın əlverişli təbii iqlim şəraiti ilə bağlı idisə də, digər tərəfdən də onun Şirvanşaha olan etmadından irəli gəlirdi. Çünki I İbrahim kimi sadiq bir müttəfiqin yaxınlığında olmaqla öz ordusunun ərzaq və digər vasitələrlə təchizində çətinlik çəkmirdi. Teymur da bu sədaqətin qarşısında borclu qalmırdı. Onun əmri ilə hələ monqollar tərəfindən dağıdılmış Beyləqan şəhəri bərpa edildi, Araz çayından arxlar qazıldı... Beləliklə, I İbrahim ancaq bahalı hədiyyələr vermək və düzgün hərbi siyasət yeritməklə heç bir bac ödəmədən Teymurun formal şəkildə vassalı, əslində isə müttəfiqi oldu.
1405-ci ildə Əmir Teymur vəfat edir. I İbrahimin uzaqgörənliyi özünü doğruldur. Qüdrətli cahangirin varisləri işğal olunmuş Azərbaycan torpaqlarında möhkəmlənə bilmir. I İbrahim varislər arasında başlanmış ara müharibələrindən istifadə edərək Teymurilərə qarşı yeni xətt tutur. Onun əsas məqsədi dövlətinin ərazisini genişləndirməklə bütün Azərbaycan torpaqlarını vahid bir dövlətdə birləşdirmək idi. Bu məqsəd siyasi nəticəsindən asılı olmayaraq çox nəcib bir məqsəd idi. I İbrahim Gəncəni, sonra isə Qarabağın çox hissəsini Şirvanşahlar dövlətinə birləşdirir. Bir sıra feodallar onunla ittifaqa girir. Bu hadisələr I İbrahimlə Teymurilər arasındakı münasibətləri düşmənçilik səviyyəsinə çatdırır. Teymurun nəvəsi Ömər Mirzə ilə Şirvanşahlar arasında 1406-cı ildə baş verən döyüş Şirvan ordusunun qələbəsi ilə nəticələnir. Həmin ilin yazında Təbrizdə Teymurilər əleyhinə güclü üsyan baş verir. Üsyana şəhərin baş vergiyığanı Şeyx Əxi Qəssab başçılıq edir. Əhali kömək üçün İbrahimə müraciət edir. İbrahim də dərhal öz qoşunları ilə Təbrizə doğru hərəkət edir. Təbriz əhalisi I İbrahimi xilaskar kimi çox təmtəraqla qarşılayır. Beləliklə, Şirvanşah I İbrahim tariximizdə dördüncü dəfə olaraq Bütün Azərbaycan torpaqlarını vahid dövlətə birləşdirməyə nail olur. Fəqət bu birləşmənin ömrü cəmi 2 ay çəkir. Cəlairi Soltan Əhmədin böyük ordu ilə Təbrizə yürüşü xəbərini "qanuni hökmdarın qayıtması" kimi qiymətləndirib Təbrizi tərk edir.
I İbrahim Dərbəndi diplomatik istedadı və hərbi bacarığı sayəsində hakimiyyətinin 35 ili ərzində Vətəninin müstəqilliyini nəinki qoruyub saxlayıb, hətta onun nüfuzunu möhkəmləndirərək ərazisini xeyli genişləndirib. O, mədəniyyəti çox sevər, mədəniyyət xadimlərini himayə edərdi. Tarixdən I İbrahimin hürufi ideyalarına rəğbət bəslədiyi barədə faktlar məlumdur. Hürufilik təlimi məhz onun dövründə Şirvanda geniş yayılıb, Naiminin bir çox ardıcılları yetişib. Türk dünyasının tanınmış şəxsiyyəti Şirvanşah I İbrahim Dərbəndi 15 sentyabr 1417-ci ildə vəfat edib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
professor